RU

Ədəbiyyat İnstitutunun Elmi şurası bir sıra vacib məsələləri müzakirə edib

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib.

İclasda müzakirəyə çıxarılan ilk məsələ Prezident İlham Əliyevin 2024-cü il 25 yanvar tarixli “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq görülən işlər və qarşıda duran vəzifələr haqqında olub.

AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli bildirib ki, Füzulişünaslıq sektorunda ədiblə bağlı mühüm tədqiqatlar aparılıb, konfranslar keçirilib. Oktyabr ayında AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin təşkilatçılığı ilə Məhəmməd Füzuliyə həsr olunan konfrans keçiriləcək. Bundan əlavə, Türkiyənin Qazi Universiteti ilə birgə konfrans təşkil olunacaq. Dekabr ayında isə İraqın Kərkük şəhərində Məhəmməd Füzuliyə həsr olunan konfransda AMEA da təmsil olunacaq. Həmçinin Azərbaycan alimlərinin Özbəkistanda və Qazaxıstanda Füzuli günləri tədbirlərində iştirak etdikləri vurğulanıb. Almaniyada Füzulinin 530 illiyinə həsr olunmuş poçt markasının buraxıldığı da diqqətə çatdırılıb.

İclasda Prezident İlham Əliyevin 2024-cü il 9 sentyabr tarixli “Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq qarşıda duran vəzifələr haqqında da müzakirələr aparılıb. Qeyd edilib ki, Ədəbiyyat İnstitutunda Nəbi Xəzri yaradıcılığına dair elmi iş müdafiə olunaraq kitab ərsəyə gətirilib. Akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunda Nəbi Xəzrinin yaradıcılığına həsr olunmuş konfransın keçirilməsi ilə bağlı tapşırıqlarını verib.

Daha sonra Bakı Ekspo Mərkəzində Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı müzakirələr aparılıb. Qeyd edilib ki, sərgi çərçivəsində ustad dərsləri, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar keçiriləcək və gənclərin, doktorantların iştirakı onların gələcək fəaliyyətində faydalı ola bilər. Akademik İsa Həbibbəyli sərginin dünya ədəbiyyatşünaslığının istiqamətlərini müəyyənləşdirmək baxımından da önəmli olduğunu deyib, Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Elmlər Akademiyasının da xüsusi stendlə iştirak edəcəyini bildirib.

Elmi şurada Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Ədəbi proses – 2024” yaradıcılıq müşavirəsinin məruzəçilərinin müəyyən olunmasına dair məlumat verib, mövzular üzrə müəlliflərin adlarını təqdim edib.

Həmçinin Təhsil şöbəsinin müdiri dosent Günay Qarayeva 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul olanların elmi rəhbərlərinin, dissertasiya mövzularının və təhkim olunduqları şöbələrin təsdiq edilməsi haqqında məlumat verib.

Ədəbiyyat İnstitutunun elmi katibi dosent Aygün Bağırlı dosentlik, çap və müsabiqə məsələləri ilə bağlı təklifləri qeyd edib, təkliflər səsə qoyularaq qəbul olunub.

Elmi şuranın iclasında, həmçinin Ədəbiyyat İnstitutunun əməkdaşlarının müəllifi olduqları, onların elmi redaktorluğu ilə respublikada işıq üzü görmüş nəşrlər nümayiş etdirilib.

 

Избранный
9
3
azertag.az

4Источники