RU

®Sadiq Bəbirov: Mobil telefonlardan mütəmadi istifadə yeniyetmələrdə qalxanabənzər vəzi xərçənginə səbəb olur

Son zamanlar tiroid vəzi xəstəlikləri bütün dünyada olduğu kimi, ölkəmizdə də sürətlə artmaqdadır. Xüsusilə son illər qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkənlərin sayında artım müşahidə olunur. Statistikaya görə, hazırda ölkədə artım sayına görə şəkərli diabetdən sonra ikinci yerdə məhz həmin xəstəlik dayanır. Əvvəllər xəstəliyə əsasən 40 yaşdan yuxarı olanlarda təsadüf edilirdisə, indi zob xəstəlikləri nəinki “cavanlaşıb”, hətta “uşaqlaşıb”.

Endokrin Mərkəzin baş həkimi cərrah-endokrinoloq Sadiq Bəbirov qalxanabənzər vəzi xəstəlikləri ilə bağlı sualları cavablandırıb.

-Sadiq həkim, son vaxtlar endokrinoloji problemlərdən əziyyət çəkən xəstələrin sayının artması narahatlıq doğurur. Orqanizmdə hansı narahatlıqlar hiss olunarkən qalxanabənzər vəzi xəstəliklərindən şübhələnmək olar?

- Qəbul edilən keyfiyyətsiz qidalar, ekoloji faktorlar, irsi xəstəliklərin çoxalması, şüalanma, oturaq həyat tərzi, piylənmə, mübadilə pozuntuları və s. kimi amillər həmin xəstəliyi yaradan səbəblərdir. Qeyd etmək lazımdır ki, dünyada əhali sayının artması adambaşına düşən xəstəlik sayının çoxalmasına səbəb olur. Müasir dövrdə altı aydan bir, heç olmasa ildə bir dəfə ultrasəs müayinəsindən keçərək qalxanabənzər vəzin hormonlarının yoxlanılması həmin xəstəliyin vaxtında aşkarlaması üçün vacibdir. Cünki bəzən xəstəliklər əlamətsiz keçir və müayinə zamanı təsadüfən aşkarlanır. Qan göstəricilərinə əsasən isə xəstələrdə haşimoto xəstəliyi, zəhərli zob və hormonal çatmazlıqlar müəyyən olunur. Toxumaların strukturunda baş verən hansısa formada dəyişikliklər əsasən hiss edilmir və uzun illər bundan xəbərsiz yaşayanlar var. Elə olur ki, bəzən ömürboyu müayinəyə getməyən pasiyent 70 yaşında qalxanabənzər vəzini ultrasəs müayinəsi ilə yoxlatdırarkın aşkarlanır ki, vəzi tamamilə düyünlərdən ibarətdir və ölçüsü böyüyüb. Lakin xəstə o vaxta qədər narahatlıq hiss etməyib, heç bir sağlıq problemi ilə üzləşməyib.

-Hansı əlamətlərə diqqət yetirmək lazımdır?

- Qalxanabənzər vəzinin funksiyasının azalmasının əlamətləri zəiflik, yorğunluq, quru dəri, qəbizlik, gün ərzində yuxulu olmaqdır. Hansısa bir işi görmək üçün gücün, enerjinin olmamağı əsas əlamət sayılır. Lakin həmin hal sadəcə yuxusuzluq və ya yorğunluqla da əlaqədar ola bilər. Qalxanabənzər vəzinin funksiyasının artmasının əlamətləri isə əksinə, hipermetabolizm, maddələr mübadiləsinin sürətinin artması, ürək döyüntüsü, bədən istiliyi, tərləmə, emosional qıcıqlanma, bədəndə, əllərdə titrəmə və səbəbsiz arıqlamadır. Xərçəng xəstəliyi zamanı isə nəfəs borusu sıxıla bilər, boğulma, yemək yeyərkən çətinlik və səsin batması müşahidə edilə bilər. Əgər boyunda diskomfort hissi varsa, qalxanabənzər vəzinin hormonları mütləq yoxlanılmalı və ultrasəs müayinəsi aparılmalıdır.

-Qalxanabənzər vəzin fəaliyyətinin pozulmasını hansı faktorlar sürətləndirə bilər?

- Uzunmüddətli xroniki stres, düzgün qidalanmamaq, gecə yuxusuzluğu, energetik içkilər, virus və bakteriyalar, qanda laxtalanma, alkoqol qəbulu, siqaret çəkmək, zəhərli maddələr qalxanabənzər vəzinin fəaliyyətinin pozulmasına səbəb olur. Əgər nəzərə alsaq ki, qalxanabənzər vəzi saat 23:00-dan sonra fəaliyyət göstərir, gecə növbəsində çalışmaq, gec yatmaq hormonal disbalansa, beləliklə də, endokrinoloji problemlərə aparıb çıxarır.

Burada irsi faktorların da rolu var. Əgər ailənin bir üzvündə, xüsusilə ana xətti ilə zob varsa, ailənin digər üzvlərində də xəstəliyin aşkarlanması mümkündür.

-Qalxanabənzər vəzi xəstəlikləri arasında daha çox hansılara rast gəlinir?

-Qalxanabənzər vəzi xəstəlikləri arasında zob xəstəliyinə daha çox rast gəlinir. Təxminən hər üç nəfərdən birində həmin xəstəlik müşahidə olunur. Bəzən düyünlər boğaza toxunanda hiss olunur, bəzən də ultrasəs müayinəsi zamanı üzə çıxır. Qalxanvari vəzidə aşkarlanan hər düyün qorxulu deyil. Həmin düyünlərin yalnız 10 faizi bədxassəli olur. Əgər düyünlərdən ultrasəs müayinəsi zamanı şübhə halı varsa, xəstəyə biopsiya olunmaq məsləhət görülür.

- Hansı hallarda əməliyyat tibbi göstərişdir?

- Əməliyyata tibbi göstəriş ildən-ilə dəyişir. Əgər 25 il əvvəl 1 santimetr ölçüsündə düyün əməliyyata göstəriş idisə, hazırda ona yanaşma dəyişib. 4 santimetrə qədər düyün xoşxassəlidirsə, heç bir şikayət yoxdursa, əməliyyata ehtiyac qalmır. Əgər şübhəli düyündürsə, biopsiyada xərçəng və ya şübhəli hüceyrələr aşkar edilərsə, düyünün ölçüsündən asılı olmayaraq əməliyyat olunmalıdır. Bu gün əhali arasında kütləvi olaraq ultrasəs müayinəsi aparılsa, yoxlanılanların 60-70 faizində düyün olduğunu görərik. Bu, heç də onların hamısının xərçəng xəstəsi olması demək deyil.

Statistika göstərir ki, 100 xəstədə düyün əlamətləri varsa, onun yalnız 5-i xərçəngə keçir. Xoşxassəli düyün 1-3 faiz hallarda bədxassəli şişə çevrilə bilər. Qalan bütün hallarda düyünlü zob xoşxassəli olur. Ona görə də düyünlü zobu olanlar mütləq vaxtında ultrasəs müayinəsindən keçməli, ixtisaslı həkimə müraciət etməlidirlər. Onu da qeyd edim ki, kişilərdə qadınlara nisbətən risk faizi daha yüksəkdir. Əgər qadınlarda 100 düyünün yalnız 5-i xərçəngə keçirsə, kişilərdə həmin göstərici on dəfə yüksəkdir. Hər 100 kişidən 20-30-da xərçəngə çevrilmə riski var.

-Gecikmə hansı ağırlaşmalara səbəb olur?

-Xərçəngin ilkin mərhələlərində əməliyyat olunan xəstələr tam sağalaraq həyata qayıdırlar. Qocalıb dünyasını dəyişdikləri zaman da onların ölüm səbəbi xərçəng xəstəliyi ilə əlaqədar olmur. Amma gecikdirilmiş hallarda xərçəng tam olaraq yayılaraq vəzi tuta bilər, boynun limfa vəzilərinə və ya uzaq orqanlara metostaz verə bilər. Endokrin sistemin istənilən xəstəliyində gecikmə ağırlaşma verə bilər. Bunun nəticəsində ürək, qaraciyər kimi həyati vacib orqanlar sıradan çıxa bilər.

Bəzən xəstələr əməliyyatdan qorxduqları, həkimlər tərəfindən düzgün istiqamətləndirilmədikləri üçün müalicəyə gecikirlər. Ölüm riski, səsinin batmasından çəkinən xəstə əməliyyat olunmaqla razılaşmaq istəmir. Xəstə 6 ay, 1 il müddəti üçün ona yazılan dərmanları illərlə qəbul edir. Bu, isə orqanizmdə fəsadlar yaradır. Hər bir gecikdirilmiş əməliyyat, hər bir ağırlaşma isə həyati risk daşıyır.

- Təəssüf ki, qalxanabənzər vəzin xərçəngi uşaq və yeniyetmələr arasında da çoxdur…

-Ona görə də valideynlərə xitabən demək istəyirəm ki, uşaqları mobil telefonlar, planşet və şüalanmadan qorumaq lazımdır. Aparılan araşdırmalar, sorğular, hər gün üzləşdiyimiz mənzərədən çıxış edərək deyə bilərəm ki, mobil telefonlardan mütəmadi istifadə azyaşlı və yeniyetmələr arasında qalxanabənzər vəzin xərçənginə səbəb olur. Heç bir valideyn istəməz ki, övladı xərçəngə yoluxsun. Elə hallar olur ki, 14-15 yaşlı uşağı müayinəyə edərkən onda xərçəng xəstəliyi aşkar olunur. Araşdırma və sorğu aparılarkən məlum olur ki, ailə üzvlərindən heç birində həmin xəstəlik yoxdur. Lakin uşaq gecə-gündüz mobil telefonu əlindən yerə qoymur və təəssüf ki, şüalanmaya ilk məruz qalan orqan qalxanabənzər vəzidir. Əgər belə davam etsə, yaxın 5-10 il ərzində gənc nəsil arasında xərçəngdən dünyasını dəyişənlərin sayı artacaq. Heç kəs xəstəlikdən sığortalanmayıb. Qalxanabənzər vəzini sağlamlığını qorumaq üçün spirtli içki qəbul etmək, siqaret çəkmək və şüalanmadan uzaq olmaq, sağlam həyat tərzi yaşamaq vacibdir. Qalxanabənzər vəzi xərçənginin, eləcə də diffuz düyünlü zobun qarşısının alınması düzgün qidalanma və pis vərdişlərdən imtina ilə başlayır. Toksik zobun səbəbi bir çox hallarda məhz stres və qeyri-sağlam qidalanma, passiv həyat tərzidir.

- Bir həkim kimi tövsiyələrinizi eşitmək istəyərdik…

-Hər kəs Allahın verdiyi ömrü yaşayır və heç kəs ona verilmiş ömür payından artıq yaşamır. 100-120 il və daha uzun ömür sürən insan da bir gün dünyasını dəyişir. Neçə il yaşamağından asılı olmayaraq hər kəs bir gün dünyadan köçür. Sağlamlığı da, xəstəliyi də verən Allahdır. Bəzən elə ağır əməliyyatlarla üzləşirik ki, ümidin azaldığı və hətta itdiyi anda xəstəni yenidən həyata qaytarır, ağır vəziyyətdən çıxarır. Bəzən də ümidlə yanaşıldığı halda həyat işığı sönür. Həkimlər yalnız vasitəçidirlər. Allahın izni olarsa, ona hər vaxt yardım etmək və vəziyyətdən çıxarmaq olar. Ona görə də bizə bəxş olunan həyatı sağlam və xoşbəxt yaşayıb başa vurmaq üçün vaxtında sağlamlığımızın qeydinə qalmalıyıq.

Əlaqə: (012) 514 45 01, 012 514 45 02

Mobil :050 210 23 44

https://www.instagram.com/sadiqbabirov/

Избранный
19
azertag.az

1Источники