RU

ADNSU tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib

Bakı, 2 oktyabr, AZƏRTAC

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələrlə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Fonddan məlumat verilib

Tədbirdə çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov Vətən müharibəsində qazandığımız tarixi Qələbədən sonra qarşımızda duran əsas vəzifələrdən danışıb. Bu sahədə gənclərin və tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü deyən rektor əvəzi Qarabağın bərpası ilə bağlı aparılan müzakirələrdə və keçirilən tədbirlərdə tələbələrin fəal iştirak etmələrinin təqdirəlayiq hal olduğunu söyləyib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək rəhbəri olduğu qurumun fəaliyyəti, o cümlədən işğaldan azad edilən ərazilərdə görülmüş işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib.

İşğal dövründə ərazilərimizə ermənilər tərəfindən ciddi ziyan vurulduğunu deyən İdarə Heyətinin sədri bildirib ki, dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı işğaldan azad etməsi regionda yeni reallıq yaratmaqla yanaşı, Qarabağda dağıntıların miqyasının necə böyük olduğunu, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyini üzə çıxardı. Vurulan zərər yalnız maddi obyektlərlə, tarixi abidələrlə və memarlıq inciləri ilə məhdudlaşmır. Təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində regionun ətraf mühitinə də böyük ziyan dəyib. Dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Tarixə nəzər salaraq biz bunu aydın şəkildə görə bilərik. Təcrübə insanlar arasında birliyin, həmrəyliyin vacibliyini təsdiq edir. Buna görə də birgə atacağımız addımlar həm dövlətin bərpa prosesində yükünü azalda, həm də bərpa və yenidənqurma istiqamətində görülən işləri sürətləndirə bilər”.

İşğaldan azad edilmiş ərazilərin bərpasında tələbələrin və gənclərin rolundan danışan Rəhman Hacıyev Qarabağ Dirçəliş Fondunun bununla bağlı mütəmadi görüşlər keçirməsinin böyük əhəmiyyət daşıdığını söyləyib.

Tədbirdə çıxış edən tanınmış futbolçu Qara Qarayev Vətən müharibəsində tarixi Qələbədən sonra regionda yeni reallıq yarandığını deyib. O, işğaldan azad edilən ərazilərin bərpasında, eləcə də Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolundan danışıb, onları bu sahədə daha fəal olmağa çağırıb.

Sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə həsr olunan videoçarx nümayiş etdirilib.

Görüş sual-cavab sessiyası ilə davam edib.

Избранный
7
7
azertag.az

8Источники