RU

"Baku Cinema Breeze" beynəlxalq film festivalının açılışı olub

Bu gün Heydər Əliyev Mərkəzində "Baku Cinema Breeze" beynəlxalq film festivalının açılışı olub.

APA xəbər verir ki, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə təşkil olunan festivalın açılış mərasimində mədəniyyət nazirinin müavini, Xalq artisti Fuad Hüseynov, Kino Agentliyinin baş direktoru Orxan Fikrətoğlu, yaradıcı sektorun təmsilçiləri, beynəlxalq və yerli təşkilatların nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, oktyabrın 2-dən 8-dək davam edəcək festival DokuBaku, BİFF, ATA və ANIMAFILM festivallarını birləşdirir.

Açılış mərasimində çıxış edən F.Hüseynov bildirib ki, "Baku Cinema Breeze" beynəlxalq film festivalı ölkəmizdə ilk dəfə genişmiqyaslı festivalları bir araya gətirib:

“Bu layihənin həyata keçirilməsi Azərbaycan kinematoqrafiyasının inkişafı üçün çox vacib addımdır. Festival mədəniyyətimizi tanıtmaq üçün bir fürsətdir. "Baku Cinema Breeze" kino sənayemizin inkişafına töhfə verəcək və kino sahəsində fəaliyyət göstərən yaradıcı şəxslər üçün böyük imkanlar yaradacaq”.

"Baku Cinema Breeze" beynəlxalq film festivalında birləşən müxtəlif festivalların direktorları çıxış edərək tədbirin əhəmiyyətindən söhbət açıblar və hər kəsi festivala dəvət ediblər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf şöbəsinin müdiri Rəşad Əzizov jurnalistlərə verdiyi açıqlamada bildirib ki, platformanın əsas məqsədi kino sənayesindəki prosesləri sürətləndirməkdir:

“Sabah ilk dəfə olaraq Şərq ölkələri kino sənayesi bazarına da start veriləcək. Burada fərqli ölkələrdən 30-dan çox prodüser şirkəti iştirak edəcək. Kino sənayesinin inkişafı sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində keçirilən tədbirlər sırasındadır. Əsas məqsədimiz ölkənin kino sənayesinə biznes subyektlərini təşviq etməkdir”.

Xatırladaq ki, festival çərçivəsində şərq ölkələrinin filmlərinin dünyaya tanıdılması üçün vacib bir platforma rolunu oynayacaq “Omarket” (Şərq ölkələrinin kino marketi) də təşkil olunacaq. “Omarket”in açılışı oktyabrın 3-də Heydər Əliyev Mərkəzində reallaşacaq.

Festival müddətində Nizami Kino Mərkəzi, “CineMastercard Azərbaycan” kinoteatrı, “YARAT” Müasir İncəsənət Məkanı, “Kapellhouse Baku”, “Landmark” və “YAY Gallery” məkanlarında paytaxt sakinləri və qonaqları, ümumilikdə bütün kinosevərlər üçün film nümayişləri təşkil olunacaq.

Tədbirin məqsədi Azərbaycanı regionda kino sənayesinin mərkəzi kimi tanıtmaq, kino mədəniyyətini inkişaf etdirmək və yerli ekosistemi bir çətir altında birləşdirməkdir.

“Baku Cinema Breeze” festivalı ABŞ, Kanada, Hindistan, Niderland, Türkiyə, Almaniya, Portuqaliya, BƏƏ, Yunanıstan, Koreya, Gürcüstan, Estoniya və digər ölkələrdən kino sənayesi nümayəndələrini, həmçinin dünya kinematoqrafiyasının tanınmış simalarını Azərbaycanda bir məkana toplayacaq.

Audiovizual sənayesinin inkişafına istiqamətlənən bu tədbir Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir.

Избранный
4
3
apa.az

10Источники