RU

Azərbaycanda badamın “adamı” niyə tapılmır?

Qlobal badam bazarının illik dəyəri 6 milyard dollar ətrafındadır; iqtisadçı: “Bu qədər iş görüldüyü halda, Azərbaycan niyə xaricdən badam idxal etməlidir?”

Son illərdə Azərbaycanda əkin sahələri və istehsalı böyük sürətlə artan çərəz meyvələr arasında badam xüsusi yer tutur. Badamın dünya bazarında kifayət qədər baha qiymətə satılması ona marağı artırır. Ümumiyyətlə, dünyada badamın 50-yə qədər növü var. Badam bitkisinin ləpəsinin 90 faizi yeyinti, 5 faizi tibb və 2 faizi ətriyyat sənayesində istifadə olunur. Badam bitkisi ləpəsinin yağlılığına və yüksək qidalılığına görə qiymətləndirilir. Badam ləpəsində 60-70 faizə qədər yağ, 25 faizə qədər zülal, 10 faizə qədər şəkər, B, E, K vitaminləri, sulu karbonlar, sellüloza və s. var. Ləpədən həm təzə halda, həm də qənnadı məmulatlarının hazırlanmasında istifadə edilir. Ləpədən alınan yağ qənnadı (şokolad, konfet, peçenye) və ətriyyat sənayesində, əczaçılıqda geniş istifadə edilir.

Adi badam yabanı halda Güney Qafqaz, Orta Asiya, Əfqanıstan, İran və Kiçik Asiyada yayılıb. Azərbaycan ərazisində də yabanı halda vaxtilə geniş yayılıb. Hazırda Naxçıvanda Şahbuz rayonunun Badamlı qəsəbəsinin ətrafında və dağlıq hissələrdə qalmış badam meşəlikləri burada çox qədimdən böyük badam meşəliklərinin olmasına dəlalət edir.

Qlobal badam bazarının illik dəyəri 6 milyard dollar ətrafındadır. Bazarın əsas oyunçuları ABŞ, İspaniya, Avstraliya, Türkiyə, Əlcəzair və İrandır.

Azərbaycanda bu bitkiyə maraq 2014-2015-ci illərdəki böhran dövründə ixracı səmərəli məhsul kimi xüsusilə artıb. Nəticədə badam əkinlərinin sahəsi 2015-ci ildəki 477,4 hektardan 2023-cü ildə 3689,8 ha-ya çatıb. Bunun 700 ha-ya yaxını 2022-ci ildə salınıb. Ümumiyyətlə, 2018-ci ildən bəri badam əkinləri ildə orta hesabla 500 ha genişlənib.

Bağların sahəsinin artımı ölkədə badam istehsalının artımı ilə müşayiət olunub  - 2015-ci ildəki 1099,9 tondan 2023-cü ildə 4235,8 tona qədər. Çox maraqlıdır ki, dövlət güzəştli kreditləri, subsidiyaları hesabına badam bağlarının sahəsi artırılsa da, məhsuldarlıq 2015-ci ildəki 25,2 sentnerdən 2023-cü ildə 20,8 sentnerə düşüb. Bu zaman ən yüksək məhsuldarlıq Şəki-Zaqatala iqtisadi rayonunda -52,6 sentner, ən aşağı məhsuldarlıq isə Gəncə-Daşkəsən iqtisadi rayonunda - 5,5 sentner əldə olunub. Bu azalmanın sırf məhsuldarlığın azalması ilə bağlı olmadığı hiss olunur: mütəxəssislərə görə, badam ağacı əsas məhsuldarlıq göstəricisinə 5 yaşında çatır. Badam bağlarının mühüm hissəsinin son 3-4 ildə salındığını nəzərə alsaq, yığılan məhsulun ümumi sahələrə bölünməsi zamanı aşağı göstəricinin əldə olunması təbiidir.

Daha bir maraqlı məqam istehsalın artması prosesinin idxalı azaltmamasıdır. Məlumdur ki, Azərbaycanda badam xüsusilə Novruz bayramı ərəfəsində daha çox istehlak olunur: bayram süfrəsinin əsas atributlarından biri badam və ondan hazırlanan şirniyyatlardır. Bundan əlavə, badamdan ilboyu da şirniyyatların və kosmetik vasitələrin istehsalı zamanı istifadə olunur.

Yuxarıda da qeyd etdik ki, badam istehsalı digər ixracyönümlü bitkilər kimi dövlət tərəfindən dəstəklənir. Dövlət həm badam bağlarının salınmasına əkin subsidiyası verir, həm də güzəştli kredit ayırır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subdisiya Şurasının sentyabrda qəbul etdiyi qərarla yanacaq qiymətlərinin artmasına görə subsidiyaların məbləğində də artım edilib. Qərara görə, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan intensiv bağların hər hektarına 3500 manat, ondan əvvəl salınanlara 800 manat subsidiya verilir. Müxtəlif şirkətlər, sahibkarlar bu fürsətlərdən yararlanmaqla badam bağlarını sürətlə artırırlar.

Məsələn, Azərbaycanın ən böyük badam istehsalçısı AZBADAM şirkətidir. Şirkətin İnternet resursunda AZBADA-ın həm də regionun ilk və tək badam emalı zavodunun sahibi olduğu qeyd edilir. Bildirilir ki, AZBADAM şirkətinin əsas fəaliyyəti öz bağlarında və respublika ərazisində əkilmiş digər badam bağlarından alınan məhsulun emalı və satışını həyata keçirməkdir. Şirkətin badam bağları 427 hektarı əhatə edir. Şirkət bəyan edir ki, badam bağlarında “yüksək keyfiyyətlə, GLOBAL GAP sertifikatının tələblərinə uyğun yetişdirilən badam, ISO 22000 və FSSC 22000 sertifikatının tələbləri nəzərə alınmaqla dizayn edilmiş emal zavodunda bütün mərhələləri tamamladıqdan sonra satışa hazır vəziyyətə gətirilir”.

Zavodda badam ləpəsi çeşidlənərək 5 fərqli ölçüdə sortlara ayrılır və qablaşdırılaraq satışa təqdim olunur. Ispaniya texnologiya ilə qurulan zavodun illik emalı gücü 2000 ton badam ləpəsidir. Şirkətin açıqlamasına görə, bu həcm yerli bazarı 100 faiz təmin etməklə yanaşı, ixracameylli satış strategiyasının inkşafına xidmət edir.

İnşası 2021-ci ilin sentyabrında tamamlanan zavodun ümumi investisiya dəyəri 13,5 milyon manatdır. Bunun 10 milyon manatı Sahibkarlığın İnkişafı Fondu hesabına ayrılan güzəştli kredit, 3,5 milyon manatı isə təsisçi kapitalıdır.

Zavodun açılışında iştirak edən Prezident İlham Əliyevə verilən məlumata görə, 2015-2019-cu illərdə ölkədə istehlak olunan təmizlənmiş badamın 90-95 faizi idxal edilib, lakin 2021-ci ildən bu sahədə ürəkaçan dinamikanı görmək olacaq. Hətta iddia olunub 2021-ci ildə ki, badam idxalı 50 faizə qədər azaldılıb. 2024-cü ildə isə yalnız AZBADAM-ın bağları bütün Azərbaycanın istehlak həcmini qarşılaya biləcək.

Badam emalı zavodunun açılışı zamanı Prezidentə məlumat verilib ki, badam ləpəsinin ölkədaxili illik istehlak həcmi 750-800 ton təşkil edir. 2015-2019-cu illərdə ölkədə istehlak edilən badam ləpəsinin 90-95 faizi idxal olunurdu. Bu məqsədlə ölkədən hər il 6 milyon ABŞ dolları məbləğində valyuta xaricə çıxırdı: “Müəssisənin fəaliyyəti nəticəsində 2024-cü ildən etibarən daxili bazarın tələbatı "Azbadam" MMC-nin emal müəssisəsi hesabına nəinki tam şəkildə təmin olunacaq, məhsullar Avropa İttifaqı ölkələrinə, Türkiyəyə, MDB və Mərkəzi Asiya respublikalarına, Hindistana, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə “Made in Azerbaijan” brendi ilə ixrac ediləcək".

Lakin hazırda 2024-cü ilin son rübüdür, Azərbaycana badam idxalının azaldığını deyil, hətta artdığını görürük. Belə ki, 2017-2018-ci illərədək Azərbaycan xaricdən orta hesabla 550-600 ton qabığı təmizlənmiş badam idxal edirdisə, 2022-ci ildə bu göstərici 725,2 tona, 2023-cü ildə 710 tona çatıb. 1 ton qabıqsız badamın idxal qiyməti 2022-ci ildə 5 506 dollar, 2023-cü ildə 5 370 dollar təşkil edib.  Bu isə o deməkdir ki, idxal qiymətlərində bir ildə 136 dollar azalma baş verib.

Badamın ixracına 2021-ci ildən başlanıb. 2022-ci ildə xaricə 852,9 min dollar dəyərində 488,3 ton qabıqlı, 958,98 min dollar dəyərində 199,05 ton qabığı təmizlənmiş badam ixrac olunub (1 ton 4818 dollar). 2023-cü ildə 1  milyon 356,24 min dollarlıq 728,98 ton qabıqlı, 511,18 min dollarlıq 115,56 ton qabıqsız badam (4423,5 dollar) ixracı qeydə alınıb. Göründüyü kimi, kifayət qədər ziddiyyətli və anlaşılmaz mənzərə yaranıb: badam istehsalı sürətlə artsa da, qabıqsız badam idxalında azalma deyil, artım baş verir. Eyni zamanda əlverişli qiymət şəraitinə baxmayaraq biz istehsal etdiyimiz məhsulu daxili bazarın tələbatına yönəltmək əvəzinə xaricə satırıq. Bunu ölkəyə valyuta axınını təmin etmək üçün ixracın artırılması ilə əsaslandırmaq mümkün deyil, çünki 1 ton badamın idxalı eyni həcmdə ixracdan gələn valyutadan 2022-ci ildə 688 dollar, 2023-cü ildə 946,5 dollar yüksək qiymətə başa gəlir.

İqtisadçı ekspert Vahid Məhərrəmli “Qaynarinfo”ya deyib ki, dövlət büdcəsi hesabına yeni salınan bağlara böyük məbləğlərdə subsidiyalar verilir: “Bu qədər iş görüldüyü halda Azərbaycan niyə xaricdən badam idxal etməlidir? Niyə daxildə daha keyfiyyətli badam istehsal edib, özünün tələbatını ödəməsin? Niyə görə biz badam idxalı üçün valyuta xərcləməliyik? Azərbaycan həmişə badam istehsalı ilə məşğul olub və keyfiyyətli badam istehsal edib. Əlaqədar qurumlara sual ünvanlayıram, niyə biz qeyri-səmərəli bizneslə məşğuluq? Ya əsaslı olaraq yaxşı iş görək, keyfiyyətli badam əldə edək, həm özümüzün tələbatını ödəyək, həm də ixrac edək ölkəyə valyuta gətirək. Yoxsa bunun adı nədir? Daha baha qiymətə badam idxal edirik, daha ucuz qiymətə isə ixrac edirik. Elə bil ki, badam üçün daha çox vəsait xərcləyirik”.

Ekspert əlaqədar təşkilatların bu məsələyə aydınlıq gətirməsinin vacibliyini qeyd edib: “Ona görə ki, sahəyə dövlət vəsaiti ayrılır. Ölkəyə badam valyuta hesabına gətirilir. Hökumət bu məsələni müzakirə etməlidir. Yalnız badam deyil, şərabın özünü də biz 4 dəfə baha qiymətə idxal edirik. Bu sahəyə də böyük məbləğdə böyük vəsait ayrılır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Избранный
2
1
musavat.com

8Источники