RU

Beynəlxalq təşkilatlar Qərbi azərbaycanlıların qayıdış hüququnu gözardı etməməlidir - RƏY

Beynəlxalq

Bakı, 1 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyev böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında çıxışı zamanı bir daha Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurd-yuvalarına qayıdış hüququnu xatırladıb. Bu məsələ hər zaman gündəmdədir və Qərbi Azərbaycana qayıdış konsepsiyasında bütün məsələlər öz əksinin tapıb. Sənəddə də qeyd olunduğu kimi, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi əsas şərtdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla soydaşlarımızın öz yurdlarına geri dönmələrinə şəraitin yaradılması, oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsi əsas hədəflərdən biridir. Bu hədəflərin reallaşması üçün bütün imkanlar səfərbər edilib. Prezident İlham Əliyev Qarabağa, Şərqi Zəngəzura qayıdış hissi yaşayan soydaşlarımız kimi, Qərbi Azərbaycandan olan həmvətənlərimiz də bu sevinci yaşayacağını bəyan etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

Deputat Ermənistan hökumətinin azərbaycanlıların qayıdış hüququnu təmin etməli olduğunu xatırladaraq bildirib: “Təəssüf ki, Qərbi Azərbaycan İcmasının Ermənistan hökuməti ilə qayıdış mövzusunda dialoqa başlamaq üçün səyləri nəticəsiz qalır. Beynəlxalq ictimaiyyət, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının insan haqları institutları bu məsələdə dəstək göstərməlidir. Ermənistan Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib, azərbaycanlıların tarixi irsini silməyə çalışıb. Lakin buna nail ola bilməyiblər. Çünki tarixi sənədlər, xəritələr bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhərlərin, kəndlərin adları da Azərbaycan mənşəlidir”.

O əlavə edib ki, bu gün Ermənistanın havadarları etnik ermənilərin qayıdış hüququndan danışanda Qərbi Azərbaycandan olan soydaşlarımızın vəziyyətini gözardı etməyə çalışırlar. Amma Prezident İlham Əliyevin də söylədiyi kimi, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi azərbaycanlılara da şamil edilməlidir.

Избранный
8
azertag.az

1Источники