Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın qalıqlarının yerləşdirilməsi üçün ölkənin paytaxtı Buenos-Ayresdə xüsusi məqbərə tikiləcək.
Arena.az bu barədə Argentinanın “Clarin” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, məqbərə təxminən 2025-ci ildə paytaxt Buenos-Ayresin Puerto-Madero bölgəsi ərazisində inşa ediləcək. Bildirilir ki, məhkəmə, Maradonanın nəşinin qalıqlarının dəfn edildiyi San-Migel bələdiyyəsindəki Belya-Vista qəbiristanlığından, prezident sarayının yaxınlığında inşası nəzərdə tutulmuş gələcək məqbərəyə köçürülməsinə artıq razılıq verib.
Xatırladaq ki, əfsanəvi Maradona 2020-ci ilin payızında, noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Dieqonun ölüm səbəbi ürək dayanması olaraq göstərilib.
Vurğulayaq ki, Maradonanın ölümündə səkkiz tibb işçisi ehtiyatsızlıqdan adam öldürməkdə ittiham edilir. Bu iş üzrə məhkəmə hələ də davam edir.