RU

Natiq müəllim, boynunuza alın ki, bu "Kələntər dayı"nın heykəlidir, filosof Aşıq Ələsgər deyil...

Sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılış mərasimi oldu. El sənətkarına qoyulan heykəl əlbəttəki, bizi də sevindirəcəkdi. Çünki işğalçı ermənilər Aşıq Ələsgərin Göyçədəki məzarı dağıdıb, məhv etmişdilər.

Həmin heykəldən daha yaxşısını, samballısını və nəhayət el sənətkarının haqq etdiyi bir abidəni görəcəyimizə əmin idik. Abidənin üzərindən örtük götürülən andan müzakirələr başladı. Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti sənətkara həsr olunmuş bu abidəni də bəyənmədi və tənqidlər başladı. Abidə sanki professor, Rusiya rəssamlıq akademiyasının fəxri üzvü , Azərbaycan Respublikasının xalq rəssamı Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyevin yox, təcrübə öyrənməyə başlamış bir tələbənin əlindən çıxmışdı. Xüsusən, Aşıq Ələsgərin geyimi , boyu, sazı tutma tərzi abidənin ən çox tənqid olunan tərəfləri idi.

Müəllifin Kult.az-a müsahibəsi guya narazı qalanların sakitləşdirmək məqsədi daşıyırdı, amma elə ilk kəlmədən bu açıqlamanın “özünümüdafiədən” başqa bir şey olmadığı ortadaydı. Onun ilk cümləsi belədir: “Heykəlin boyu barəsində münasibət bildirənlər realda heç onu görməyiblər”.
Hörmətli professor, biz sizin kimi Aşıq Ələsgərin boyunun 210sm olduğunu bilirik . Boyu bu ölçüdə olan adamı mütləq görməliyikmi? Ətrafımızda o boyda, o ölçüdə adam azdırmı?


Heykəlin 4 metr hündürlüyü olduğunu deyirsiniz , amma, qəddi-qamətli, ucaboylu- buxunlu, enlikürək, ciddi simalı Aşıq Ələsgəri o 4 metrdə elə təsvir etmisiniz ki, sanki heykəl real tarixi şəxsiyyət deyil, məsələn, “7 oğul istərəm” filmindəki təxəyyül məhsulu olan Kələntər dayı obrazıdır. Balacaboy, adi, sıradan biri.. Düşünürəm ki, izləyicilər də heykəli görəndə Aşıq Ələsgəri yox, mütləq Kələntər dayını görürlər.
Keçək, Aşıq Ələsgərin sazı tutmaq tərzinə. Müəllifin bu haqda dediklərini olduğu kimi qeyd edirik:” “Biz burada təkcə heykəl hazırlamırıq. Aşıq Ələsgər sadəcə toylarda saz ifa edən aşıqlardan deyil. O, filosof, şair olub, torpağından didərgin düşən bir sənətkardır, yurd-yuvasına qayıtmaq üçün hayqırır. Aşığın orada qəbri dağıdılıb, Bakıda sazı sinəsinə basıb, saz çalıb, mahnı oxumalı idi? Bir növ hayqırır ki, torpaqlarımıza qayıtmalıyıq. Şükür Allaha ki, rəşadətli Ordumuzun qanı hesabına, cənab Prezidentin rəhbərliyiylə torpaqlarımız qayıtdı. Bu fonda Aşıq Ələsgərin heykəli də hayqıran obrazdır.”

Ay professor, ay qardaş biz sizdən filosof, şair, el sənətkarı, folklorçu aşığın heykəlini istəmişik e, köçkünü, qaçqının monumental heyayəsini yox...Axı , filosoflar sıradan biri deyillər, dahidirlər, mütəfəkkirdilər, onlar hayqırmırlar, onlar sadəcə min illərdə köhnəlməyən fikirlərin sahibləridir axı, nə hayqırması, nə bağırması, nə inqilab?

Daha sonra müəllif yenə keçir”özünümüdafiəyə”: “Bundan əlavə, Qazaxda Ağköynək qəbiristanlığında Aşıq Ədalətin heykəlini də mən hazırlamışam. Aşıq Ədalət sazı necə çalırdı, hara qaldırırdı? Bunu təkcə Aşıq Ədalət yox, çox aşıq edirdi. Ekstaza gələndə saz başın üstünə kimi qalxır. Bu, ona verilən dəyərdir. Tar, gitara kimi ifa edənlər də var. Ancaq eyni stereotip olmalı, sazı sinəsinə basmalıdırlar? Aşıq Ələsgərin şəkli var ki, orada sazı dizinin üzərinə qoyub çalır. Həmin foto əsasında heykəli hazırlasaydım, onda nə deyəcəkdilər? O şəkli nəticəsi çəkib”.
Natiq müəllim, həm deyirsiniz filosof, həm də deyirsiniz ki, “ekstaza gələndə saz başın üstünə kimi qalxır”. Müəllim, Aşıq Ədalət də böyük sənətkardır, ektaza gələ bilər, başqa aşıqlar da. Amma Aşıq Ələsgər Aşıq Mübariz deyil ki, ekstaza gəlsin, sazla hoqqa çıxartsın. El ağsaqqalıdır, dediyiniz kimi müdürikdir, filosofdur... Sazını sinəsinə sıxıb havasını çalmalıdır... Amma siz sazı Aşıq Ələsgərin əlinə elə vermisiniz ki, sanki Aşıq ona baxmağa gələnlərə sazı tolamazı atacaq.

 

Daha sonra, əgər aşıq sazı bir dəfə dizinin üstünə qoyub çalıbsa, min il yaşayacaq olan heykəl eləmi olmalıdır? Bu nə məntiqdir. Axı siz aşıqdan başqa filosofun, el ağsaqqalının, müdrikin, pəhləvan cüssəli Azərbaycan kişisinin obrazını yaratmalıydınız? Kələntər dayının, qaçqın- köçkünün, Aşıq Mübarizin yox ...

Müəllif , təbii ki, bütün açıqlaması boyu ancaq özünü müdafiə edir... 
Onsuzda, bu görkəmli sənətkarın da heykəlini başqa cür gözləmirdim. Zatən, bundan əvvəl ki, bir sıra heykəllərin də biabırçılıqdan başqa bir şey olduğunu sanmırdım.
Necəki, heykəlləri ilə Koroğlu, Şah İsmayıl Xətai , Azərbaycan qadınını ifadə edən qadınların ruhu təhqir edildi, eləcə də bu siyahıda Aşıq Ələsgər də yer aldı.

 Natiq müəllim , boynunuza alın ki,  erməni heykəltəraş Artuş Papoyan erməni aşığı Sayat Novanı (1712- 1795) sizdən daha mükəmməl şəkildə işləyib: Sayat Novanın bu heykəlində  müdriklik, filosofluq, aşıqlıq  hiss olunur ki, Aşıq Ələsgərdən isə " Kələntar dayı"lıq tökülür...

 Əntiqə  Rəşid

Избранный
11
adalet.az

1Источники