RU

Ölkələr Livana yardım etməyə başlayıb

Ölkələr

Bir çox ölkələr İsrailin hücumuna məruz qalan Livana humanitar yardım çatdıracaqlar.

Reyting.az
xəbər verir ki, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Misir, İraq, İordaniya, Kanada, Fransa, Böyük Britaniya, eləcə də Avropa İttifaqı və Ümumdünya Ərzaq Proqramı (WFP) öz bəyanatlarında Livana kömək edəcəklərini bildiriblər.

Xatırlanır ki, İsrail ordusunun hücumlarını intensivləşdirdiyi Livanda sentyabrın 17-dən “Hizbullah”ın istifadə etdiyi rabitə vasitələrinin işə salınması nəticəsində 1217 nəfər ölüb, 970 nəfər yaralanıb.

İsrailin bombardmanları nəticəsində yüz minlərlə insan ölkə daxilində didərgin düşüb. Müharibə narahatlığının gündən-günə artdığı Livana bir çox ölkə və beynəlxalq təşkilatlar yardım edəcəklərini açıqlayıblar.

Türkiyədən 30 ton humanitar və tibbi yardım materialı daşıyan təyyarə Livanın paytaxtı Beyruta göndərilib. Səudiyyə Ərəbistanı çətin vəziyyətdə olan Livan xalqına dəstək üçün humanitar və tibbi yardımlar edəcəyini bildirib.

Qətərin QNA xəbər agentliyi yazır ki, Qətər Yardım Təşkilatı Livanın cənubunda humanitar yardım paylayıb.

BƏƏ-nin rəsmi agentliyi olan WAM-da yer alan xəbərə görə, prezident Məhəmməd bin Zayed Əl Nəhyan Livana 100 milyon dollar dəyərində təcili yardım əmri verib.Bu addımın BƏƏ-nin Livana dəstək əzmi və mövcud çətinliklərlə mübarizəsi çərçivəsində atıldığı bildirilib.

Misir Rəyasət Heyətindən verilən açıqlamada qeyd olunur ki, prezident Əbdülfəttah əs-Sisi Livanın baş naziri Nəcib Mikati ilə telefon danışığında təcili olaraq humanitar və tibbi yardım materiallarının Livana göndərilməsi barədə göstəriş verib.

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani gərginliyin artmasından sonra Livana yardım çatdırmaq və yanacaq nəqlini asanlaşdırmaq üçün hava və quru körpüsünün qurulacağını açıqlayıb.

İordaniyanın “Petra” xəbər agentliyinin xəbərində humanitar yardım aparan təyyarənin sentyabrın 29-da Livana gəldiyi və Livan ordusuna təhvil verildiyi bildirilib.

Bildirilib ki, bu, sentyabr ayında göndərilən yardım ləvazimatlarını daşıyan ikinci təyyarədir.

Kanada Xarici İşlər Nazirliyindən verilən açıqlamada Livandakı mülki şəxslərə 7,4 milyon dollar yardım ediləcəyi bildirilib.

Fransanın xarici işlər naziri Jan-Noel Barrot sentyabrın 29-da Livana səfərinə başlayanda Fransadan gətirilən 12 ton tibbi ləvazimatın 1000 ağır yaralının müalicəsində istifadə edilmək üçün Livan səlahiyyətlilərinə çatdırıldığını açıqlamışdı.

Böyük Britaniyanın Livana humanitar yardımı dəstəkləmək üçün 5 milyon funt sterlinq yardım ayırmağa qərar verdiyi və yardımın UNICEF vasitəsilə paylanacağı bildirilib.

Avropa İttifaqının sentyabrın 29-da verdiyi açıqlamada İsrailin Livana hücumlarından zərər çəkənlərə yardımların çatdırılması üçün 11,2 milyon dollar dəyərində humanitar yardımın ediləcəyi bildirilib.

Dünya Ərzaq Proqramından verilən açıqlamada Livana hücumlardan zərər çəkən 1 milyon insana ərzaq yardımı edilməsi üçün əməliyyatın başladığı açıqlanıb. Bu çərçivədə bütün Livanda köçkünlərə hazır yemək, çörək, isti yemək və ərzaq bağlamalarının paylanacağı bildirilib.

V. QULİYEV
Избранный
9
reyting.az

1Источники