RU

Dünyanın diqqəti ABŞ-dakı seçkilərdədir: “Nə yolla olursa- olsun, öz hegemonluğunu kimsəyə verməyəcək”

“ABŞ-da keçirilən bütün prezident seçkiləri kimi bu dəfəki seçkilər də bütün dünyanın siyasi arenasını bilavasitə əlaqədər edir. ABŞ dünyanın hərbi və iqtisadi super gücü kimi bütün dünyanın taleyinə təsir edir. Nahaq yerə demirlər ki, hər bir ölkə ənənəvi qoşunlarından başqa bir də Amerika ilə qonşudur. Bu, o deməkdir ki, hər bir ölkə siyasətini formalaşdırarkən ABŞ-ın mövqeyini nəzərə alır. Ya onun yanında, ya da qarşısında olur. Neytral qalmaq isə hardasa çox çətin məsələdir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloq bildirib ki, bu dəfəki ABŞ seçkiləri əvvəlkilərindən fərqli gözləntiləri özündə ehtiva edir:

“Məsələ ondadır ki, dünya yeni dünya düzəninə daxil olur. Güclərin bölünməsi, illərdir mövcud olan geosiyasi problemlərin, torpaq münaqişələrinin, nəqliyyat dəhlizlərinin yenidən gündəmə gəlməsi gerçəkliyi ilə hamı üz-üzə qalıb. Bu baxımdan da ABŞ seçkilərinə diqqət böyükdür. Seçkidə kimin qalib gəlməsi böyük ölçüdə qeyd edilən məsələlərdə mövqelərin aydınlaşmasına səbəb olacaq.

Təbii ki, bu seçkinin ABŞ daxili vəziyyətə təsirinin də gərginlik fonunda keçəcəyi söylənilir. Amma hesab edirəm ki, bu, elə də ciddi fəsadlar verməyəcək. Namizədlər arasında seçici faizinin nisbətinin az olduğu, K.Harrisin isə öndə olduğu qeyd edilir. Hesab edirəm ki, bu nəticə sona kimi belə qalacaq. Ümumiyyətlə, Donald Trampın yenidən hakimiyyətə qayıtmasını mümkün hesab etmirəm. Trampın öncədən elan etdiyi siyasət yeni dünya düzəninə, Demokratik dünyanın şanslarına zərbə olacaq. Bu isə indiki həlledici məqamda dünyanın gələcəyinə təsir edən hadisə ola bilər. Odur ki, D.Trampın hakimiyyətə qayıtmasına ABŞ dərin dövləti buna imkan verməz. ABŞ hesab edir ki, məğlub ola bilməz. Nə yolla olursa- olsun, ABŞ öz hegemonluğunu kimsəyə verməyəcək”.

//Gülnarə Abasova, Editor.az

Избранный
5
editor.az

1Источники