RU

“Aşıq Namiqin heykəlinə daha çox oxşayır” – Aşıq Ələsgərin abidəsi tənqid olundu

Dünən Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı baş tutdu. Abidənin açılışından sonra sosial mediada paylaşılan fotolar isə heç də birmənalı qarşılanmadı. Abidəni bəyənməyib tənqid edənlər də oldu, bəyənənlər də.

Tribunainfo.az xəbər verir ki, Mətbuat Şurasının sədri Rəşad Məcid abidəni bəyənənlərdəndir. O bildirib ki, Aşıq Ələsgərin heykəli fərqlidir:

“Dəyərli sənət əsəridir, çoxlu mesajlar və məna çalarları var. Şablon olsaydı bu qədər müzakirə yaratmazdı”.

Yazar Şərif Ağayar isə abidəni bir başqa formada qiymətləndirib. O bildirib ki, hərənin öz Ələsgəri var və bu da müəlliflərin Ələsgəridir:

“Mən də belə gözləmirdim, düşünürdüm, Nizami, Füzuli heykəli kimi bir nümunə çıxar. Amma və lakin burda təkcə Ələsgərə yox, onun coşqun təbinə və ilhamına da abidə qoyulub. Yəni realist deyil, rəssam interpretasiyasıdır. Heykəl mütəhərrikdir və Ələsgər enerjisini ötürə bilir. Sazla arasındakı boşluq isə zen-buddistlərin yay-ox boşluğunu xatırladır. Bu Aşıq Mübarizin buraxdığı boşluq deyil. Janra uyğun baxsanız, mən görənləri siz də görəcəksiniz. Əsər təsəvvürünüzdəki gerçəkliklə üst-üstə düşmürsə, o demək deyil ki, pisdir. Hərənin öz Ələsgəri var. Bu da Natiq Əliyevin və Malik Babayevin Ələsgəridir. Təyinatı üzrə yanaşıb peşəkar qiymətləndirsək, daha yaxşı olar”.

Jurnalist Həbibə Abdulla isə abidəni bəyənməyənlərdəndir. Onun fikrincə, müəllifin saz sənətindən xəbəri yoxdur:

“Bir aşıq musiqisi sevən, hər gün aşıq dinləyən kimi deyirəm: o heykəl aşıq Namiq üçün daha uyğundur, nəinki Aşıq Ələsgər üçün. Ömründə bir dəfə aşıq dinləməyən, aşıq ifasını izləməyənlər mənim fikrimə əks çıxa bilər, amma ustad aşıqlar sazı başının üstünə qaldırıb çalmırlar, sinələrinə basırlar, ən uzağı qulaqlarını saza dirəyirlər. Aşıq Ələsgər Koroğlu da deyil ki, at belində sazla söz deyə, sonra sazı havaya qaldırıb igidlərini döyüşə səsləyə. Gözüm saza sataşmasa, qılıncı başının üstünə qaldıran döyüşçü heykəlinə bənzədərəm”.

Nigar İxtiyarqızı

Избранный
8
1
tribunainfo.az

2Источники