RU

Cərimə meydançasının gözətçisini döyən şəxsə elektron qolbaq taxıldı

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada və xuliqanlıqda təqsirləndirilən İdrak Məlikovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  
 

Məhkəmənin hökmü ilə o, 2 il 5 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. 

 

İttihama görə, hadisə 11 iyul 2023-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 105 ünvanında yerləşən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin 22 saylı duracağında qeydə alınıb.

 

Belə ki, İdrak Məlikov sözügedən duracaqda saxlanılan, dostuna məxsus “Kia Rio” markalı avtomobili rəsmi icazə olmadan ərazidən çıxarmaq istəyib. Bu zaman həmin duracaqda gözətçi vəzifəsində çalışan zərərçəkmiş Namiq Əsgərov (şərti) avtomobilin oradan çıxarılmasına icazə verməyib. İdrak əvvəlcə zərərçəkmişlə mübahisə edib onun ünvanına nalayiq ifadələr işlədib, sonra sol yumruğu ilə qəsdən Namiqin üz nahiyəsindən vuraraq xəsarət yetirib.

 

Hadisədən sonra İdrak Məlikov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Kamal Məmmədov

 

Tarix: 3 Oktyabr 2024, 08:37   
Избранный
23
pravda.az

1Источники