RU

Kritik vəziyyət! Yaxın Şərqin alovu genişlənir: ABŞ İsraili niyə dayandırmır?

Yaxın Şərqdə vəziyyət günü gündən gərginləşməkdədir. İsrail Livan və Fələstinə hücumlar həyata keçirir. Qeyd edək ki, hazırda ən kəskin vəziyyət Livandadır. Hizbullahın və Həmasın mərkəzlərinə vurulan zərbələr və təşkilat liderlərinin həlak olması da gərginliyi pik həddə çatdırıb. Dünyanın hər yerindən İsrail hücumlarına etirazlar gəlməkdədir. Türkiyə, İran, Qətər, Misir və digər dövlətlər, eləcə də beynəlxalq təşkilatlar hücumların dayandırılmasını tələb etsə də, ABŞ-dan hərtərəfli dəstəyini alan İsrail bu çağırışlara məhəl qoymadan dinc əhalinin yaşadığı əraziləri ballistik raketlərlə bombalayır. Bəs proseslərin sonu necə bitəcək? 

Hər kəsi düşündürən bu sualı siyasi şərhçi Elçin Xalidbəyli Sitat.info-ya açıqlamasında cavablandırıb.

O qeyd edib ki, Yaxın Şərqdə baş verən hadisələr tədricən nəzarətdən çıxmaq üzrədir: "Son vaxtlar hücumlar daha geniş əraziyə yayılmağa başlayıb. Bu da bölgə dövlətlərinin bu savaşa qatılma ehtimalını əvvəlki dövrlərlə müqayisədə daha da artırır. Təbii ki,  bütün bu hadisələr əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilməkdədir. Heç şübhəsiz ki, istər ABŞ, istərsə də digər Qərb dövlətlərinin bunda müəyyən maraqları olamamış deyil”. 

Bir sıra Türkiyə, ərəb dövlətləri, eləcə də İran İsraili dayandırmağa cəhd etdiyi halda, ABŞ İsrailə niyə dəstək olur? 

Bu haqda danışan E.Xalidbəyli vurğulayıb ki, ABŞ istəsə elə indi də yaxın Şərqdəki hadisələri dayandıra bilər: "ABŞ-ın hazırda verəcəyi qərarlar, tutacağı mövqe olduqca böyük əhəmiyyət daşıyır. Ancaq onu da nəzərə almaq lazımdır ki, hazırda ABŞ Yaxın Şərqlə bağlı, eləcə də Ukrayna ilə bağlı hansısa yekun qərar almaqda həvəsli deyil. Çünki Amerika Birləşmiş Ştatlarının başı daha çox indiki mərhələdə daxili siyasi qarşıdurmalara, noyabrın 5-də ölkədə keçiriləcək prezident seçkilərinə qarışıb. Çox güman ki,yeni prezident bəlli olana qədər Ağ Ev,  Yaxın Şərqlə bağlı hər hansı qərar qəbul etməyə həvəs göstərməyəcək, indiki mövqeyini qorumağa davam edəcək".

Fatimə Zeynal

Sitat.info

Избранный
3
1
sitat.info

2Источники