RU

Aşıq Ələsgərin qaçqın düşməsi və dağıdılan HEYKƏLİ

Aşıq Ələsgərə Bakıda qoyulan abidə görkəmli el sənətkarının adını gündəmə gətirib. Hamı Onun Azərbaycan paytaxtında ucaldılan abidəsini müzakirə edir.

Aşıq Ələsgər mövzusunun gündəm olduğunu nəzərə alaraq, onun vaxtilə Qərbi Azərbaycandan - doğma Ağkilsə kəndindən qaçqın düşməsinə və heykəlinin ermənilər tərəfinsən dağıdılmasına da toxunmaq yerinə düşər.

Kəlbəcərlə sərhəddə yerləşən Göyçə mahalı Basarkeçər rayonunun Ağkilsə kəndində yaşayan Alməmməd adlı yoxsul bir kəndlinin ailəsində dünyaya gələn Aşıq Ələsgərin təvəllüdü 22 mart 1821-ci il tarixi göstərilir.

Ələsgər uşaq yaşlarından Kərbəlayı Qurban adlı bir varlı adamın nökəri olub. Bəzi mənbələrə görə, elə nökərçilik illərində - yeniyetmə dövründə dəli sevdayla Səhnəbanı adlı bir qıza aşiq olub, amma onunla qovuşa bilməyən Ələsgər sözdən-şeirdən kam almağa üz tutub, saza-sözə bağlanıb. Sonralar o, Aşıq Alı kimi sanballı ustaddan dərs alıb.

Dədə Ələsgər Ağkilsədə yaşa dolub, aşıq kimi fəaliyyət göstərib, yaşayıb-yaradıb. O, Göyçə mahalında, Kəlbəcərdə, Gəncə zonasındakı məclislərdə iştirak edib.

Aşıq Alıdan qazandığı təcrübəni zaman-zaman cilalayan Dədə Ələsgər Aşıq Nəcəf, Aşıq Qurban, Aşıq Yusif, Aşıq Ağayar, Aşıq Əsəd, Aşıq Qiyas və başqalarının sənətkar kimi yetişməsində xüsusi rol oynayıb.

Ustad aşıq ermələrin amansız münasibətini hələ öz sağlığında görüb.

Belə ki, 1918-19-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğından sonra göyçəlilərlə birgə o da doğma kəndini tərk etmək məcburiyyətində qalıb, qaçqın düşüb. İki il Kəlbəcərin Yanşaq kəndində, bir neçə ay da Tərtərdə yaşayıb.

Aşıq Ələsgər bir də Ağkilsəyə Sovet hökuməti qurulandan sonra - 1921-ci ildə - ömrünün sonlarında qayıdıb.

Müasirlərinin dediyinə görə o, ucaboy, enlikürək, bədəncə sağlam, qüvvətli imiş. Hətta boyunun 210 sm olduğu barədə məlumatlar da var. Sazı sol əli ilə çalar, sağ əlini pərdələr üzərində gəzdirərək, aşıq havaları ifa edərmiş.

İlk məhəbbəti daşa dəyəndən sonra uzun müddət Səhnəbanını unuda bilməyən Ələsgər 40 yaşına qədər subay qalıb, sonra Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir qızla evlənib. Müasirlər nəql ediblər ki, Dədə Ələsgər nümunəvi bir ailə başçısı olub, həmişə uşaqlarının qayğılarını çəkib. Övladlarının nazı ilə oynayan aşıq eyni zamanda əməksevərliyi, iş-gücü ilə onlara nümunə göstərib.

Aşıq Ələsgərin 5 oğlu, 6 qızı dünyaya gəlib. Onun iki oğlu cavan ikən dünyasını dəyişib.

Ustad aşıq 1926-cı il mart ayının 7-də  dünyasını dəyişib.

1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyi ilə əlaqədar Ağkilsə kəndində qəbirüstü abidəsi ucaldılıb. Ağkilsə kəndindəki qəbirüstü abidəsinin açılışına Azərbaycandan böyük nümayəndə heyəti gedib. Açılışda Aşıq Ələsgərin kiçik oğlu Talıb da iştirak edib.

Yubiley Azərbaycanda böyük təntənə ilə qeyd edilib. Aşığın ikicildliyi işıq üzü görüb. Adı dillərdə gəzən qoşmalarına mahnılar yazılıb.

Ermənilər Ağkilsə kəndinin adını 1975-i ildə dəyişərək Azad qoyublar. 1988-ci ildə isə kənddə yaşayan bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyaraq Ağkilsədən qovub çıxarıblar.

1988-ci ildə baş verən məlum olaylardan sonra ermənilər Aşıq Ələsgərin Ağkilsə kəndindəki abidəsini dağıdıb, yerlə bir ediblər.

Qeyd edək ki, həmin kənddə Aşıq Ələsgərin öz əli ilə tikdiyi evi də vardı… Həmin evin də dağıdıldığı güman olunur.


Aşıq Ələsgərin övladları: Gülnisə, Bəsti, Talıb, Zümrüd. Foto 1957-ci ildə çəkilib.


A.Qorxmaz

Избранный
7
modern.az

1Источники