RU

"Məişət zorakılığının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi vacibdir" - Zenfira Mustafayeva

QHT.az-a özəl açıqlama verən Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva, məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi məqsədilə qanunvericiliyin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. O, bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyi, o cümlədən Konstitusiya və ölkənin tərəfdaş olduğu beynəlxalq müqavilələr məişət zorakılığına qarşı mübarizədə mühüm rol oynayır. Bununla belə, bəzi məqamlar var ki, daha da təkmilləşməyə ehtiyac duyulur:

"Bəzi məqamlar var ki, biz və digər bu sahədə çalışan QHT nümayəndələri qanunun daha da təkmilləşməsi üçün təkliflər vermişik və bu təkliflərin çoxu hörmətli Bahar xanım Muradovanın Milli Məclisdə çıxışında öz əksini tapmışdır. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitə QHT-lərlə sıx əməkdaşlıq edərək bu sahədə problemlərin həlli yollarını birlikdə axtarır. Bizim təkliflərimizdən biri zorakılıq qurbanlarının qorunması üçün verilən mühafizə orderinin yerli İcra Hakimiyyəti tərəfindən deyil, məhkəmə tərəfindən müddətsiz verilməsidir. Belə ki, mühafizə orderi o vaxta kimi qüvvədə qalır ki, təhlükə soruşur və zərərçəkmiş tərəf öz ərizəsi ilə orderə xitam verilməsi üçün müraciət edir. Zərərçəkmiş şəxsin vəkil xidmətindən pulsuz olaraq yararlanması və məhkəməyə müraciət üçün dövlət rüsumundan azad olunması təklif olunur.

Bu təklifləri 7.0.7 bəndinə əlavə edilsəydi yaxşı olardı. Bu bənd zərər çəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə əlaqədar tədbirlərin görülməsidir.

Mustafayeva əlavə edib ki, bu sahədə risk qrupuna daxil olan ailələrin vəziyyətləri barədə məktəbəqədər və ümumi təhsil müəssisələrinin müvafiq qurumlara müntəzəm məlumat verməsi vacibdir: "Ailələrlə həm sosial, həm tibbi, həm psixoloji, həm də hüquqi sahədə işlər aparılmalıdır. Biz vətəndaş cəmiyyəti olaraq bu missiyanı üzərimizə götürmüşüksə, layihə oldu-olmadı, daima ailələrlə ünsiyyətdə olmalıyıq."

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
9
qht.az

1Источники