RU

Suqovuşan – qalibiyyətimizin açarı

Suqovuşan

Bakı, 3 oktyabr, AZƏRTAC

Xalqın da, dövlətin də varlığı azadlıq və dirilik adlanan nemətdə görünən və dərk olunan dəyər ölçüsünə bağlıdır. Azərbaycan dörd ildir ki, öz tərcümeyi-halında bu ölçünün hər iki miqyasını ehtiva etməkdədir. Azadlığını qazanmış, ərazi bütövlüyünü bərpa etmiş ölkəmizdə quruculuq proseslərinə start verilib. Təbiət və tarixlə həmmüəllifliyin, irsi qırılmazlığın əsas əlamətlərindən biri də budur: gələcək nəslə abad olan, yaşayan, dirçələn, tərəqqi edən bir Vətən ərməğan etmək.

Azərbaycan dövləti torpaqlarını işğaldan azad etdikdən sonra çox sürətlə infrastruktur layihələrinin icrasına başladı. Bir tərəfdə düşmənin basdırdığı minalar təmizlənməyə başlanıldı, digər tərəfdən infrastruktur layihələr reallaşdırıldı. Belə layihələrin sürətlə həllini tapdığı məkanlardan biri də Suqovuşan oldu. Dövlətimizin başçısının təbrik üçün məhz Suqovuşanı - bu tarixi məkanı seçməsi də rəmzi xarakter daşıyırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. “Suqovuşan bizim üçün təkcə dirilik deyil, həm də qalibiyyət rəmzidir. Onun azad edilməsi Azərbaycan Ordusuna bir sıra üstünlüklər qazandırıb. Azərbaycan Qarabağın açarını Suqovuşanı işğaldan azad etməklə əldə etmişdir. Bununla da düşmənin əsas təminat yolları, eləcə də digər strateji istiqamətlər Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Bu hadisə Azərbaycan Ordusuna, xalqımıza əlavə mənəvi güc vermiş və bu güc sonrakı bütün qələbə xəbərlərinin əsas stimuluna, qaynağına çevrilmişdir”, - deyə o əlavə edib.

Deputat vurğulayıb ki, Suqovuşan qəsəbəsindəki su anbarı yüzlərlə hektar torpağın suvarılmasını təmin edəcək, aqrar sektorun inkişafı üçün yeni perspektivlər açılacaq. Vaxtilə bu su anbarı Sərsəng su anbarı ilə bərabər 1976-cı ildə inşa edilib. Qəsəbə azad edildikdən sonra “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyaları bərpa olundu, digər infrastruktur layihələri həyata keçirildi. Təbii ki, işlər davam edəcək və ən yüksək səviyyədə yeni anlam və düzən qazanacaq. Elə ölkə rəhbərinin 2022-ci ildə Novruz tonqalını Suqovuşanda yandırması da bundan xəbər verirdi. Bu torpaqdan axan sular gülüstanlar yaradacaq, quru torpaqlarımız yaşıllanacaq, gücün, sevginin rəmzi olaraq dirçəlib abad olacaq. Bu abadlıq işğaldan azad edilmiş bütün torpaqlarımızı əhatə edəcək.

“Hər şey yerini alacaq. Dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, əzəlkindən də abad olacaq. Keçmiş məcburi köçkünlər doğma yurdlarında ən müasir evlərdə yaşayacaqlar. Dövlətimizin başçısının gələcəyə hədəflənmiş amalı hər gün buna daha çox inandırır və o günü daha yaxın edir”, - deyə E.Akimova fikrini yekunlaşdırıb.

Избранный
20
azertag.az

1Источники