RU

Rənglərlə danışan adam

Yaxşılar ürəklərdə taxt qurur, bizləri daim xeyirxahlığa, saflığa səsləyirlər. Onlar əməlləri ilə yanaşı, əsərləri və söhbətləri ilə də örnəkdirlər. Yaxşılar bizə doğmalarımız qədər əzizdirlər – ağsaqqal kimi, dost kimi...

Mənim üçün belə insanlardan biri Elturan müəllimdir. Memar, rəssam, bəstəkar, ifaçı, Şərq Xalqları Beynəlxalq Akademiyasının və Beynəlxalq Ekoakademiyanın həqiqi üzvü, İnşaat və Memarlıq Universiteti təsviri sənət kafedrasının professoru, Əməkdar incəsənət xadimi Elturan Avalov. Başqa sözlə desək, Turan elinin dəyərli Elturanı.

Onunla 20 ildən çoxdur ki, tanışıq. Fərdi sərgilərində bənzərsiz əsərlərinə maraqla baxmışam. Sənətlə bağlı ürəyim istədiyi qədər söhbətləşmişəm və hər dəfə də onun dediklərindən zövq almışam. Arabir tədbirlərdə, küçədə görüşmüşük, bayramlarda hal-əhval tutmuşuq.

Paytaxtımızın ürəyi İçərişəhərin əyri-köndələn küçələri, Qala divarları, Şuşanın, Şəkinin, Gəncənin, Ordubadın bu gün də orta əsrlər həyatını xatırladan məhəllələri onun əsərlərində daha gözəl, ürəyəyatımlıdır. Bu əsərlərdə ağ-qara cizgilərin harmonik təzadı insanı xəyallara qovuşdurur, düşündürür, sevindirir və heyrətləndirir. Çünki Vətən torpağının kağıza köçmüş bu parçaları özünəməxsus üslubda təsvir olunub. O əsərlərdə hər bir abidənin, gözəl binanın və olayın elementləri elə dəqiq və aydın təsvir olunub ki, tamaşaçı rəsmlərə maraqla baxır.

Memar-rəssamın Şuşa sevgisi

Şuşa mövzusu Elturan Avalovun yaradıcılığından, belə demək olarsa, qırmızı xətlə keçir. O, Şuşanın memarlığı və təbii gözəllikləri haqqında elə şirin danışır ki, sanki adam o cənnətməkan şəhəri təzəcə gəzib gəlib. Bu isə səbəbsiz deyil. Hər şeydən əvvəl, Elturan müəllimin anası, Azərbaycanın əməkdar mühəndisi, rəhmətlik Məhbubə xanım şuşalı idi. Digər tərəfdən, o uşaqlıq illərində, elə gəncliyində də Şuşada gəzib-dolanıb, onun zəngin təbiətinə, bənzərsiz memarlığına heyran olub. İş elə gətirib ki, görkəmli alim Əbdülvahab Salamzadənin təklifi ilə namizədlik dissertasiyasını Şuşanın memarlığına həsr edib. Özü deyir ki, elmi işi ilə bağlı Şuşanı məhəllə-məhəllə, ev-ev gəzdikcə bu bənzərsiz şəhərə daha ürəkdən bağlanıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktorü Ziyadxan Əliyev Elturan Avalovun Şuşa ilə bağlı qrafik lövhələrini belə dəyərləndirib: “Rəssamın ağ-qara cizgilərdən “boylanan” əsərlərini onun yaradıcı-vətəndaş mövqeyinin nümayişi saymaq olar. Onun Şuşa ünvanlı lövhələrində tarixiliklə bədiiliyin uğurlu sintezinin mövcudluğu silsilənin əhəmiyyətini artıran amillərdəndir. Rəssam müxtəlif formalı cizgilərlə, sözün əsl mənasında, “daşlaşmış poetika”nı tamaşaçıya çatdıra bilmişdir”.

Bu günlərdə Ziyadxan müəllimlə Elturan müəllimgilə getmişdik. Söhbətimiz zamanı daha çox rəssamlıqdan, sərgilərdən danışdıq. Elturan müəllimdən soruşdum ki, nə əcəb indiyədək Şuşaya səfər etməmisiz? O bildirdi ki, iki dəfə rəsmi dəvət gəlib, ancaq səhhətimlə bağlı Şuşaya gedə bilməmişəm. “Ürəyim elə bil oradadır. Şuşada aparılan genış yenidənqurma-bərpa işləri ilə çox maraqlanıram. Orada keçirilən tarixi görüşləri, musiqi festivallarını da ardıcıl izləyirəm. İnşallah, ayaqlarımın ağrıları azalan kimi gedəcəyəm, yeni lövhələr işləyəcəyəm. Çalışacağam ki, 30 illik həsrətimə geniş fərdi sərgimlə son qoyum...”

“Molla Nəsrəddin” onun ilk sənət müəllimidir

Elturan müəllim yumoru çox sevir. Bunu onun karikaturalarından aydın görmək olar. Həmin əsərlər fikrin tamaşaçıya çatdırılma üslubuna və ifadə tərzinə görə orijinaldır. Karikaturaların çoxunda yumorla yanaşı, lirik bir ruh da var. Rəssam “Molla Nəsrəddin”i bu sahədə özünə müəllim sayır.

Bu barədə dedikləri: “Mən uşaq olanda evimizdə bu dərginin bir nüsxəsi vardı. Hamı onu maraqla oxuyurdu. Mən isə Oskar Şmerlinq və İozef Rotterin “Molla Nəsrəddin”in həmin sayındakı karikaturalarına baxır, onları olduğu kimi kağıza köçürməyə çalışırdım. O karikaturalar mənə yumorun böyük islahedici gücə malik olduğunu anlatdı. Sonralar həyatda naqisliklərlə üzləşdikdə gördüklərimi peronun və fırçanın gücü ilə insanlara çatdırmağa çalışdım”.

Bəstəkar-ifaçı

Elturan Avalovun güclu musiqi duyumu da var. Məktəb illərində ifa etdiyi mahnıların lentləri indi də Azərbaycan Radiosunun arxivində saxlanır. Fikrət Əmirovun xatirəsinə həsr etdiyi “Ekspromt” və “Fantaziya” əsərləri, skripka və fortepiano uçun yazdığı “Adagio”su musiqisevərlər tərəfindən çox bəyənilib. Həmin əsərlər xarici ölkələrdə də ifa edilib. O, fortepiano üçün bəstələrinə və uşaq mahnılarına görə müxtəlif mükafatlara da layiq görülüb.

Musiqiyə bağlılığı rəssamı dinlədiyi əsərlərə aid müxtəlif səpkili illüstrasiyalar çəkməyə sövq edib və bu işdə də uğur qazanıb. Üzeyir Hacıbəylinin musiqili komediyalarının, Cəlil Məmmədquluzadənin hekayələrinin və digər klassiklərimizin əsərlərinin, xalq mahnılarının motivləri əsasında işlədiyi çoxsaylı, rəngli, həmçinin ağ-qara illüstrasiyalar fikrimizin təsdiqidir. Sənətsevərlər bu rəsmlərə tamaşa etdikcə böyük zövq alır, belə demək olarsa, həmin əsərlərin qəhrəmanları ilə yenidən görüşürlər.

Onun Bəxtiyar Vahabzadənin “Muğam” poemasına, Cüzeppe Verdinin “Aida” və “Karmen” operalarına çəkdiyi rəsmlər, illüstrasiyalar da rəssamın gözəl musiqi duyumunun təzahürüdür. Yaradıcılığına xas olan millilik bu əsərlərdə daha güclüdür. Məlumat üçün deyək ki, 1985-ci ildə Üzeyir bəyin 100 illik yubileyi ərəfəsində Elturan müəllimin Moskvada fərdi sərgisi keçirilib.

Professor Elturan Avalov

O, 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib və bütün elmi-pedaqoji fəaliyyəti də bu ali təhsil ocağı ilə bağlıdır.

On il sonra “Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Avalovun “Qarabağın incisi”nə maraq və məhəbbəti sonralar da azalmayıb. Belə ki, sonrakı illərdə Şuşaya dair çoxsaylı qrafik əsərlər işləyib.

Elturan müəllimin “Şuşanın memarlığı” (1977), “Memarın gözü ilə” (1978), “Elturan” (1986) kitabları var. O, eyni zamanda memarlığa və incəsənətin tarixinə aid soxsaylı məqalə və kitabçaların müəllifidir. 2003-cü ildə ona professor adı verilib.

Gözəl insani keyfiyyətləri, bənzərsiz əsərləri ilə qəlblərdə taxt quran Elturan müəllimə cansağlığı arzulayırıq.

Səməd MƏLİKZADƏ

Избранный
16
xalqqazeti.az

1Источники