RU

İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara 500 milyon manatdan artıq kredit verilib

İpoteka

Bakı, 1 oktyabr, AZƏRTAC

Cari il oktyabrın 1-nə olan məlumata görə, indiyədək müvəkkil banklar tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə 500 milyon manatdan artıq kredit verilib ki, bunun da 65 milyon 155 min manatı cari ilin yanvar-sentyabr aylarının payına düşür.

Fonddan AZƏRTAC-a bildirilib ki, mexanizm çərçivəsində bugünədək zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, İKZF tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki faiz dərəcəsi 6 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib.

Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6500 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 avqust tarixli Fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb və cari ildən etibarən daha iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb.

Qeyd edək ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin prioritetlərindəndir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli Fərmanı ilə ölkədə ilk dəfə olaraq sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyanın verilməsinə başlanılıb. Fərmana əsasən, kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun qarşısında prioritet vəzifə kimi müəyyən edilib.

Избранный
4
47
azertag.az

10Источники