RU

Naxçıvanda qoyulan təməl...

15 il öncə Azərbaycanın təşəbbüsü ilə yaradılan TDT müasir beynəlxalq siyasi sistemin aparıcı liderlərindəndir

Qlobal intqerasiya prosesinin ən aparıcı predmetlərindən sayılan milli kimliyə, etnik kökə bağlı funksional birliklərin inkişaf perspektivi olduqca böyükdür. Tarixə nəzər saldıqda bunun nümunələrini də görmək olar - hətta, bu kimi birliklər daxili iqtisadi gücün təmərküzləşməsi, hərbi müdafiə refleksinin artması, nəqliyyat imkanlarının genişləndirilməsi və ən əsası beynəlxalq ticari şəbəkənin mühüm bir hissəsinə çevrilmə şanslarını bir neçə dəfə artırır.

Bu mənada son bir neçə ildə beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutan, regional müstəvidə aparıcı siyasi-iqtisadi aktor və vahid milli güc kimi tanınan Türk Dövlətləri Təşkilatı (TDT) müasir siyasi proseslərin önünə çıxmağı bacarıb.  Dünya miqyasında ən önəmli geostrateji və geocoğrafi məkanlardan biri kimi tanınan və qəbul olunan Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya regionunun əlaqələndirilmiş siyasi-iqtisadi planları TDT-nin inkişafına xüsusi dəstək verməkdədir. Xüsusi ilə, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərindən sonra bölgədə formalaşan yeni reallıqlar mühüm ticari çağırışları aktuallaşdırıb - bu fonda TDT-nin cəlbediciliyi daha parlaq şəkildə diqqəti cəlb edir.

Mühüm prioritetilərə istiqamətlənən hədəflər...

Qeyd edildiyi kimi, artıq geniş funksional strukturlaşmaya malik olan TDT-nin yaranmasında, inkişafında və regional aktora çevrilməsində Azərbaycanın təşəbbüsü, səyi və qətiyyəti danılmazdır. 2021-ci ilə qədər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanan təşkilatın fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Bu təşkilat 15 il öncə - türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində  Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Təşkilatın yaranmasında əsas məqsəd üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsidir. Eləcə də TDƏŞ-ə üzv dövlətlər ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi və hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yaxın əməkdaşlığa malikdirlər.

Milli kimliyə söykənən inteqrasiya...

Qeyd edildiyi kimi, müasir TDT Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə ovaxtkı TDƏŞ-ə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdu. 2021-ci ilin noyabrın 12-də Türkiyənin İstanbul şəhərində baş tutan sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsinə qərar verilib. Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstan və Türkmənistan isə qurumda müşahidəçi dövlət statusunda çıxış edirlər. Üzv ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanır və TDT-nin çağırışları, regional predmetlər, real siyasi vəziyyət müzakirə olunur. 2009-cu ildən bəri Zirvə görüşlərinin dördü Azərbaycanda (builki qeyri-rəsmi Şuşa zirvəsi də daxil olmaqla), dördü Türkiyədə, üçü Qazaxıstanda, ikisi Qırğızıstanda, biri isə Özbəkistanda keçirilib.

Qısa zamanda özünü iqtisadi-siyasi konsepsiyası, ideoloji əsasları olan və ən əsası suveren, milli mənafeyə söykənən prinsiplərə malik təşkilat kimi sübut etməyi bacaran Türk Dövlətləri Təşkilatının əldə etdiyi uğurlar saymaqla bitməz. Bu inkişaf tendensiyasında maddi nailiyyətlərdən daha çox mənəvi nailiyyətlər göz oxşayır - vahid Türk dünyası ailəsi prinsiplərinin inkişaf etdirilməsi, qarşılıqlı maraqların qorunması üçün gücün və imkanların səfərbər olunması, fərqli cəhətlərin və ya coğrafyaların oturuşmuş siyasi birliklərinə qarşı bütün aspektlərdə müqavimətin yaradılması kimi prioritet hədəflər TDT-nin ali qurum statusunu daha da möhkəmləndirir.

TDT-nin yeni inkişaf mərhələsi - Qarabağ Bəyannaməsi

TDT-nin sonuncu Şuşa Zirvəsi isə xüsusilə yaddaqalan oldu - 30 ildən sonra düşmən işğalından azad edilmiş tarixi mədəniyyət paytaxtımız Türk qardaşlığının növbəti rəsmi məkanı kimi yadda qaldı - 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında rəsmi müttəfiqliklə bağlı imzalanan Şuşa Bəyannaməsi 2024-cü ildə 5 Türkdilli dövlət tərəfindən imzalanan Qarabağ Bəyannaməsi ilə daha da irəliyə yol aldı. Sənəd Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu bir daha ortaya qoydu. Bəyannamədə Türk xalqlarının qitə miqyasında töhfələri, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rol ən yüksək şəkildə dəyərləndirilir. Sənəddə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi qeyd edilir. Bundan başqa, Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyi ortaya qoyulur. Paralel olaraq bəyannamədə üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyətin davam etdirilməsi niyyətləri bir daha vurğulanır və bu xüsusda lazımi tədbirlərin görülməsi üçün üzv dövlətlərin aidiyyəti qurumlarına tapşırıq verilməsi əksini tapır. Eyni zamanda, sənəddə Macarıstanın, Türkmənistanın və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində TDT-yə dəyərli töhfələri alqışlanır, Türk Dövlətlərinin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) və Türk İnvestisiya Fondu (TİF) kimi türk əməkdaşlıq təşkilatları arasında davamlı əməkdaşlıq və artan sinerji təqdir edilir. Qeyd edək ki, 2024-cü il oktyabrın 24-də baş tutacaq TDT-nin 11-ci Zirvə görüşü Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.

Gələcək perspektiv: TDT-nin real imkanları və güclü potensialı...

Bəli, günümüzün reallığında dünyanı ağuşuna almış kataklizmlər istər bölgəsəl, istərsə də qlobal nəticələrə hesablanan qarşıdurmalardan “bəhrələnir”. Bu mənada ölkələrin bütövlükdə qlobal proseslərə ümumi baxış bucağının forrmalaşdırılması ən vacib məqamlardandır. Eyni zamanda, yeni dövrdə effektivliyi və çevikliyi artırmaq, ümumi immun sistemini formalaşdırmaq və inkişaf etdirmək də əsas müzakirə predmetlərindən sayılır - bu mənada, fərdi yanaşmalarla yanaşı, kollektiv səylərin gücləndirilməsi TDT üçün mühüm üfiqlər vəd edir. TDT-nin qarşıdakı dövr ərzində strukturlaşma mexnizmində çevikliyin artırılması, fərqli sahələr üzrə strukturlaşmanın daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi, yeniliklərə əl atılması istisna deyil - belə olacağı təqdirdə, yeni dövr üçün TDT özünün hərtərəfli reaksiya qabiliyyətini daha da gücləndirmək imkanlarına malik olacaq.

Paralel olaraq əməkdaşlığın hərbi müdafiə sahəsi üzrə inkişaf etdirilməsi təşkilatın imkanlarını genişləndirməklə yanaşı, inteqrasiyanı daha da sürətləndirə bilər. Hazırda bölgə dövlətlərinin əksəriyyətinin fərqli regional hərbi bloklarda təmsil olunması da buna mane olmaz - bu mənada, TDT formatında həm NATO, həm də KTMT üzvü olan dövlətlər, Azərbaycanın timsalında Qoşulmama Hərəkatına uğurla liderlik etmiş ölkə təmsil olunur. Təbii ki, bu ümumi prosesə mane olacaq deyil, əksinə, daha da təkan verəcək stimul sayılılr. Xatırlayırıqsa, təşkilatın mülki müdafiə sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı uzun müddət idi ki, aktiv müzakirələr aparılırdı və bu, qarşıdakı dövr üçün yeni inteqrasiya sahələrini də aktlallaşdırmaq imkanındadır. Təbii ki, ortada mühüm bir nümunə mövcuddur - Azərbaycan ilə Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” yeni dövr üçün TDT-nin hərbi əməkdaşlıq, müdafiə sahəsində tərəfdaşlıq doktrinası rolunda çıxış edə bilər.

Pərviz SADAYOĞLU

Избранный
29
yeniazerbaycan.com

1Источники