RU

Regionlarda siniflər birləşdirilir: müəllim çatışmazlığı və şagird azlığı

Azərbaycanda bir sıra məktəblərin komplektləşdirilməsi həyata keçirilir. Şəhər məktəblərində paralel siniflər birləşdirilsə də, ucqar rayonların bəzilərində 1-ci və 3-cü siniflər birləşdirilir. Bununla bağlı müxtəlif narazılıqlar mövcuddur. Siniflərin birləşdirilməsi şagirdlər üçün çətinlik yaradır, müəllimlərin dərs saatlarının azalmasına səbəb olur.

 

Modern.az-a danışan elm və təhsil eksperti Kamran Əsədov bildirib ki, siniflərin kompleksləşdirilməsi (yəni paralel və ya müxtəlif siniflərin birləşdirilməsi) xüsusilə ucqar rayonlarda bir neçə səbəbə görə həyata keçirilir və bunun təhsilə təsiri müxtəlif formalarda özünü göstərir.

 

Ekspert qeyd edib ki, siniflərin birləşdirilməsinin ilk səbəbi şagird sayının azlığıdır: "Ucqar rayon və kəndlərdə şagird sayı az olur ki, bu da tam sinifləri təşkil etməyi çətinləşdirir. Nəticədə eyni müəllim bir neçə sinfi birləşdirərək tədris aparmağa məcbur olur. Bu, xüsusilə azyaşlıların məktəbə getmək imkanlarının məhdud olduğu ərazilərdə daha çox müşahidə olunur. Regionlarda müəllim çatışmazlığı da ciddi problemdir. Gənc müəllimlər daha çox şəhərlərdə və mərkəzi ərazilərdə işləməyə üstünlük verirlər. Müəllim çatışmazlığı səbəbindən təhsil orqanları mövcud müəllim resurslarını optimallaşdırmaq üçün siniflərin birləşdirilməsinə müraciət edirlər.

 

Kamran Əsədovun sözlərinə görə, əyalət məktəblərində təhsilin təşkilində maliyyə çətinlikləri də rol oynayır: "Şagird sayı az olan siniflər üçün müəllimlərin işə cəlb edilməsi və infrastruktura investisiya qoyuluşu büdcəyə daha çox yük gətirir. Bu səbəbdən siniflərin birləşdirilməsi ixtisarlara gətirib çıxarır və xərcləri azaldır. Təhsil sahəsində aparılan struktur dəyişikliklər, o cümlədən təhsilin daha effektiv idarə edilməsi məqsədilə siniflərin optimallaşdırılması siyasəti də bu prosesə təsir edir”.

 

 

Ekspert vurğulayıb ki, eyni müəllim tərəfindən müxtəlif yaş qruplarına dərs deyilməsi, fərdi yanaşma imkanlarını məhdudlaşdırır.

 

"Xüsusən də 1-ci və 3-cü sinif şagirdlərinin ehtiyacları tamamilə fərqlidir, belə ki, onların təhsil səviyyəsi, öyrənmə sürəti və bacarıqları müxtəlifdir. Bu, hər iki sinfin effektiv təhsil almasını çətinləşdirir. Müəllimlərin birdən çox sinfi idarə etməsi tədris keyfiyyətini aşağı sala bilər. Müəllim hər sinif üçün yetərli zaman ayıra bilmədiyi üçün, şagirdlərin təlim ehtiyacları lazımi səviyyədə təmin edilmir. Bir müəllimin müxtəlif siniflərə dərs deməsi onun iş yükünü artırır, bu da tükənməyə (burnout) və motivasiyanın azalmasına gətirib çıxara bilər. Müəllimlər həm akademik, həm də emosional dəstəyi tələb edən müxtəlif yaşlı şagirdlərlə işləməkdə çətinlik çəkə bilərlər”, - o deyib.

 

Müsahibimiz deyir ki, paralel siniflərin birləşdirilməsi yalnız tələbata uyğun olaraq və keyfiyyəti qorumaq şərtilə həyata keçirilməlidir.

 

"Şəhər məktəblərində bu proses düzgün idarə olunduqda, böyük bir problem yaratmaya bilər, lakin ucqar yerlərdə daha incə yanaşma tələb olunur. Alternativ olaraq, məktəblərarası əməkdaşlıq və resursların bölüşdürülməsi mexanizmləri tətbiq edilə bilər. Regionlarda müəllim çatışmazlığının aradan qaldırılması üçün stimullaşdırıcı proqramlar həyata keçirilməlidir. Bu, daha yüksək əmək haqqı, yaşayış yerlərinin təmin edilməsi və əlavə sosial yardımları əhatə edə bilər. Gənc müəllimlərin ucqar rayonlarda işə cəlb olunması onların karyera inkişafına dəstək verə bilər.

 

Siniflər birləşdirildikdə, tədris prosesi daha çevik və rəqəmsal resurslarla zənginləşdirilə bilər. Onlayn dərslər, interaktiv tədris proqramları və digər texnologiyalar bu yükü azaltmağa kömək edə bilər. Müəllimlərin peşəkar inkişafına diqqət yetirərək, onları yeni tədris metodları ilə təchiz etmək vacibdir. Müəllimlərin iş yükünü yüngülləşdirmək üçün əlavə dərs vəsaitləri, təlimçilər və ya köməkçi müəllimlər təyin oluna bilər. Bu, xüsusilə aşağı siniflər üçün tədris keyfiyyətini yaxşılaşdırar və hər sinfə daha çox diqqət ayrılmasını təmin edər.

 

Nəticə etibarilə, siniflərin kompleksləşdirilməsi qısamüddətli bir həll yolu kimi görünsə də, təhsilin keyfiyyətinə uzunmüddətli təsirlərini nəzərə almaq vacibdir. Təhsil siyasətində hər bir bölgənin spesifik şəraiti nəzərə alınmalıdır, belə ki, bu yanaşmanın düzgün tətbiqi üçün daha sistemli və resurslara əsaslanan tədbirlər görülməlidir”.

Избранный
8
modern.az

1Источники