2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən hasil edilən 1000 kubmetr qazın faktiki istehsal maya dəyəri 76,03 manat təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə SOCAR-ın 2023-cü ildəki fəaliyyəti ilə bağlı illik hesabatında bildirilir.

Sənədə əsasən, bu, daha əvvəlki ilinin göstəricisi ilə müqayisədə 8,46 manat və ya 12,5 % çoxdur.

SOCAR üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 2,8 %, yanacaq xərcləri 0,3 %, elektrik enerjisi xərci 0,4 %, əmək haqqı xərcləri 12,6 %, sosial sığortaya ayırmalar 2,9 %, əsas vəsaitlərin amortizasiyası 14,3 %, əsas vəsaitlərin təmiri və texniki xidmət xərcləri 15,7 %, nəqliyyat xərcləri 12,2 %, mühafizə xərcləri 2,8 %, mədən vergisi 16,8 %, digər vergilər 3,8 %, digər xidmətlər üzrə xərclər 12,5 %, sair xərclər isə 2,9 % təşkil edir.

Bildirilib ki. qazın hasilatına, “Azərkontrakt” ASC-dən alışına və idxala çəkilən xərclərlə yanaşı, qazın emalı, saxlanması, nəqli və paylanması xərcləri də nəzərə alınmaqla 2023-cü ildə SOCAR üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 178,67 manat təşkil edib.

Qazın maya dəyərinin artması keçən ilə nisbətən material və yanacaq xərclərinin, əmək haqqı və sosial sığorta xərclərinin, əsas vəsaitlərin amortizasiya xərclərinin, əsas vəsaitlərə texniki xidmət xərcləri, nəqliyyat xərclərinin, mühafizə xərclərinin, digər xidmət xərclərinin və digər xərclərin artması hesabına baş vermişdir. Belə ki, material xərcləri 1 milyon 807 min manat (17,1 %), yanacaq xərcləri 351 min manat (32,6 %), əmək haqqı xərcləri 3 milyon 423 min manat (6,5 %), sosial sığorta xərcləri 881 min manat (7,3 %), əsas vəsaitlərin amortizasiya xərclərinin 3 milyon 545 min manat (5,9 %), əsas vəsaitlərin təmiri və texniki xidmət xərcləri 2 milyon 830 min manat (4,3 %), nəqliyyat xərcləri 1 milyon 803 min manat (3,4 %), mühafi zə xərcləri 3 milyon 932 min manat (47,1 %), digər xidmət xərcləri 5 milyon 170 min manat (10,3 %) və digər xərclər 1 milyon 349 min manat (11,5 %) artıb.