RU

“Baku Steel Art 2024” ilk beynəlxalq metal simpoziumu başa çatıb

“Baku

Bakı, 1 oktyabr, AZƏRTAC

Regionda ilk dəfə keçirilən beynəlxalq metal simpoziumu – “Baku Steel Art 2024”ün oktyabrın 1-də bağlanış mərasimi olub. "Baku Steel Company" QSC (BSC) və “QGallery” bədii qalereyasının təşkilatçılığı ilə BSC-nin ərazisində reallaşdırılan simpoziuma Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Hindistan və Bolqarıstan da daxil olmaqla, 7 ölkədən 12 sənətkar qatılıb.

“QGallery” bədii qalereyasından AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi Rəşad Ələkbərov, Teymur Qəribov, Rahib Qarayev, Müşfiq Heydərov, Çinarə Baxşiyeva və Jalə Əliyeva kimi heykəltəraşlar təmsil ediblər. Beynəlxalq iştirakçılar isə Gürcüstandan Aleksandr Popxadze, Türkiyədən Nilhan Sesalan, Rumıniyadan Çiprian Hopirtean, İsraildən Nirit Levav Paker, Bolqarıstandan Kamen Tanev və Hindistandan Haribaabu Naatesan idi.

Mərasimdə siyasi, ictimai və incəsənət xadimləri iştirak edərək iki həftə ərzində ərsəyə gələn sənət əsərləri ilə yaxından tanış olublar.

Simpoziumun əsas məqsədi incəsənətlə metallurgiyanın qarşılıqlı əlaqəsini nümayiş etdirmək, həmçinin bu əlaqənin dayanıqlı inkişafa töhfə verərək ekoloji dəyişikliklər üçün katalizator rolunu oynaya biləcəyini göstərmək idi. Simpozium iştirakçıları nəinki orijinal əsərlərin yaradılması üzərində çalışdılar, onlar həm də öz təcrübələrini bölüşdülər, yaradıcı fikirlər və toplanmış təcrübə mübadiləsi apardılar, bir-birlərinə yeni bədii axtarışlarda kömək etdilər və onları gələcək yaradıcılığa ruhlandırdılar. Qaynaqla və ya xüsusi dəzgahla işləyən sənətkarlar metalı öz görünüşü ilə ətrafdakıları təəccübləndirə, ilhamlandıra və hətta qəlbləri riqqətə gətirə biləcək sənət əşyalarına çevirməyə müvəffəq oldular. Müəlliflərin yaratdığı hər bir metal instalyasiya özünəməxsus şəkildə orijinal və unikallığı ilə seçildi.

"Baku Steel Art 2024" simpoziumunun başa çatması, eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) hazırlıqla üst-üstə düşdü, bu da ekoloji məsələlərin aktuallığını və müasir sənayedə dayanıqlı inkişafın əhəmiyyətini bir daha vurğuladı. Eyni zamanda, dünyanın müxtəlif guşələrindən Vətənimizə təşrif buyuran sənətkarlar ölkəmizdə bu il qeyd olunan “Yaşıl dünya naminə həmrəylik ili”nin missiyasını da layiqincə yerinə yetirmiş oldular.

Избранный
5
2
azertag.az

4Источники