RU

Qərbi Azərbaycan mühacir hökuməti yaradaqmı - bir sorğunun üzə çıxardığı reallıq

Regional təhlükəsizlikdən, normal qonşuluqdan, sülhdən, dinc birgəyaşayışdan danışılanda diqqətlər həm də Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın dədə-baba torpaqlarında yaşamaq haqqına yönəlir. Azərbaycan Prezidenti İlham Əliyev bu mövzuda danışarkən bəyan edib ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında söyləyib.

Dövlət başçısı XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalar haqqında danışıb.

“1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”.

Bu arada Sosial Tədqiqatlar Mərkəzi Qərbi Azərbaycan mühacir hökumətinin yaradılması barədə ictimai münasibəti öyrənmək məqsədilə rəy sorğusu keçirib. Nəticələrə əsasən, respondentlərin əksəriyyəti qərbi azərbaycanlıların könüllü və ləyaqətli qaydada öz torpaqlarına qayıtması üçün Qərbi Azərbaycan mühacir hökumətinin yaradılmasını dəstəkləyir.

Belə ki, “Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasını dəstəkləyirsinizmi?” sualına respondentlərin 85.5%-i “bəli, dəstəkləyirəm”, 4,4%-i “xeyr, dəstəkləmirəm” cavabını verib. Sorğuda iştirak edənlərin 10,1%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Qərbi Azərbaycan mühacir hökuməti yaradaqmı? Bu sorğunun üzə çıxardığı reallıqlar nədən ibarətdir? Bu prosesi necə həyata keçirək ki, hansısa ciddi nəticələrə nail ola bilək?

Mürvət

 Mürvət Həsənli

Qərbi Azərbaycan İcmasının qurucularından biri, qurumun Qəyyumlar Şurasının sədri Mürvət Həsənli tezliklə mühacir hökumətinin yaradılacağına inanır: “Cənab Prezidentin Qərbi Azərbaycan İcması qarşısında qoyduğu hədəf və məqsədlər var. Ali Baş Komandanımız çıxışlarında tez-tez bunu da vurğulayır, önə çəkir. 2022-ci il dekabrın 24-də bizimlə olan görüşdə çıxışı zamanı dövlət başçısı bir "Yol xəritəsi" verdi. O cümlədən sentyabrın 24-də Aşıq Ələsgərin heykəlinin açılışında söylədiyi fikirlər bizlər üçün daha bir “Yol xəritəsi” oldu. Biz ölkə başçısının qoyduğu hədəflərə doğru gedirik. Hər bir qərbi azərbaycanlı öz doğulduğu yerdə yaşamaq istəyir. Təbii ki, indiki yaşadığımız yerlər də Azərbaycandır, bizlərin hər biri üçün doğmadır. Amma insanın dünyaya göz açdığı torpaqların həsrətini çəkməsi başqa hissdir. Ata-babalarımızın ruhu dolaşan məmləkətimizi görmək ümidimizi heç zaman kəsməmişik. Vətənimizdə öz gələcəyimizi qurmaq, yaşamaq istəyirik. Bilirsiniz ki, bununla bağlı da bizdə uzunmüddətli qayıdış konsepsiyası hazırlanıb. Həmin konsepsiyada bizim məqsədimiz sülh şəraitində şərəflə öz yerlərimizə qayıtmaqdır. Bununla bağlı da Cənab Prezident çıxışlarında dedi ki, xarici ölkələrdə, xarici səfirliklərdə, dövlət başçıları ilə görüşlərdə, beynəlxalq təşkilatlarda bu məsələ daim önə çəkilir. Düşünürəm ki, biz yaxın zamanlarda mühacir hökumətini yaratmalıyıq. Bu, sistemli şəkildə gələcəyimizi qurmaq üçün çox vacib şərtlərdən biridir. Yəqin ki, yaxın zamanlarda qarşımıza qoyduğumuz məqsədlərə çatacağıq. Buna çox ümid edirik və inanırıq. Çünki cənab Prezident nəyi nə zaman edəcəyini çox yaxşı bilir. İndi qarşımızda duran öncəliklə Zəngəzur dəhlizi məsələsidir. Fikrimcə, yaxın zamanda bu baş tutacaq. Sonra isə Göyçə mahalı və digər ərazilərdə əhalimiz məskunlaşmağa başlayacaq. Biz həqiqətən də buna çox ürəkdən inanırıq. Cənab Prezidentin söylədiyi kimi, bizlər Aşıq Ələsgərin doğulduğu Ağkilsə kəndində onun böyük heykəlini ucaldacağıq. Ali Baş Komandanımız da orada böyük bir məruzə edəcək. Bunlar biz qərbi azərbaycanlıların ən böyük arzusudur".

Sona

Sona Əliyeva

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, ölkə başçısı İlham Əliyevin görkəmli el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında səsləndirdiyi fikirlər hazırda Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindəndir: “Dövlət rəhbəri 2020-ci ilin Vətən savaşından bu yana müxtəlif zamanlarda verdiyi açıqlamasında Qərbi Azərbaycan məsələsini dilə gətirib.

Prezident müxtəlif platformalarda bildirib ki, Qərbi Azərbaycandan, öz tarixi ərazilərindən qovulan azərbaycanlılar öz ata-baba yurdlarına qayıdacaqlar. Əvvəllər biz Qərbi Azərbaycana tanklarla yox, şəxsi avtomobillərlə qayıdacağımızı düşünürdük. İndi vəziyyət dəyişir. Qərb koalisiyası Ermənistanı sürətlə silahlandırmaqdadır. Bir sözlə, Qərb İrəvanı Bakı ilə yeni müharibəyə sürükləyir. Kapitulyant Nikol Paşinyan hakimiyyəti Azərbaycan qarşısında revanş götürmək istəyir. Amma bu dəfə savaş baş verərsə, Ermənistan adlı projedövlət üçün nəticələr ağır olacaq.

Hətta Ermənistan adlı dövlət tarix və dünya səhnəsindən birdəfəlik silinə bilər. Bu zaman biz 100 il öncə mövcud olmuş cümhuriyyət sərhədlərimizin ərazilərini də bərpa edəcəyik. Mümkündür ki, Ermənistan ərazisindəki digər torpaqlarımıza da sahiblənək. Çünki həmin ərazilər 1920-29-cu illərdə Azərbaycan xalqının rəyi, fikri, razılığı alınmadan SSRİ tərəfindən Ermənistana “hədiyyə” edilib.

Hazırda Qərbi Azərbaycan Mühacir Hökumətinin yaradılması ideyasını rəsmiləşdirmək üçün düşünürəm ki, tezdir. Bir qədər gözləməliyik. Vaxtilə bu cür addımlar atanlar olub. Amma Azərbaycan dövləti onların bu niyyətini dəstəkləməyib. Doğrudur, indi vəziyyət də fərqlidir. Fəqət, gözləmək məcburiyyətindəyik. Çünki regionda siyasi vəziyyət sürətlə yer və əl dəyişdirir.

Düşünürəm ki, həmin ərazilər Azərbaycanın nəzarətinə keçdikdən sonra orada yeni icraedici orqanlar, rayonlar yaradılacaq. Baxın, Şərqi Zəngəzur iqtisadi rayonu mövcuddur. Qərbi Zəngəzur isə hələ ki İrəvanın nəzarətindədir. Düşünürəm ki, o torpaqlar işğaldan azad edildikdən sonra Qərbi Azərbaycan İqtisadi Rayonu formalaşdırılacaq.

Fikrimcə, prezident Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması sənədinə imza atarkən gələcək perspektivdə məhz bunu düşünüb. Hətta Göyçə gölü hövzəsində də Göyçə-Basarkeçər iqtisadi rayonunun yaradılması məsələsi gələcəkdə gündəmə gələ bilər. Bu baxımdan, insanlarımızın rəy sorğularına müsbət yanaşıram, amma bir qədər gözləməliyik və mühacir hökumət məsələsində tələsməməliyik".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Избранный
4
musavat.com

1Источники