RU

Necə olur ki, maliyyə piramidaları tez məşhurlaşır?

TOST maliyyə piramidası son dövrlər Azərbaycanda çox sürətli şəkildə yayıldı və istifadəçilərinin sayı artdı. Bu, ilk deyil, tarix boyu dəfələrlə belə bizneslər olub, qısa müddət sonra sistemə yatırılan pulları mənimsəyib aradan çıxıblar. Bu sistemlərin bir gün “partlayacağı” ilə bağlı nə qədər məlumatlandırılma aparılsa da, onlara maraq hər zaman yaranır. Dünya təcrübəsində də, bu kimi biznesin tez uğurlu olduğunu görürük. Sonda pulu itirmək narahatlığı olsa da, yenə də bu sistemə pul yatıranlar olur. Maliyyə piramidalarının bu qədər tez yayılmağının, məşhurlaşmağının səbəbi nədir?

İqtisadçı Xalid Kərimli Valyuta.az-a açıqlamasında bildirdi ki, maliyyə piramidaları ilə bağlı insanlarda maraq yaradan əsas məsələ qısa müddətdə yüksək gəlir vəd etməsidir: “Maliyyə piramidalarını araşdırsanız, görərsiniz ki, qısa müddətdə yüksək gəlir imkanı yaradır. Yəni cəlbedici görünür. Daha qısa zamanda çox pul qazanmaq istəyənlər bu tələyə düşürlər. Onlar piramidalardakı pulların sonunun necə olacağını bilirlər, amma düşünürlər ki, yaranan hər hansı riskli vəziyyətdən tez çıxa biləcəklər. Fikirləşirlər ki, ilkin mərhələdir, müəyyən qədər qazanıb sonra çıxacaqlar. Yəni, çox adam bu riski bilə-bilə edir. Lakin işin içinə düşdükdə daha çox qazanmağa fokuslanırlar və həmin sonun nə vaxt gələcəyini artıq unudurlar. Bu zaman da artıq onlar tələyə düşürlər”.

İqtisadçının sözlərinə görə, piramidaların nə vaxt “partlayacağını” öncədən müəyyən etmək mümkün olmur: “Piramidalarda ortada real biznes olmur. Prosesi təşkil edənlər üzv olanların qoyduğu ödənişlər ilə yüksək qazanc götürürlər. Proses yeni iştirakçıların cəlb edilməsi, onlardan gələn pulla əvvəlki iştirakçılara görə ödənilən faiz və qazanclara yetməyənə qədər davam edir. Yəni gəlir ilə ödəniş arasında heç bir fərq olmayanda artıq yığdıqları pulları götürüb gedirlər”.

X.Kərimli bildirdi ki, bu tip biznes fəaliyyəti qanunsuz olmadığı üçün dövlətlər də müdaxilə edə bilmir, ona görə hər kəs diqqətli olmalıdır: “İlk növbədə hər kəs bilməlidir ki, rahat, yüksək gəlirli biznes sahələri heç bir yerdə yoxdur. Normal investisiya üsullarını araşdırsaq, görərik ki, orda çox yüksək faiz yoxdur. Bu kimi maliyyə piramidalarındakı biznes ideyaları qanunsuz olmur, amma reallıqdan uzaqdır. Qanunsuz olmadığına görə, hüquq mühafizə orqanları şikayət olmadığı müddətcə, müdaxilə edə bilmir. Yəni sizin orda nə qədər pulunuz batsa da, sizə heç kim onu geri qaytarmağa köməklik edə bilməz. Bu səbəbdən, diqqətli olmaq lazımdır”.

Maya Hüseynova

Избранный
10
valyuta.az

1Источники