RU

Mənəvi dəstək qarşıya hədəf qoymaqdan daha effektli üsuldur

İdmana uşaqlıq dövründə başlamaq sağlam böyümək və gümrah bədənə sahib olmaq baxımından böyük əhəmiyyət daşıyır. İdman eləcə də intizamlı həyat tərzinə və yaxşı ətrafa sahib olmağa da kömək olur.

Ancaq bəzən valideynlər seçimlərində yanılırlar. Uşaqlarını idmana göndərmək istəyənlərə xüsusi tövsiyələr var.

İdman uşaqların fiziki, mental və ruhi inkişafını dəstəkləyən çox əhəmiyyətli bir vasitədir. Eyni zamanda idman sayəsində uşaqların özünə inamları artır. Müasir həyat şərtləri yeni nəsillərin çox hərəkət etmədən yaşamağına səbəb olur. Bu baxımdan idman uşaqların, gənclərin inkişafı üçün çox önəmlidir.

Hərəkətsiz həyat xəstəlikləri hər keçən gün artırır. Valideynlər deyir ki, uşaqlar kiçik yaşlarından idman vərdişi qazanmalı, yalnız idman müsabiqələrini seyr edən deyil, şəxsən iştirakçıları olmalıdırlar.

Cəfər Əliyev (valideyn): “Mən özüm də uşaq vaxtlarından idmanla məşğul olmuşam. Hazırda övladlarımı da cüdo idman növü ilə məşğul olmaları üçün bölməyə yazdırmışam. İdman həm sağlamlıq baxımından, həm də onların sağlam böyüməsi üçün önəmlidir”.

Ayaz Məmmədov (valideyn): “Övladlarımızı uşaq vaxtlarından idman bölmələrinə yazdırmaq lazımdır. Məsələn, mən öz oğlumu həftədə 3 dəfə təşkil olunan məşq prosesinə gətirirəm. Onun idmanı, xüsusilə də cüdonu sevməsindən məmnunam. Bu, onun sağlam olması üçün vacibdir”.

Vaqif Qasımov (valideyn): “İdmana kiçik yaşlardan önəm vermək lazımdır. Sağlamlıq baxımından çox yaxşıdır”.

Müxtəlif növlərlə məşğul olmaq, idmana maraq göstərmək, nəticələr qazanmaq uşaqların gələcəyini sağlam təməllər üzərində qurmaq baxımından faydalıdır. İdman seçimləri baxımından peşəkar yanaşma sonrakı fəsadların yaranmaması üçün vacib əhəmiyyət daşıyır. Bu baxımdan seçim edərkən, bölgə üzrə aktuallıq təşkil edən idman növlərinin üzərində dayanmaq məsləhət görülür.

Azyaşlı uşaqlar qaçma, tutma və tullanma kimi təməl hərəkətləri edə bilirlər. Dolayısı ilə idman seçimləri zamanı, valideyn övladının sadalananları edə bilib-bilməməsi ilə bağlı fikir yürütməlidir. Gimnastika, qaçış, futbol, aykido, yüngül atletika və idman rəqsləri kimi ilkin idman vərdişləri mütəxəssis tərəfindən övladını idmana həvəsləndirmək istəyən valideynlərə tövsiyə olunur.

Naib Balaşov (məşqçi): “Əlbəttə, sağlamlığın kökündə dayanan əsas məsələ idmandır. Uşaq vaxtlarından idmanla məşğul olmaq gələcək üçün də əhəmiyyətlidi. Valideynlər də uşaqlarını sevdiyi idman növlərinə yazdırmalıdır. Potensiallı idmançı həm ölkədaxili, həm də ölkəxarici yarışlarda özünü yaxşı tərəfdən göstərir”.

Valideynlər idman sahəsində övladlarının qarşısına yüksək hədəflər qoymaq əvəzinə onlara daim mənəvi dəstək olmalıdır. Bu zaman övladlarının özgüvəni və nailiyyətləri daha çox olur. İstənilən halda, sağlam ruhlu gəncliyin yetişməsində idmanın da əvəzsiz rolu var.

BƏHRUZ MUSAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

Избранный
25
futbolinfo.az

1Источники