RU

MƏHKƏMƏ SƏDRİ ŞƏHİD AİLƏSİNİN 3 ÜVÜNÜ HƏBS ETDİRİB? - Mübariz Əkbərova qarşı şok ittihamlar

Bakı şəhəri, Xəzər rayonu, Qədəmgah küçəsi 36 ünvanında yaşayan, şəhid ailəsinin üzvü Dadaşova Qızqayıt Mahmudağa qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Məhkəmə Hüquq Şurasının üzvü - Ədliyyə nazirinin müavini Abiddin Hüseynova, MHŞ-nin üzvü - Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyevə, MHŞ-nın üzvü - Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilova, MHŞ-nın üzvü – Sumqayıt Apelliyasiya Məhkəməsinin sədri Tofiq Paşayevə, MHŞ-nın üzvü - Naxçıvan Ali Məhkəməsinin sədri Səadət Bektaşiyə, MHŞ-nın üzvü - Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyevə, MHŞ-nın üzvü – Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərova, MHŞ-nın və Ali Məhkəmənin sədri İnam Kərimova və MHŞ-nın üzvü – Bakı Apelliyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova müraciət edən şikayətçi xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun qanunsuz hərəkətləri (hərəkətsizliyi) ilə bağlı MHŞ qarşısında məsələ qaldırsınlar və qanunvericiliyin tələblərinə müvafiq tədbir görsünlər. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli MHŞ sədri və üzvləri!

Mən şəhid ailəsinin üzvüyəm. Dövlətimdən, Prezidentimdən çox razıyam. Bildirirəm ki, 17.09.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsində qəbulda olmuşam. Qəbuldan narazı qaldığım üçün Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun məni şəxsən qəbul etməsini  məhkəmənin məsul işçisindən xahiş etmişəm.

Məhkəmə əməkdaşları məni get-gələ saldıqdan sonra, 18.09.2024-cü il tarixdə, təxminən saat 14:30 radələrində Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov məni şəxsən qəbul etmişdir.

İstər Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun qəbulunda, istər də məhkəmənin inzibati binasının qarşısında olarkən işlətdiyim, “İlham Əliyev mənim Prezidentimdir, heç vaxt, korrupsioner və rüşvətxor məmurların Prezidenti ola bilməz”,  “mən ŞƏHİD verməmişəm ki, siz oturub pul yığasınız, məni ələ və get-gələ salasınız? ” və.s. söylədiyim  ifadələrimin üstündə dururam, bu gün və sabah da duracağam. Çünki bu sözləri mənə Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin xeyrinə qərar çıxardıqları Əliyev İsa Cəfər oğlu söyləmişdir. O, deyir ki, “Bakı Apellyasiya Məhkəməsinin hakimlərinə və sədrinə bir meşok pul vermişəm, dərdini kimə deyirsən de, kefin hara istəyir şikayət et...”

Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli MHŞ sədri və üzvləri!

Mən dərdimi Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova deməyə getmişdim. Mən demirəm ki, İsa Əliyev düz deyir və yaxud da yalan danışır. Ancaq çox-çox təəssüflər olsun ki, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, qəbulundan  çıxan günün səhərisi - 19.09.2024-cü ildə məni və qaynım Dadaşov Rasim Hacıbaba oğlunu həbs etdirməklə, bir daha subut etdi ki, İsa Əliyevin söylədikləri həqiqətmiş. Demək, “həqiqət acı olur” deyimi də təsdiqini tapdı.

Məni və qaynımı həbs etdirməklə ürəyi soyumayan məhkəmə sədri 27.09.2024-cü il tarixdə “ŞƏHİDLƏRİN ANIM GÜNÜNDƏ” həyat yoldaşımı da 10 sutka həbs etdirdi. Mübariz Əkbərov şəhid ailəsinin 3 (üç) üzvünü həbs etdirməklə bir daha təsdiq etdi ki, İsa Cəfər oğlu Əliyev həqiqətən də Bakı Apellyasıya Məhkəməsinin hakimlərinə və sədrinə pul verib, öz xeyrinə qərar çıxartdırmışdır.

Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli MHŞ sədri və üzvləri!

Bəlkə də Azərbaycan dövlətinin tarixində ilk dəfədir ki, Yasamal Rayon Məhkəməsinin sədri Bakı Apellyasiya Məhkəməsi sədrinın sifariş ilə ŞƏHİD ailəsinin 3 (üç) üzvünü həbs etmişdir.

Bəlkə də ilk dəfədir ki, Yasamal Rayon Məhkəməsinin sədri Mübariz Əkbərovun sifarişi ilə ŞƏHİD anasını “xırda xülüqanlıqda” ittiham etmiş və 50 manat cərimə edib, məhkəmə zalından azadlığa buraxmışdır.

Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovdan soruşun görək, mən Bakı Apellyasiya Məhkəməsinin inzibati binasının qarşısında olarkən - saat 12:30 radələrində “xırda xülüqanlıq” və s. etmişdimsə, onda nəyə görə saat 14:30 radələrində məni şəxsən qəbul etmişdir!?

Qabaqcadan bildirirəm ki, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun bu kimi qanunsuz hərəkətlərə (hərəkətsizliyə ) əl atmaqda məqsədi İsa Əliyevdən aldığı pulları geriyə qaytarmamaq üçün bizi qoxutmaq, haqqımızı tələb etməkdən çəkindirmək və 08.10.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq işi yenidən İsa Əliyevin xeyrinə qərar çıxarmaqla həll etməkdir.

Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli MHŞ sədri və üzvləri!

Yuxarıda qeyd olunan faktları nəzərə alıb Sizlərdən xahiş edirəm ki, vəzifəsindən, dövlətin ona verdiyi statusdan - imtiyazlardan sui-istifadə edən Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun qanunsuz hərəkətlərinın (hərəkətsizliyi) qarşısının alınması istiqamətində  qanunvericiliyin tələblərinə müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə MHŞ qarşısında məsələ qaldırılmasına göstəriş verəsiniz və ədalət zəfər çalana kimi bu işi diqqətinizdə saxlayasınız”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda  adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. 

Избранный
15
1
hurriyyet.az

2Источники