RU

Bakıda “Xəzər” Biennalesi çərçivəsində təsviri incəsənət sərgisi açılıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində “Xəzər” Biennalesı platforması çərçivəsində Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubu tərəfindən təşkil edilən təsviri incəsənət sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Türkiyə, Bəhreyn və Macarıstandan olan rəssamların əsərləri nümayiş olunur.

Tədbirdə çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova “İncəsənətdə və abstrakt sənətdə antibiznes” mövzusunda “Xəzər” Biennalesində ötən dörd gün ərzində çox maraqlı görüşlər keçirildiyini bildirib. O vurğulayıb ki, “Xəzər” Biennalesi platforması çərçivəsində Xəzəryanı və digər ölkələrdən rəssamlar, kuratorlar və ekspertlərin bir araya gəlməsi diqqətəlayiq hadisədir. Biennale ölkələrimiz arasında təsviri sənət sahəsində əlaqələrin genişlənməsinə töhfə verir, təcrübə mübadiləsinə şərait yaradır.

Sərgidə müxtəlif forma, janr və mövzulara aid əsərlər təqdim olunur və hər bir rəssam özünəməxsus mərkəz nöqtəsini tapmağa çalışır. Sənət onu yaradandan və inkişaf etdiyi cəmiyyətdən ayrı deyil. Onların qarşılıqlı təsirində yeni mənalar və istiqamətlər yaranır. Sərgi realizmdən abstraksiyaya və sürrealizmə qədər olan geniş sənət axınlarını, həmçinin konseptual axtarışları nümayiş etdirir.

Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov və Tacikistan Rəssamlıq İttifaqının sədri Nərgiz Həmidova çıxış edərək Biennalenin mədəni mübadilənin dərinləşməsində rolunu vurğulayıb, ortaq sərgilərin keçirilməsinin faydalı olacağını bildiriblər.

“Xəzər” Biennalesinin əhatə dairəsinin ildən-ilə genişlənməsindən məmnunluq ifadə olunub.

Bildirilib ki, “Xəzər” Biennalesi ilk dəfə Bakıda sovet dövründə keçirilib.

Çıxışlarda qeyd olunub ki, bu sərgi region ölkələrinin mədəni müxtəlifliyini yeni bir baxış bucağından təqdim edir. Sərgi milli kimliyin sənət vasitəsilə araşdırılması, xəyal edilən coğrafiyalar və tarixlə müasirlik arasındakı əlaqələrin alternativ şərhləri üzərində cəmləşir. Müasir incəsənət burada təkcə rəssamların fərdi təəssüratlarını əks etdirmir, həm də cəmiyyətin kollektiv şüurunun bir səsi kimi çıxış edərək əsas sualları ortaya qoyur.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgi oktyabrın 15-dək Azərbaycan Milli İncəsənət Muzeyində davam edəcək.

Избранный
18
1
azertag.az

2Источники