RU

“Qırmızı tabor”dan deportasiyaya uzanan yol

“Qırmızı

Gəncə, 3 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

XIX əsrdə Çar Rusiyası tərəfindən Türkiyə və İran ərazisindən ermənilərin Cənubi Qafqaza köçürülməsindən sonra Qərbi Azərbaycanda soydaşlarımızın mərhələ-mərhələ gerçəkləşdirilən deportasiyası tarixin qara səhifələrindən birinə çevrilib. 1918–1920-ci, 1948–1953-cü, nəhayət 1987–1991-ci illərdə azərbaycanlılar min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq, kütləvi qətl və qırğınlara məruz qalıblar, xalqımıza məxsus çoxsaylı tarixi-mədəni abidələr və yaşayış məskənləri məhv edilib. Bu dövrlərdə qəhrəman, şücaətli Azərbaycan oğulları erməni daşnakların haqsızlıqlarına sinə gərərək, el qoruyub, can qurtarıb, zülmə qarşı çıxıblar. Belə igid bahadırlardan biri də adı dillərə dastan, özü bədii və ekran əsərlərinə qəhrəman olan Abbasqulu bəy Şadlinskidir. El içində söz və nüfuz sahibi olan Şadlinski Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur kimi ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımları törətdiyi bir vaxtda, 1918-ci ildə Vedibasar bölgəsində xalq könüllülərindən, özü kimi ürəkli, mərd, qorxmaz igidlərdən ibarət partizan birləşməsi olan “Qırmızı tabor”u yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri ilə həmsöhbət olan Gəncə Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, pedaqoqika üzrə fəlsəfə doktoru Sabirə Bayramova deyir ki, babası Orucov Bayram Həbib oğlu da erməni-daşnak quldur dəstələrinə qarşı mübarizə aparan “Qırmızı tabor”un fəal üzvlərindən idi: “Babam xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin dəstəsinə 18 yaşında qoşulub. Mahir ovçu, atıcı, gözdən, əldən zirək biri olub. Tez bir zamanda "Qırmızı tabor"da özünə hörmət qazanıb. Zəhra nənəm danışardı ki, Şadlinski və onun dəstəsinin adı gələndə erməniləri əməlli-başlı vahimə basarmış. Gözünü qorxu alan ermənilər deyirlərmiş ki, Abbasqulu bəyi görəndə sanki gözə bir deyil, bir neçə adam görünür. Onun igidləri də özü kimi sözübütöv, nüfuzlu, cəsarətlə vuruşan oğullar olublar”.

1918-1921-ci illərdə "Qırmızı tabor"çuların daşnaklara qarşı döyüşlərdə göstərdikləri igidlik və şücaət həm tarixə, həm də insanların xatirəsinə köçüb. Bu azərbaycanlı oğullar erməni zülmü ilə üz-üzə gələn neçə-neçə ailəni, əliyalın insanları, qadınları, uşaqları xilas ediblər. Ermənilərin ikiüzlülüyünün, fitnəkarlılığının, vəhşiliyinin, nankorluğunun şahidi olan dəstə üzvləri onlara qarşı mübarizə aparıb, döyüşlərin hamısından qalib çıxmağı bacarıblar.

“Babam "Qırmızı tabor"un keçdiyi bütün yollarda öz döyüş yoldaşları ilə birlikdə olub. Vedibasarın müdafiəsini Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi dəstə həyata keçiribsə, dağlıq kəndlərin erməni təcavüzündən müdafiəsində qohumluq əlaqələrimizin olduğu Kərbəlayı İsmayılın igidləri mühüm rol oynayıb. Bu oğullar olmasaydı, görün qırğınlar nə həddə çatardı?”, - deyə Sabirə xanım bildirir. Onun sözlərinə görə, Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi “Qırmızı tabor”un, həmin dəstədə babasının xidmətlərindən kitab hazırlamaq niyyətindədir.

“Ömrünün gənclik illərində silahdaşları ilə çətin, ancaq şərəfli dövr yaşayan babam Vedidə hörmətli insanlardan olub. Kolxoz sədri, kənd soveti sədri kimi bir sıra məsul vəzifələrdə də çalışıb. Nənəm deyərdi ki, o vaxt Vedi rayonunda, o cümlədən yaşadıqları rayon mərkəzi Böyük Vedidə azərbaycanlılar çox idi, ermənilər azlıq təşkil edirdi. Azərbaycanlılar da mədəni həyat tərzi sürüblər. O vaxt azərbaycanlı ailələrdə kitabxanalar olub, oxumağa, savada, biliyə, mütaliəyə maraq göstərilib. Bununla yanaşı, insanlar əkin-biçin sahələrinə də sahib olublar. Saf təbiətə malik Vedidə unu, yağı, südü, bir sözlə, yedikləri hər şeyi özləri hazırlayıblar. Ehtiyaclarından artıq olanları da qonum-qonşu ilə bölüblər”, - deyən müsahibim erməni riyakarlığından, vəhşiliyindən elə nənəsinin, atasının danışdıqları əsasında hələ uşaqlıqdan xəbərdar olduğunu da dilə gətirir: “Babamgil 1948-ci ildə deportasiya olunan qərbi azərbaycanlılardandır. Nənəm danışardı ki, ermənilər Vedidə yerli əhaliyə elə də qaynayıb, qarışmırdılar. Üzə gülsələr də, imkan düşən kimi öz məkrlərini göstərirdilər. Bu da nəticəsini 1948-1953-cü illərdə bir daha göstərdi. 200-dən artıq yaşayış məntəqəsindən rəsmi köçürülən azərbaycanlılarla yanaşı, qeyri-rəsmi şəkildə evlərini tərk etməyə, Azərbaycana köçməyə məcbur olan insanların sayı minlərlə olub”.

Atasından eşitdiklərini ürək yanğısı ilə danışan Sabirə xanım sözlərinə davam edərək deyir: Deportasiyadan sonra orada yaşayan əhalinin azalmasını bəhanə edərək, müəyyən vəzifələr tutan azərbaycanlı kadrların ermənilərlə əvəz edilməsinə başlanıldı. O zaman camaatı vaqonlara doldurub, necə gəldi yol salırlarmış. Kolxozdakı mal da yağmalanırmış, evlər-eşiklər də. Nişanlı bibimin toyunun olacağı gün deportasiyaya məruz qalan qohumlarım ikiqat əzab yaşayıblar. Qaçhaqaç-qovhaqovda bibimin nişanlısına “Necə edirsənsə et, bu qızı götür apar, sağ qurtar” deyiblər. Onlar Beyləqan rayonuna üz tutublar. Babam isə hamilə nənəm və 7 uşağı ilə Samuxun Kolayır kəndinə gəlib çıxıb. Babam heç cür bu dərdlə barışma bilməyib, 55 yaşında dünyasını dəyişib. Atam Sabir Orucov doğma Qərbi Azərbaycanımızdan 7 yaşında ayrı düşüb. Erməni quldurların hamilə qadınların belinə qaynar samovarlar bağlaması, qoca-uşaq demədən günahsız insanlara zülm verməsi, onların canlarını almaq, sağ qalanları da yurdundan qovmaq üçün əllərindən gələni etməsi onun uşaq ikən yaddaşına yazılıb. Hər dəfə danışanda deyirdi ki, doğma yurdumuzu, bu hadisələri unutmayaq”.

Sabirə Bayramova bildirir ki, indi bütün övladları ata vəsiyyətini yerinə yetirirlər. Vətən sevgisi, o torpaqlar unudulmur, tariximiz gənclərə də aşılanır. “Qərbi Azərbaycan dədə-baba torpağımızdır, əcdadımızın məskənidir və biz azərbaycanlılar ana yurda qayıtmalıyıq. Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışı zamanı azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına inam, əminlik ifadə etməsi bizi daha da ruhlandırır. Bilirik ki, bu qayıdış dövlətimizin siyasi və strateji hədəfidir və biz tədricən bu hədəfə yaxınlaşırıq”, - deyə o əlavə edib.

 

 

Избранный
5
azertag.az

1Источники