RU

Azərbaycan klubunun üzləşdiyi 100 minlik problem 1 günlük həll olundu - Xaricilərə görə

Bu gün Konfrans Liqasının Liqa mərhələsinin bir oyunu Sumqayıtda keçiriləcək.

Minsk “Dinamo”su saat 20:45-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Şotlandiya təmsilçisi “Harts”ı qəbul edəcək.

Sözügedən arenada isti su probleminin olması ilə bağlı xəbər vermişdik. “Sumqayıt”ın oyunlarından sonra həm ev sahibi, həm də rəqib komandanın futbolçuları, hakimlər hamamdan istifadə edə bilməyib.

Odur ki, AFFA İntizam Komitəsi artıq 3 dəfə “kimyaçılar”ı 500 manat məbləğində cərimələyib.

Stadionda qaz problemi qismən həllini tapıb. "Sumqayıt"ın mətbuat katibi Zaur Xudiyev artıq qazanxananın işə düşdüyünü söyləyib:

“Qaz problemi həll olunub. Artıq qaz olduğu üçün isti su problemi də yoluna qoyulub.

Bizdə əsas çətinlik qazla bağlı idi. Artıq qazanxana da işə düşüb.

“Dnamo” - "Harts" oyunu üçün problem olmayacaq. Dəqiq olan odur ki, bu oyunda isti su problemi yaşanmayacaq.

Bundan sonra necə olacağı isə daha sonra bilinəcək”.

“Mehdi Hüseynzadə”nin hazırda “Azəriqaz”a 100 min manatdan çox borcu var. “Sumqayıt” bu borcun komandanın oyunlarını bu stadionda keçirməsindən əvvəl yarandığını bildirir.

Aylardan bəri davam edən problemin yerli-dibli həllindən danışmağa dəyməz. Hər şeyi belə sadə görməyin.

Arenaya qaz nəqlinin bərpası Gənclər və İdman Nazirliyi, AFFA və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə fəaliyyəti nəticəsində mümkün olub.

Hər üç qurum ”Azəriqaz”la müraciət edib və danışıqların yekunu olaraq belə bir razılıq alınıb.

”Azəriqaz” bunun beynəlxalq statuslu oyun olmasını, problemin üzə çıxacağı halda Avropa mediasının diqqətinin bura yönələcəyini nəzərə alaraq, güzəştə gedib.

Başqa sözlə, sabahdan etibarən stadionda yenə qaz olmayacaq.

SPORTİNFO.AZ

Избранный
8
sportinfo.az

1Источники