RU

Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur- Alen Simonyan da Paşinyanın dediklərini təkrarlayır

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qarşı növbəti təxribat xarakterli bəyanat səsləndirib. Xüsusilə, erməni spiker Bakının Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan konstitusiyasının dəyişdirilməsi tələblərini əsassız adlandırıb : “Hüquqi baxımdan bu, əsassız ittihamdır. Məhz Azərbaycan Konstitusiyasında təkcə Ermənistana deyil, digər region dövlətlərinə də ərazi iddiaları irəli sürən oxşar bənd var. Ermənistanının məqsədi  Azərbaycanla sülh müqaviləsi bağlamaqdır və biz bunu tez bir zamanda həyata keçirmək  istəyimizi dəfələrlə bəyan etmişik. Biz də sülh gündəminə sadiqik”, – deyə Simonyan bildirib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, əgər Azərbaycanın həqiqətən də Ermənistana ərazi iddiası yoxdursa və Azərbaycan lideri regionda sülh istəyirsə, deməli, top çoxdan Azərbaycanın meydanındadır: “Sülh müqaviləsinin hansı platformada bağlanacağı, necə və harada müzakirə olunmasını təklif etmələri ilə bağlı rəsmi Bakının reaksiyasını gözləyirik. Hətta müxtəlif beynəlxalq tərəfdaşlar da müvafiq platformalar təklif edirlər. Mən ümid edirəm ki, COP29 zamanı Bakıya gələcək beynəlxalq tərəfdaşlar bu müqavilə, Azərbaycanda saxlanılan hərbi əsirlər, Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları barədə danışacaqlar”, – deyə erməni spiker  bildirib.

Ermənistan parlamenti spikerinin bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyi dərhal münasibət bildirib. Nazirliyin nümayəndəsi  Ayxan Hacızadə qeyd edib ki, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması ilə bağlı iddialar yalandır: “1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına və 1918-ci il İstiqlal Bəyannaməsinə istinad edən Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Bəzi Azərbaycan ərazilərinin sonradan  Ermənistana birləşdirilməsi  tarixi faktdır və inkar edilə bilməz. Bu, o demək deyil ki, hazırda Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddiaları var”. -deyə Ayxan Hacızadə bildirib.

COP29 ərəfəsi Ermənistan yenə siyasi oyunlarından əl çəkmir. Simonyan bəyanatında daha sonra bildirib ki,  erməni tərəfinin Bakıda keçiriləcək irimiqyaslı beynəlxalq tədbirdən gözləntiləri çoxdur. Ermənistan ağır cinayətlərdə ittiham olunan Qarabağ separatçılarının həbsdən azad edilməsinə ümid edir. Bu məsələdə İrəvan açıq şəkildə Qərbin dəstəyinə arxalanır.

Digər tərəfdən erməni tərəfi açıq şəkildə sülhə hazır olduğunu nümayiş etdirir və bununla  beynəlxalq ictimaiyyətin gözündə “sülhməramlı ölkə” obrazı yaratmağa səy göstərir. Eyni zamanda dolayısı ilə COP29-da  iştirak etməyə hazır olduğuna işarə edir. Bir neçə gün əvvəl düşmən ölkə mətbuatı Ermənistanın  COP29-da iştirak edib-etməyəcəyinə hələ qərar vermədiyini yazıb.

Maraqlıdır ki, Ermənistan rəhbərliyi  Konstitusiya Məhkəməsinə müraciət edib. Bunu Simonyanın aşağıdakı ifadəsi də aydın şəkildə təsdiq edir: “Konstitusiya Məhkəməsi qərarını verir. Hakimiyyətin rəyi ilə Konstitusiya Məhkəməsinin qərarının ziddiyyət təşkil etdiyinə dair çoxsaylı misallar var”.

Əslində Simonyan Nyu-Yorkda BMT tribunasından Paşinyanın  səsləndirdiyi  fikiri təkrarlayıb.  Ermənistanın baş naziri Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmasını təkzib edib və deyib ki, İrəvan guya maraqlı beynəlxalq tərəfdaşlara müfəssəl yazılı sübutlar təqdim edə bilər.

Ermənistan hakimiyyətinin boşboğazlığı o deməkdir ki, İrəvanın mövqeyində Bakı ilə məhsuldar danışıqları davam etdirmək üçün lazım olan konstruktivlik  yoxdur. Ermənistan konstitusiyaya dəyişiklik etmədən  sülh müqaviləsini imzalamaq istəyir ki, bu da ona hərbiləşdirmə və Azərbaycanla yeni müharibəyə hazırlıq baxımından sərbəstlik verəcək. Yeri gəlmişkən, bu ilin mayında parlamentdə jurnalistlərlə söhbəti zamanı Simonyan oxşar bəyanatlar səsləndirərək Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması prosesinin tezləşdirilməsinin vacibliyini demişdi. Hətta  2023-cü ilin noyabrında erməni spiker  beynəlxalq ictimaiyyəti inandırmağa çalışırdı  ki, əgər siyasi iradə olarsa, 15 gün ərzində Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalana bilər.

Amma  Bakı İrəvanın  hiyləgər planını çoxdan anlayıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev bu yaxınlarda İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bir daha açıq şəkildə vurğulayıb ki, Ermənistan Qarabağdan əl çəkməli, konstitusiyanı dəyişdirməli və demilitarizasiya etməlidir”. Bu, Bakının üç əsas tələbidir ki, onlar yerinə yetirilmədən Ermənistanla heç bir sülh müqaviləsindən söhbət gedə bilməz.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
6
konkret.az

1Источники