RU

“Özbəkistan Qarabağın bərpası prosesində Azərbaycana dəstəyini davam etdirəcək” – Səfir

Yazını böyüt
Yazını kiçilt

Bakıda Özbəkistanın müstəqilliyinin 33-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

Hafta.az-ın yazdığına görə, dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, doplomatik korpusun və ictimaiyyət təmsilçilərinin iştirakı ilə təşkil olunmuş tədbirdə öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Çıxış edən Özbəkistanın ölkəmizdəki səfiri Baxrom Aşrafxanov bildirib ki, Özbəkistanla Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir və onların siyasi, iqtisadi, investisiya, elmi-texniki, mədəni-humanitar sahələrdə gələcək inkişafı birgə tərəfdaşlıq məntiqinə əsaslanacaq.

“Özbəkistan-Azərbaycan əlaqələrinin sürətli inkişafı ortaq tarixə, adət-ənənələrə, dinə, qarşılıqlı etimada əsaslanır. Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şafkat Mirziyoyevin xidmətləri ikitərəfli münasibətlərin keyfiyyətinin yüksəldilməsinə böyük töhfə verir”, - diplomat deyib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin 2024-cü ilin avqustunda Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətləri daha da möhkəmləndirib.

“İkitərəfli əməkdaşlığın siyasi, iqtisadi, investisiya, elmi-texniki, mədəni və humanitar sahələrdə inkişafı bundan sonra da birgə tərəfdaşlıq məntiqinə əsaslanacaq”, - səfir söyləyib.

Aşrafxanov Özbəkistanın Qarabağın bərpası prosesindən, burada sosial infrastrukturun və istehsal müəssisələrinin tikintisindən razı olduğunu vurğulayaraq, Özbəkistanın bu məsələdə Azərbaycana dəstəyini davam etdirəcəyini söyləyib.

Diplomat iki ölkə arasında dostluq münasibətlərinin Cənubi Qafqazda və Mərkəzi Asiyada sülh, azadlıq və sabitlik naminə ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan dövləti adından çıxış edən baş nazirin müavini Şahin Mustafayev ildirib ki, Azərbaycan Özbəkistanla əməkdaşlığın daha da genişlənəcəyinə əmindir və enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlər görür.

“Dövlət başçıları arasında şəxsi etimad və daimi təmaslar ikitərəfli münasibətlərin bütün sahələrdə möhkəmlənməsini və dərinləşməsini təmin edən əsas amillərdəndir. Ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlıq əlaqələrimizin əsas prioritetlərindən biridir”, - o bildirib.

Ş.Mustafayev qeyd edib ki, bu ilin ilk 7 ayı ərzində Özbəkistanla qarşılıqlı ticarət dövriyyəsi 28 faiz artaraq 135,4 milyon dollara yüksəlib.

Onun sözlərinə görə, dövlət başçılarının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, hökumətlər bu istiqamətdə zəngin potensialın reallaşdırılması üçün ardıcıl səylər göstərirlər.

“Bu ilin avqustunda prezidentlərin hər iki ölkənin biznes strukturlarının nümayəndələri ilə görüşü xüsusi diqqət çəkir. Eyni zamanda bir müddət əvvəl yaradılmış və nizamnamə kapitalı 500 milyon dollar olan Birgə İnvestisiya Fondu da bu məqsədlərə sərmayə yatırır”, - nazir söyləyib.

O, həmçinin Azərbaycanın Özbəkistanla nəqliyyat və tranzit sahəsində əlaqələrin inkişafına böyük önəm verdiyini, yük axınının artırılması ilə bağlı dövlət başçıları səviyyəsində əldə olunan razılaşmaların hər iki tərəf üçün yol xəritəsi olduğunu qeyd edib.

“2024-cü ilin birinci yarısında Azərbaycanla Özbəkistan arasında tranzit daşımaların həcmi 624 min ton təşkil edib ki, bu da ötən illə müqayisədə 37 faizçoxdur. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tona yüksəldilməsi ölkələrimiz arasında tranzit daşımaların imkanlarının və həcminin artırılmasına gətirib çıxarır”, - Baş nazirin müavini vurğulayıb.

Ş.Mustafayev iki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlığa toxunub: “Azərbaycan bu sahədə Özbəkistanla uğurlu birgə fəaliyyət üçün böyük perspektivlər görür. Ötən il ölkələrimiz arasında Enerji Tərəfdaşlığı üzrə yeni Yol Xəritəsi imzalanıb. Bu sənəd “yaşıl” texnologiyalara keçid və enerji resurslarından səmərəli istifadə də daxil olmaqla əməkdaşlığımızın geniş spektrini əhatə edir. Biz artıq “yaşıl” istiqamətin həyata keçirilməsi üzərində fəal işləyirik. Əminəm ki, birgə fəaliyyət bu sahədə əməkdaşlığımızı gücləndirəcək”.

O əlavə edib ki, Bakı mədəni-humanitar sahədə əməkdaşlığın inkişafına da böyük diqqət yetirir. “Dövlət başçılarının müdrik rəhbərliyi ilə Azərbaycan-Özbəkistan münasibətlərinin maliyyə sahəsində dərinləşməsinin və əməkdaşlığımızın genişləndirilməsinin bundan sonra da qardaş ölkələrimizin mənafelərinə xidmət edəcəyinə əminliyimi bildirmək istərdim”, - Ş.Mustafayev fikrini tamamlayıb.

Избранный
33
hafta.az

1Источники