RU

Kəbinə tələb artır, mollalar qiyməti 500 manata qaldırdılar...

Image

Tural İrfan: “Kəbin kəsən adama verilən pul rüşvətdir və haramdır, rüşvətlə kəsilən kəbin də batildir”

İslam ölkələrində olduğu kimi, Azərbaycanda da rəsmi dövlət nikahı ilə yanaşı dini kəbinə meyl edənlər var. Əlbəttə ki, evlənməni hüquqi baxımdan nikahın rəsmi dövlət qeydiyyatına alınması təsdiq edir. Bunun əksini düşünüb hər iki nikahı kəsdirənlər var. 

Məlumatlara görə, son illər rəsmi nikahla yanaşı, kəbin kəsdirənlərin də sayı artıb. Gənc nəslin dini nikaha üstünlük verməsi isə mollaların gəlir mənbəyini artırıb. Belə ki, məscidlərin axundları və ya bu mərasimi yerinə yetirən digər mollalar halallıq üçün verilən az miqdarda pula qane olmurlar. Kəbin kağızını yazdıqdan sonra 10-20 manatla razılaşmayanlar yenicə evlənənlərdən bəzən 200-500 manat civarında pul istəyirlər. Halbuki, dövlətin rəsmi nikah üçün müəyyənləşdirdiyi rüsum 5 manatdır.

“Dövlət kəbini vacibdir, çünki dini, şəriət baxımından da o məqbuldur, gələcəkdə ailədə yaranan problemləri mollanın kəsdiyi kəbin yox, dövlətin icra etdiyi nikah həll edir”

Məsələ ilə bağlı fikir bildirən ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dini və ya dinsiz nikah deyə bir şey yoxdur: “Bunu camaatın özü çıxarıb. Dövlətin nikahı kifayət edir. Dini cəhətdən bu məqbuldur. Sadəcə, camaat mollaya rüşvət vermək istəyirsə bu da onun öz işidir. Kəbin kəsən adama verilən pul rüşvətdir və haramdır. Rüşvətlə kəsilən kəbin də batildir. Çünki din xadimlərinə maaş verilir. Əgər pul tələb edirlərsə bununla bağlı Baş Prokuror yanında Korrupsiya və Rüşvətxorluğa qarşı mübarizə idarəsinə müraciət edilməlidir. İndiki axundların, mollaların əksəriyyəti rüşvətxordur”.

İlahiyyatçı bildirdi ki, mollanın kəsdiyi kəbinin heç bir əhəmiyyəti yoxdur. Sadəcə, pul almaq üçün iki kəlmə söz deyir və ya yazır: “Kəbində əsas məqsəd evliliyin elan edilməsidir ki, bunu da dövlət məmuru edir. Kəbin ya da nikah özü dini termindir, bunu dini və dinsiz kəbin deyə təsnifata cahil mollalar ayırıb. İndi də kim istəsə dövlət nikahından sonra getsin din xadiminə də başa düşmədiyi dildə kəbin oxudub pul versin, özü bilər. Pulla edilən ibadət, kəbin, namaz batil və haramdır. Kim din xadiminə pul verərək kəbin oxudubsa yenidən kəsdirməlidir. Çünki Peyğəmbər buyurub ki, rüşvət alana da, verənə də, vasitəçiyə də lənət olsun. Ona görə dövlət kəbini vacibdir. Çünki dini, şəriət baxımından da o məqbuldur. Gələcəkdə ailədə yaranan problemləri mollanın kəsdiyi kəbin yox, dövlətin icra etdiyi nikah həll edir. Ona görə əhəmiyyətli olan budur. Din də əhəmiyyətli olanı dəstəkləyir”.

Günel CƏLİLOVA





Избранный
17
baki-xeber.com

1Источники