RU

Azərbaycanı cəlbedici bazara çevirən 4 SƏBƏB

Azərbaycan Rusiya məhsullarının satışı üçün münasib və sərfəli bazara çevrilir. 

Rusiya Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroeksport” Mərkəzinin rəhbəri Dmitri Krasnov "İnterfaks" agentliyinə müsahibəsində bildirib ki, Rusiyadan Azərbaycana ərzaq məhsullarının ixrac həcmi 2030-cu ilədək 1 milyard ABŞ dollarına qədər arta bilər. 

“Bizim hesablamalarımıza görə, 2030-cu ilədək Rusiyanın ərzaq ixracının həcmi 1 milyard ABŞ dollarına qədər arta bilər. Dənli və dənli-paxlalı bitkilər, qənnadı məmulatları, eləcə də yağ-piy məhsullarının tədarükü ən böyük potensiala malikdir”,-  deyə D.Krasnov bildirib. 

Rusiya rəsmisi vurğulayıb ki, bu ilin I yarısında Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi 354 milyon ABŞ dolları təşkil edib. 

“Biz Azərbaycana ildə 250-300 milyon ABŞ dolları dəyərində 1,2-1,4 milyon tona yaxın taxıl tədarük edirik ki, bunun da 90 %-i buğdanın payına düşür”. 

Ət məhsullarının ixracına toxunan D.Krasnov qeyd edib ki, 2019-cu ildən bəri Azərbaycana tədarükün dəyəri 2,5 dəfə artaraq 2023-cü ildə 15 milyon ABŞ dollarına çatıb. “Rusiya həm də Azərbaycana süd məhsullarının iri tədarükçüsüdür və ixracda illik artım nümayiş etdirir. 2019-2023-cü illər ərzində tədarükün həcmi 50 % artaraq 19 milyon ABŞ dolları təşkil edib. Tədarükün əsasını turş süd məhsulları (44 %), pendir (19 %) və quru süd (14 %) təşkil edir”. 

Maraqlıdır, Rusiyadan Azərbaycana ərzaq məhsullarının ixrac həcminin artımı hansı amillərlə bağlı ola bilər? Külli miqdarda pulun daxildə qalması və xaricə çıxmaması üçün nə etmək lazımdır? 

Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov “Cebheinfo.az” - a şərhində bunu bir neçə faktorla əlaqələndirib: 

“Rusiya-Ukrayna müharibəsindən sonra rublun kəskin dəyər itirməsi, manatın rubla nisbətən daha da güclənməsi Azərbaycan bazarını idxal baxımından cəlbedici edib. 

Yəni, Azərbaycan bazarında Rusiya məhsulların satışı daha raqəbətli şərtlərlə təşkil oluna bilir. İkincisi, bu, postpandemiya dövründə, eləcə də Rusiya-Ukrayna müharibəsi fonunda qlobal miqyasda qiymətlərin artımı ilə bağlıdır. Belə bir şəraitdə nisbətən qapalı olan Rusiyadan məshulların idxal cəlbediciliyi artıb. Üçüncüsü, son dövrlərdə iqlim dəyişiklikliyi və bunun təsiri nəticəsində kənd təsərrüfatında baş verən geriləmələri, əhali artımını nəzərə alsaq, yeyinti məhsullarına tələbatın artdığını müşahidə edirik.

Dördüncüsü, hamımıza məlumdur ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Qərb bazarlarında Rusiya şirkətlərinin fəaliyyət imkanları məhdudlaşıb. Belə bir durumda Rusiya şirkətləri çətinliklərdən qurtulmaq üçün Azərbaycan və digər postsovet ölkələrin bazarlarına baş vurur, daha əlverişli təkliflərlə çıxış edirlər. Bu da Azərbaycan bazarına Rusia məhsullarının ixrac həcmini daha artırır”. 

İqtisadçı valyutanın ölkədən kənara kütləvi şəkildə çıxmaması üçün zəruri tədbirlərin görülməsinə ehtiyac olduğunu bildirib: 

“İqtisadiyyatın daxili istehlakı ödənməsi baxımından daha rəqabətli olması, o cümlədən ölkədən daha az valyutanın çıxması və ölkəyə daha çox valyutanın gəlməsini təmin etmək üçün konseptual, fundamental islahatlar aparılmalı, liberal iqtisadi modelin möhkəmlənməsi istiqamətində addımlar atılmalıdır. Eyni zamanda, qlobal iqtisadi birliklərlə əməkdaşlıq daha da dərinləşməlidir. Elə bir istehsal mühiti formallaşmalıdır ki, həm daxili, həm də xarici bazarda rəqabət aparmaq mümkün olsun”. 

Избранный
37
cebheinfo.az

1Источники