RU

Azərbaycanın Qurtuluşu və bugünkü uğurlarımızın təməli




1993-cü ilin 3 oktyabr seçimi həm də xalqın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü idi. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində ictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edilib, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaradılıb. Bu barədə danışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”.
İllər bir-birini əvəz etdikcə Heydər Əliyev dühasının, onun gələcəyə ünvanlanmış işıqlı ideyalarının, dövlət quruculuğu və idarəetmə məharətinin əzəməti daha aydın görünür. Bu gün dünyanın siyasət aləmində Heydər Əliyev fenomeni öyrənilir və böyük siyasi məktəb kimi qəbul edilir. Xalqımızın müdrik oğlu dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, ölkəmizi tənəzzül və vətəndaş müharibəsi təhlükəsindən azad edən böyük xilaskar, ölkəmizi beynəlxalq aləmdə ali nüfuz məqamına yetirən dahi şəxsiyyət kimi əbədiyaşarlıq qazanıb.
Ulu Öndər Heydər Əliyev həm də ordu quruculuğu sahəsində mühüm addımlar atdı. 1994-cü ildə Horadiz əməliyyatı ilə Azərbaycan ordusunun gücünü bərpa edərək 30 il sonrakı Zəfərin təməlini qoydu. Bununla yanaşı, “Əsrin müqaviləsi” kimi tarixi bir addım ataraq Azərbaycanın beynəlxalq arenada iqtisadi gücünü və diplomatik nüfuzunu artırdı.
Heydər Əliyevin siyasətində milli-mənəvi dəyərlər də xüsusi əhəmiyyət kəsb edirdi. Müstəqil Azərbaycan dövlətinin təməl ideyası olan azərbaycançılıq məfkurəsi Ulu Öndərin prezidentliyi dövründə dövlət ideologiyasının əsas xəttinə çevrildi və bu gün də xalqımızın milli mənsubiyyətinə görə qürur hissi keçirməsi bu siyasətin nəticəsidir.
Ulu Öndərin vəsiyyəti ilə onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev, bu yolu uğurla davam etdirərək Azərbaycanın qələbə və şərəf salnaməsini yazdı. Heydər Əliyevin ərazi bütövlüyü arzusu 2020-ci ildə gerçəkləşdi və Azərbaycan geopolitik liderliyini təsdiqlədi.
Bu gün xalqımız 1993-cü ildə Heydər Əliyevin prezident seçilməsi ilə başlayan qurtuluş yolunun tarixi əhəmiyyətini dərk edir və bununla qürur duyur. Zaman, bu seçimin Azərbaycanın böyük zirvələrə gedən yolunun başlanğıcı olduğunu bir daha təsdiq etdi. Hər birimiz müstəqil və güclü Azərbaycanın qurulmasına görə o günün tarixi seçiminə və bunu gerçəkləşdirən Ulu Öndərə əbədi borcluyuq.
Ümummilli Lider Heydər Əliyevin doğma vətənimizlə bağlı arzuları artıq həyata vəsiqə alıb, yerinə yetib. Prezident İlham Əliyev Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndərin arzusunu çin etdi. Bu savaşda şəhidlərimizin qisası döyüş meydanında alındı, ərazi bütövlüyümüz təmin edildi. Bəli, Heydər Əliyevin qoruduğu, qurduğu Azərbaycan indi tarixinin ən qüdrətli dövlətinə çevrilib, regionda və qlobal miqyasda söz sahibi kimi çıxış edir. Ona görə Ulu Öndərin ruhu da rahatdır.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevi xalqımız hər zaman böyük ehtiramla yad edir.

Taleh Mammadov
Избранный
9
newscenter.az

1Источники