RU

Arif Əsədov: “Qarabağ” “Malmö”yə qalib gəlmək gücündədi - MÜSAHİBƏ

Azərbaycan yığmasının sabiq məşqçisi, “Qarabağ”ın keçmiş müdafiəçisi Arif Əsədovun matc.az saytına müsahibəsi - "Qarabağ" Avropa Liqasında Liqa mərhələsinə 0:3 hesablı məğlubiyyətlə başladı. Halbuki “Tottenhem”lə səfər matçından yaxşı nəticə ilə qayıtmaq üçün əla fürsət var idi. Komandamız niyə rəqibin 10 nəfərlə qalmasından, üstəlik, penalti vurmaq hüququndan faydalana bilmədi? - Oyundan öncə hər kəs “Tottenhem”in favorit olduğunu başa düşürdü. Təbii ki, “Qarabağ”ın Londondan xalla qayıtması sürpriz olardı. Amma matçın gedişi, xüsusən də, ilk dəqiqələrdə rəqib müdafiəçinin qırmızı vərəqə alması hamımızı ümidləndirdi. Lakin “Tottenhem”in təcrübəsi və rəqib futbolçuların ustalıq səviyyəsi öz sözünü dedi. İngilislərdən fərqli, “Qarabağ” əlinə düşən qol imkanlarından istifadə edə bilmədi. - “Qarabağ” qol vəziyyətlərindən yararlana bilsəydi, bəlkə də, oyun başqa cür nəticələnəcəkdi... - Bu cür komandalara qarşı oyunlarda əlinə düşən qol fürsətlərindən maksimum istifadə etməlisən. Yalnız bu halda yaxşı nəticəyə imza ata bilərsən. Təəssüflər olsun ki, “Qarabağ” nə penaltidən yararlana bildi, nə də yaratdığı qol epizodlarından. Digər tərəfdən, “Tottenhem”lə görüş “Qarabağ”a inam verdi ki, bu cür komandaya qarşı oynamaq mümkündüsə, ondan aşağı səviyyəli rəqiblərlə oynamaq asan olacaq. - "Qarabağ" Avropa Liqasında növbəti oyununu Bakıda "Malmö"yə qarşı keçirəcək. Rəqibi məğlub yola sala biləcəyik? - Məncə, həmin qarşılaşmada tam fərqli “Qarabağ” görəcəyik. Təmsilçimiz azarkeşlərin dəstəyi ilə daha inamlı oyun göstərəcək. “Qarabağ” “Malmö”yə qalib gəlmək gücündədi. Düşünürəm ki, komandamız bu vəzifənin öhdəsindən mütləq gələcək. Amma əsas məsələ “Tottenhem”lə oyunlardakı səhvlərdən nəticə çıxartmaq və qol imkanlarından istifadə edə bilməkdi. “Qarabağ” kreativ komandadı, yaradıcı futbolçuları çoxdu. Bu səbəbdən bütün oyunlarda qol vəziyyətləri yarada biləcək potensialdadı. Sadəcə, bu fürsətləri dəyərləndirmək lazımdı. - "Qarabağ"ın Avropa Liqasında pley-offa çıxmaq şansını necə qiymətləndirirsiniz? - Təbii ki, “Qarabağ”ın şansı var. İlk “8-lik” arasına düşmək çətin olsa da, 24 komandanın sırasında yer almaq mümkündü. Qarşıda hələ 8 oyun var. Düşünürəm ki, bu görüşlərdə “Qarabağ” xallarını qazana biləcək və pley-offa yüksələcək. Vacibdi ki, “Qarabağ”ın zədəli olan aparıcı futbolçuları sıraya dönsünlər. Marko Yankoviç və Marko Veşoviçin qayıtması təmsilçimizə böyük güc qatacaq.

Избранный
18
matc.az

1Источники