RU

Müasir Azərbaycanın tarixində 3 oktyabrın yeri

Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Bütün dövlətçilik təsisatları yaradıldı. Gənc respublikada hakimiyyət boşluğu, səriştəsizlik dövlətçiliyin itirilməsi həddinə gətirib çı­xart­mışdı. Respublikada milli qarşıdurma təhlükəsi də yaranmışdı. Belə bir vəziyyətdə xalq tə­kid­lə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycançılığı ilə həmişə fəxr edən böyük tarixi şəxsiyyət xalqın tələbini yerinə yetirdi. Azərbaycan dövlətçiliyi labüd if­las­dan xilas oldu.

Oktyabrın 3-nə təyin olunmuş prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xal­qın böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər 1993-cü il okt­yab­rın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, fa­ciə­lə­rdən qorudu, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kom­muni­kasiya la­yihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin düsturunu müəyyənləşdirdi. Ümummilli Lider Heydər Əliyevin andiçmə mərasimində dediyi kəlamlar onun Azərbay­cana xidmətini ümu­mi­ləş­dirib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə gös­tə­ri­lən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliy­yə­timi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”

Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra müstəqil Azərbay­ca­nın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi, öl­­kə­də ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin işlər aparıldı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi,  respubli­ka­mızın sosial-iqtisadi yüksəlişi istiqamətində mühüm tədbir­lər həyata keçirildi, dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təh­lü­kə­sindən xilas oldu, müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüv­və­lə­­rinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quru­cu­luğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.

Dahi tarixi şəxsiyyətin fenomenal insan olduğunu siyasi uzaqgörənliyi, fitri istedadı, müd­­­rik­­liyi, məntiqli qərarlar qəbul etmə məharəti, qətiyyətliyi, siyasi iradəsi, dərin zəkası, ensik­lo­pedik biliyə, geniş dünyagörüşə malik olması, həmişə milli maraqlara əsaslan­ma­sı, … təsdiqləyir.

Dünya siyasətçiləri Ulu Öndər Heydər Əliyevin dərin məntiqini, natiqlik məha­rə­tini, söz seçmək bacarığını, auditoriya ilə ünsiyyət qurmaq səriştəsini, … yüksək dəyərləndirirdi.

Ulu Öndər Heydər Əliyev milli ideologiyanın da yara­dı­cı­sı oldu. Onun rəhbərliyi ilə Azər­baycanda dövlət quruculuğu bu ideologiya əsasında aparıldı. Azərbaycanda dövlət quru­cu­lu­ğu azərbaycançılıq ideologiyası ilə həyata keçirildi.

Siyasətçilər də dünyanın nəhəng dövlətlərinin başçıları da böyük tarixi şəxsiyyət Heydər Əliyevin mülahizələrinin geçəkliyi ifadə etdiyini, problemlərə dərindən bələdliyinə görə qəbul etdiyi qərarların qətiyyətliyini, … etiraf edirdi.

           1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin təcrübəli və müdrik siyasəti nəticəsində qısa müddətdə xarici siyasətdə böyük dönüş yarandı, dün­yanın apa­rıcı dövlətləri ilə, beynəlxalq təşkilatlarla Azərbaycan arasında münasibətlərdə bir siyasi inam yarandı.

            Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azər­baycanın dünya iqtisadi sistemində yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı.

1995-ci ilin 12 noyabrında Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan, ümumxalq səs­ver­məsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tari­xin­də hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının əsasını qoydu.  Azərbaycanda de­mok­ratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritet­li­yi və haki­miy­yət bölgüsü yaradıldı.

1995-ci ildə müs­tə­qil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstə­qil­liyinin möhkəmlən­di­rilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi ilə ölkənin dünya birliyinə in­teq­ra­siyası təmin edildi.

Böyük İpək yolu bərpa olundu, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi yaradıldı,  Xəzə­rin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələri səmərəli şəkildə həyata keçirilməkdədir.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin apardığı xarici siyasət nəticəsində beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi, Ermənist­a­nın işğalçılıq siyasəti pisləndi, bu istiqamətdə qətnamələr və bəyanatlar qəbul olundu.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev 2001-ci il oktyabrın 17-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunmasının 10-cu ildönümünə həsr olunmuş Respublika sarayında keçirilən zirvə tədbirində çıxışında dedi: “İndi dünyada müstəqil Azərbay­can dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dün­ya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşki­lat­la­rın iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyə­cək­dir”. Bu kəlamlar azərbaycançılıq ideologiyasınnı mahiyyətini bir daha xatırlatmaqla müstə­qil Azərbay­ca­nın dövlətçiliyinin əbədiliyinin zəmanəti kimi tarixləşdi. Azərbaycan Respubli­ka­sı­nın Pre­zi­denti Heydər Əliyevin Azərbaycana hakimiyyətə qayıdışı, Prezident seçilməsi Azərbay­ca­nın dövlətçilik tarixində ən qüdrətli mərhələlərdən biri oldu. Bu gün həmin mərhələni Azər­bay­can Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir…

Heydər Əliyev deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir”…

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Избранный
2
3
ikisahil.az

4Источники