RU

Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 82 faizi ötüb

Paytaxt

Bakı, 1 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 35,4 milyard manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, sənaye məhsulunun 75,9 faizi mədənçıxarma, 20,9 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,5 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,9 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 sentyabr 2024-cü il vəziyyətinə 470,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 31,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Избранный
19
azertag.az

1Источники