RU

Gəncə terroru: 4 oktyabr 2020-ci il TƏHLİL

Prezident İlham Əliyev: "Bu Cenevrə Konvensiyasına daban-dabana zidd olan bir hərəkətdir"

4 oktyabr 2020-ci il tarixində birinci dəfə OTR-21 TOÇKA ballistik raketindən Gəncə şəhəri birinci dəfə erməni terroristləri tərəfindən vuruldu. Onların hədəfləri mülki insanlar, yaşayış binaları oldu. Hücum nəticəsində bir nəfər öldü, 30 nəfər isə yaralandı. Bu raket hücumu müharibənin getdiyi ərazidən kənara edilən ilk ciddi hücum idi. Bu, yaşadığımız yüzillikdə bəşər sivilizasiyasının yüksək nöqtəsində baş verəmiş hadisədir. Terrorizm haqqında birmənalı tərif olmasa da, mütəxəssislərin əksəriyyətinin qənaətinə görə siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunmasıdır. Təbii ki, real həyatda terror aktlarından daha çox günahsız insanlar, dövlət adamları ziyan çəkir və siyasi, etnik, dini və s. zəmində yaranan terrorların şahidi oluruq. Tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqı terror aktlarının, vəhşiliklərin, soyqırımların acı nəticələrini yaşamışdır. Ermənistan tərəfindən etnik terrora məruz qalmış Azərbaycan xalqına qarşı törədilən əməllər insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir.

44 günlük Vətən müharibəsində xalqımız ermənilərin təcavüzkar siyasəti ilə bir daha üz-üzə qaldı. Vətən müharibəsində erməninin vəhşi simasını bir daha görmüş olduq. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük Vətən müharibəsində beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı, eyni zamanda, terrorçu dövlət olduğunu tam şəkildə sübuta yetirən yetərincə faktlar mövcuddur. Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını ortaya qoymuş oldu. Qocaya, cavana, uşağa qıyan erməni müharibə qanunlarını belə pozaraq çirkin niyyətləri ilə tarixən nəyə xidmət etdiklərini bir daha göstərdi. Neçə-neçə qurbanlarımız oldu. Bu erməni faşist ideologiyasıdır.

"GƏNCƏ ŞƏHƏRİ DÖYÜŞ BÖLGƏSİ DEYİL"

Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrinin birində Gəncə terroru ilə bağlı belə deyirdi: "Bəli, təbii ki, bu, Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir. Yəni, bu Cenevrə Konvensiyasına daban-dabana zidd olan bir hərəkətdir. Yəni, mülki əhalini, şəhərləri vurmaq qəbuledilməzdir. Gəncə şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərinin içərisində hər hansı bir top, tank yoxdur. Niyə bunu vurursan? Yəni, nifrətə görə. Azərbaycana, Türkiyəyə qarşı nifrət onların qanındadır. Əfsuslar olsun ki, Ermənistanın gənc nəsli də bu nifrət əsasında tərbiyə edilir. Ancaq bu, bizi yolumuzdan döndərə bilməz. Bilirsiniz, Tərtər şəhərini demək olar ki, dağıdıblar. Tərtər şəhərində bizim vətəndaşlar kişi kimi, mərd-mərdanə durublar. Deyiblər ki, öldü var, döndü yoxdur, torpağımızdan heç yerə getməyəcəyik. Nə qədər mərmi düşüb? Gün var idi ki, təkcə Tərtər şəhərinə iki min mərmi düşdü. O da balaca bir şəhərdir, böyük şəhər deyil."

Yaşadığımız tarix göstərir ki, erməni terrorlarının ölkəmizdə sayı-hesabı yoxdur. 2020-ci ilin oktyabr ayında Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanıb. Bombalanmalar 2020-ci il Vətən müharibəsi dövründə baş vermişdir. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş vermişdir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər şəhid olmuş, 55 nəfər isə yaralanmışdır. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir.

"ERMƏNİSTANIN BU ÇİRKİN SİYASƏTİ ANLAŞILANDIR"

Bu terror aktları qəddar, faşist xislətli əməllərdir ki, xalqımız bunu yaşayıb. Vətən müharibəsi zamanı düşmənin xain atəşi nəticəsində təkcə Tərtərdə ümumilikdə 16 mülki şəxs qətlə yetirilib, 63 nəfər yaralanmışdır. Müharibə zamanı, həmçinin Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılmışdı. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəymişdir.

Mülki əhaliyə atəş açmaq isə bütün beynəlxalq konvensiyalarla qadağan olunur və yolverilməzdir. Ona görə də, Ermənistanın beynəlxalq qurumlar qarşısında cavab verməlidir. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünyanın, dünya KİV-lərinin döyüş meydanında iştirak etdiyi bir zamanda baş verdi.

Moskvada imzalanan humanitar atəşkəs rejimindən sonra Ermənistan silahlı qüvvələrinin qədim Gəncəni raket atəşinə tutması nəticəsində mülki obyektlərə və yaşayış məhəllələrinə aramsız atəşlər yağdırıldı. Çoxlu dağıntılar oldu, insanlar həlak oldu, yaralandı. Onların arasında uşaqlar və qadınlar da var idi.

"ƏLİYALIN İNSANLARA QARŞI QƏDDARLIQ GÖSTƏRMƏK ONLAR ÜÇÜN ADİ BİR ŞEYDİR"

Gəncədə mülki insanların məskunlaşdığı əraziyə raket hücumu bir daha Ermənistanın günahsız insanları, uşaqları, qadınları hədəfə alaraq ardıcıl olaraq bu cür çirkin hücumlara əl atması onun faşizm xislətini və cinayətkar mahiyyətini bir daha sərgiləyirdi. Ermənistanın mülki obyektlərə və yaşayış evlərinə raket hücumu beynəlxalq sənədlərə ziddir və Ermənistan bu hərəkətə görə cavab verməlidir. Gəncədə yaşanılan matəm erməni təcavüzkarlığının əsl siması idi. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibə verərkən bildirmişdir ki, Ermənistanın bu çirkin siyasəti anlaşılandır: "Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür."

Gəncədə törədilən terror aktı daş yaddaşımıza həkk olunub. Gecə insanların evlərində yatdığı zaman raket atəşi nəticəsində dağılan yaşayış massivi və raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları hər zaman kino lenti kimi göz önündən keçir. Qanlı gecədə sakinlərin həyatını itirməsi, erməni terroristlərinin dinc əhaliyə qarşı törətdikləri cinayətlər sənədlərin dili ilə hər zaman danışır. Yatmış insanlara qarşı törədilən terror insanlıq əleyhinə olan cinayətdir. Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, bu, Ermənistanın növbəti terror aktıdır: "Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Biz düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacağıq, daha əzmlə, iradə ilə öz torpaqlarımızı azad edəcəyik və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracağıq".

İşğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmuşdur.

Azərbaycan 44 günlük Vətən müharibəsində uğurlu döyüş əməliyyatı apardı və tarixi ədalət bərpa olundu. Təcavüzkar ermənilərin çirkin siyasətləri iflasa uğradı. Dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə Azərbaycan QALİB oldu. 30 illik bir həsrətə son qoyuldu və tarixi torpaqlarımız işğaldan azad olundu. Azərbaycan bu gün işğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işlərinə start verib və genişmiqyaslı layihələr icra olunur.

Zümrüd BAYRAMOVA

Избранный
21
sesqazeti.az

1Источники