RU

Fuad Hacızadə: Kosmik zibillərin konteynerlərlə Aya göndərilməsini təklif etdim - MÜSAHİBƏ

Kosmos və ekologiya məsələləri üzrə ekspert, Azərbaycan Respublikasının 2008-ci ildə ilk milli telekommunikasiya peyki olan “Azerspace-1”-in buraxılışına hazırlıq üzrə İşçi qrupun üzvü, texnika elmləri doktoru,professor, Beynəlxalq Ekoenergetika Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının və Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü, Azərbaycanın Əməkdar mühəndisi Fuad Hacızadənin APA-ya müsahibəsi

- Aerokosmik sənaye nə üçün lazımdır?

- Hazırda dünya elmində, iqtisadiyyatın inkişafında iki əsas istiqamət var. Bura rəqəmsallaşma və kosmik tədqiqat materiallarından istifadə daxildir. İqtisadiyyatın, həyatın elə bir sahəsi yoxdur, rəqəmsallaşma məsələsi aktual olmasın, kosmik tədqiqatların materiallarından istifadə zəruri sayılmasın. Məsələn, ətraf mühitin öyrənilməsi, şəhərsalma, yolların salınması, kommunikasiyaların yaradılması və digər sahələrdə kosmik tədqiqatların nəticələri istifadə olunur. Həm kosmik tədqiqatlar nəticəsində əldə olunan məlumatlar çox genişdir, həm də bunun üçün məsrəflər də çox deyil. Tutaq ki, neft-qazla bağlı geoloji axtarışla əlaqədar uzun müddət böyük ərazilərdə müxtəlif alətlərlə, texnika ilə iş aparılırdısa, indi kosmik texologiya vasitəsi ilə bu məsələlər qısa müddətdə həllini tapa bilir. Kosmik texnologiyalar, metodlar vasitəsiylə neft, qaz və digər mineral yataqların əlamətləri müəyyənləşdirilir. Kənd təsərrüfatında kosmik metodlarla məhsulun yetişmə dövrü, xəstəlik yayılıb-yayılmadığı, məhsuldarlıq proqnozu müəyyənləşdirilir. Meşəçilikdə meşələrin, o cümlədən qırılan meşələrin sahəsi, ağacların növləri, meşələrin yanması, xəstəliklərin yayılması da kosmik metodlarla öyrənilir.

Məsələn, biz 1990-cı ildə Naxçıvanda “Naxçıvan-90” eksperimenti aparırdıq. Yerüstü ölçmələr aparıldı, daha sonra maşınlarda qurulan estakadalar, vertolyotlar, təyyarə vasitəsilə yerdəki eyni parametrlər ölçüldü. SSRİ-nin kosmosdakı “Mir” stansiyasında həmin parametrli cihazlar qurulmuşdu. 29 sentyabr 1990-cı ildə yerdən, 10 metr hündürlükdə estakadadan, 500 metrdə helikopterdən, 3 km hündürlükdə təyyarədən və 500 km hündürlükdə “Mir” stansiyasından eyni nöqtə eyni parametrlər ölçüldü. Bu, tədqiqat üçün çox gözəl materialdır. Biz yerdə ölçdüyümüz parametri dəqiq hesab edirik. 10 metr hündürlükdə estakadadan ölçmədə cüzi xəta var. Vertolyotda həmin parametri ölçəndə xəta böyüyür. Təyyarədə bu xəta vertolyota nisbətən böyük olur. 500 km-də uçaq kosmik stansiyada xəta tamam başqadır. Eyni obyektin bu ölçmələr vasitəsilə alınan parametrlərinin müqayisəsi aparılır. Bu ölçmələrdə arada 10 metr, 500 metr, 3 km, atmosfer də daxil olmaqla 500 km fərq var. Bu xətalar öyrənilir. Tutaq ki, atmosfer hansı xətaları verə bilər? Sonda yerdə alınan parametr kosmik stansiyada alınan parametrlə uzlaşdırılır. Yəni aradakı xəta nəzərə alınmaqla, yerdəki parametrlə kosmosda alınan parametr uzlaşdırılır, yəni 500 km-də alınan nəticəni yerdə alınan nəticəyə çatdırırlar. Bu xətalar da mürəkkəb riyazi hesablamalarla, üsullarla nəzərə alınaraq kənarlaşdırılır. Beləliklə, 500 km hündürlükdə böyük dəqiqliklə yerdəki parametrə uyğun nəticə əldə edə bilirsən. Elə kosmik metodlar var ki, yer və dəniz səthinin, müxtəlif obyektlərin temperaturunu böyük dəqiqliklə ölçülür. Bu, böyük bir elmdir.

-Bu sahədə araşdırmanız olubmu?

- 1983-cü ildə Moskvada Kosmik Tədqiqatlar İnstitutunda müdafiə etdiyim namizədlik dissertasiyam kosmik aparatdan yerdən gələn şüaların infraqırmızı hissəsində enerjinin ölçülməsi ilə bağlı olub. Həmin enerjinin paylanması əsasında atmosferdə Yerdən peykə qədər qazların miqdarını ölçmək üçün xüsusi üsul işləmişəm. Karbon monoksid, karbon dioksid, metan, azotun bəzi oksidlərini, kükürdün oksidini, ozonu ölçürdüm. Mənim işlədiyim metodla 400-600 km yüksəklikdən uçan peykdən onların miqdarını təyin edirdim. Sonda mən həmin materiallar əsasında atmosferdə ümumən metanın ümumi miqdarını hesablamağa nail oldum. Məlumdur ki, metan neft və qazın əlamətidir. Onun atmosferdə orta miqdarı var. Peyk məlumatları əsasında gördük ki, bəzi yerlərdə onun anomaliyası var, yəni metanın miqdarı daha çoxdur. Həmin yerləri araşdırmağa başladıq. Tutaq ki, Abşeron üzərində metanın orta miqdarı çox idi, bəllidir ki, orada neft və qaz var. Ancaq anomaliyalar elə yerlərdə aşkarlanırdı ki, o yerlərdə neft və qazın olması barədə geoloqların məlumatı yoxdur. . Bu məlumatlar aidiyyatı üzrə təqdim edildi. Eyni zamanda, bu qazlar əsasən istixana effektini yaradır və qlobal iqlimin dəyişməsində əhəmiyyətli rol oynayırlar.Bu problemin də araşdırılması və həllində müvafiq olaraq elmi əsərlərim çapdan çıxmışdır.

Mən hazırda Geologiya İnstitutunda çalışıram, kosmik şəkillər əsasında işğaldan azad olunmuş ərazilərdə radiasiya fonunun təhlili mövzusu var. Kosmik şəkillərin emalı üçün müxtəlif mürəkkəb üsullar var. Elə üsullar var ki, kosmik şəkillər əsasında yerin, atmosferin temperaturunu ölçmək, bitki növlərini aşkarlamaq, bitkilərin hansı vəziyyətdə olduğunu müəyyənləşdirmək olur.

- Azərbaycanda bu sahənin inkişafı ilə bağlı ilk addımlar nə vaxta təsadüf edir?

- 1973-cü ildə, sovetlər dönəmində Bakıda Beynəlxalq Astronavtika Konqresi keçirildi. Həmin dönəmdə Azərbaycana Ulu öndər Heydər Əliyev rəhbərlik edirdi. Heydər Əliyev o vaxt Elmlər Akademiyasının Prezidenti Həsən Abdullayevə Azərbaycanda bu sahənin yaradılması və gələcəkdə inkişaf etdirilməsi barədə tapşırıq vermişdi. Elmlər Akademiyasında bu sahəyə xüsusi diqqət yetirilməyə başlanıldı. Elmlər Akademiyasının Prezidenti bu sahəni Tofiq İsmayılova tapşırmışdı. O vaxt Tofiq İsmayılov Fizika İnstitutunda şöbə müdiri idi.

Azərbaycanda Milli Aerokosmik Agentliyinin (MAKA) yaradılmasında Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləri əvəzedilməzdir.

Belə bir təşkilatın məhz Azərbaycanda qərar tutması öz dövründə o qədər də asan başa gəlməmişdir. Azərbaycan xalqının gələcəyinə inamla baxan, xalqımızın elm və texnikanın ən son nailiyyətlərinə yiyələnmək qabiliyyətinə yaxından bələd olan Heydər Əliyev bu çətin məsələnin öhdəsindən məharətlə gəldi, kosmik elm və texnologiyaların Azərbaycanın elmi mühitinə yol açmasında qətiyyətli addımlar atdı.

Həmin dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP KM) Birinci katibi vəzifəsində çalışan H.Ə. Əliyev Azərbaycan Respublikası Elmlər Akademiyasının (EA) nəzdində kosmik texnikanın vasitələrindən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə Mərkəzin təşkil edilməsi ilə bağlı SSRİ Nazirlər Soveti Hərbi Sənaye kompleksinin sədrinə 10 yanvar 1974-cü il tarixli məktubla müraciət edib.

Azərbaycan KP MK-nın bürosunun 21 avqust 1974-cü il tarixli, 99 saylı qərarı ilə Azərbaycanda Elmlər Akademiyası sistemində Bakıda kosmik texnika vasitələrindən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzi ("Kaspi" Elmi Mərkəzi) yaradıldı. Çox az bir müddət keçmişdi ki, Azərbaycan Respublikası EA-nın nəzdində "Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunun yaradılması haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 16 dekabr 1974-cü il tarixli, 516-74 RS saylı sərəncamı imzalandı və çox saylı gənc alim və mütəxəssislərin gələcək yaradıcılıq yollarını müəyyənləşdirdi.

1975-ci ilin yanvarında artıq bu təşkilatlar fəaliyyətə başladı. O vaxt mən 1969-1974-cü illərdə Leninqrad Dövlət Universitetində bitirmişdim. İxtisaslaşmam aeromexanika, aerodinamika ilə bağlı olub. Universitetdə diplom işim kosmik raketlərlə bağlı idi. Avqustda Bakıya gəlmişdim. Sentyabrda müvəqqəti olaraq Fizika İnstitutuna qəbul oldum ki, yanvarda Kaspi Mərkəzi fəaliyyətə başlayacaq və mən onun işçisi olacam. Mən 3 ay Fizika İnstitutunda Tofiq İsmayılovun şöbəsində işlədim və yanvardan "Kaspi" Elmi Mərkəzində fəaliyyətə başladım. Beləki, 1975-ci ildən Azərbaycanda kosmik sənaye ilə bağlı addımlar atılmağa başlanıldı.

Bu qurumun birinci rəhbəri o vaxtlar hələ gənc və istedadlı alim, sonradan isə görkəmli elm xadimi, professor, akademik, müstəqil Azərbaycanın birinci Dövlət katibi Tofiq İsmayılov olub. 1991-ci ildə Qarabaqda Qarakənd üzərində ermənilər tərəfindən vurulan vertolyotda Tofiq İsmayılov da var idi.

1978-ci ildə Təbii Ehtiyatların Kosmik Tədqiqatlar İnstitutu yarandı. 1981-ci ildə “Kaspi” Elmi Mərkəzinin əsasında Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyi (KT EİB) yaradılıb. KT EİB 1985-ci ildən 1992-ci ilədək SSRİ Ümumi Maşınqayırma Nazirliyinin Qlavkosmos İdarəsinin tərkibində fəaliyyət göstərib. O cümlədən müxtəlif rayonlarda – Ordubadda, Lənkəranda, Mingəçevirdə, Qusarda filiallar yaradıldı. O zaman kosmik sahədə çalışmaq böyük bir fəxr idi.

1980-ci illərin ortalarına qədər Azərbaycan alimlərinin hazırladığı iki cihaz – “Siren” (Yasəmən) və Rentgenspektrometr cihazları “Mir” kosmik stansiyasında istifadə olunurdu. Bu, böyük nailiyyət idi. Bir müddət sonra 1 illik Moskvaya Kosmik Tədqiqatlar İnstitutuna ezam olunmuşdum. Orada namizədlik dissertasiyamı başa çatdırdım. Öncə dediyim kimi, namizədlik dissertasiyam kosmik üsullarla Yer atmosferində kiçik qaz komponentlərinin (“istixana qazları”) miqdarının təyin olunması ilə bağlı idi. Hazırda dünyada bu üsullardan da istifadə olunur. Mənimlə paralel bu üsullar digər tədqiqatçılar tərəfindəndə işlənib.

Sosialist ölkələrin kosmik tədqiqatlarla məşğul olan elmi mərkəzlərinin yer aldığı Beynəlxalq Kosmos Birliyi (“İnterkosmos”) vardı, Moskvada yerləşirdi. Azərbaycan alimləri Beynəlxalq Kosmos Birliyi ölkələri ilə birlikdə Azərbaycanda “Günəş-80”, “Günəş-83”, “Günəş-84” və “Naxçıvan-90” beynəlxalq aerokosmik eksperimentləri keçirdi.

1984-cü il avqustun 19-dan sentyabrın 7-nə qədər “İnterkosmos” proqramı üzrə Azərbaycan SSRİ-nin şimal-qərb hissəsində - Şəki, Zaqatala və Mingəçevir rayonları ərazisində «Günəş-84» Beynəlxalq Aerokosmik Eksperimenti keçirildi. 1990-cı idə Naxçıvan Muxtar Respublikasının ərazisində «Naxçıvan-90» beynəlxalq aerokosmik eksperimenti keçirildi. Mən bu eksperimentin rəhbər müavini təyin olunmuşdum. Həmin eksperimentlərin keçirilməsi respublikamızın həyatında əlamətdar bir hadisə olmaqla kosmik təbiətşünaslığın uyğun sahələrinin intensiv inkişafında mühüm rol oynadı. Bu eksperimentlərdə respublikamızın mütəxəssiləri iə yanaşı təyyarəçi-kosmonavtlar V. Lyaxov, L.Popov, V.Petrov və həmçinin Bolqarıstan, Macarıstan, Almaniya, Kuba, Monqolustan, Rusiya, Polşa və Çexoslovakiya alimləri də iştirak edirdilər.

Belə aerokosmik eksperimentlərin nəticəsi olaraq xətalar kənarlaşdırıldıqdan sonra kosmosda 400-600 km hündürlükdə parametrləri böyük dəqiqliklə ölçmək olur.

Onu da deyim ki, “Naxçıvan-90” beynəlxalq eksprimenti zamanı eksperimentin rəhbəri Tofiq İsmayılov,“İnterkosmos”-un rəhbəri, xarici alimlər, tədqiqatçılarla birgə Moskvadan Bakıya gəlmişdi. Həmin alimlər, tədqiqatçılar 20 gün Naxçıvanda çalışdılar. 29 sentyabr təxminən saat 12 radələrində “Mir” kosmik stansiyası 2 dəqiqə Naxçıvan üzərindən üzərindən keçirdi. Həmin məqamda eyni andan yerüstü, estakadalar üzərindən, vertolyotdan, təyyarədən və “Mir” kosmik stansiyasından ölçmələr aparıldı.

Mən 1990-cı ildə artıq Azərbaycan Aerokosmik Monitorinq Mərkəzinin direktoru idim. Azərbaycan Aerokosmik Monitorinq Mərkəzi öncə bu sahədə fəaliyyət göstərmiş qurumların əsasında yaradılmışdı. Tofiq İsmayılov həmin dövrə qədər Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində iki elmi-tədqiqat institut – Təbii Ehtyaiların Kosmik Tədqiqatları İnstitutu və Aerokosmik İnformasiya İnstitutu yaratmışdı. Bundan başqa, Bakıda 8-ci mikrorayondada Kosmik cihazqayırma təcrübi zavod, xüsusi konstruktor bürosu, Lənkəran, Ordubad, Füzuli, Mingəçevir və Qusarda kiçik konstruktor bürolarımız fəaliyyət göstərirdi. Tofiq İsmayılov bir dəfə mənimlə söhbət edəndə dedi ki, xalqımızın intellektual potensialının daha da böyüməsini istəyir. Biz Rusiyaya, Ukraynaya, Qazaxıstana baxanda sahəcə kiçik ölkəyik. Amma bu kosmik sahənin Azərbaycanda inkişaf etdirilməsi böyük bir qürur, fəxr idi.

Tofiq İsmayılov 1991-ci ildə SSRİ Ali Sovetin Rəyasət Heyətinin üzvü idi, böyük bir statusa malik idi. Eyni zamanda Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Baş direktoru idi. 1991-ci ilin aprelində Tofiq İsmayılov Moskvadan Bakıya gəlmişdi. Söhbət zamanı dedim ki, artıq yeni ekoloji yönümlü elmi-tədqiqat institutunu yaratmaq lazımdır. Dedi ki, sənədləri hazırla. Bir ay ərzində sənədləri hazırladım, Nazirlər Kabinetinə, digər müvafiq qurumlara məktublar ünvanladıq. 1991-ci il avqustun 20-də Azərbaycan Nazirlər Soveti qərar verdi ki, Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin nəzdində Ekologiya İnstitutu yaradılsın. Tofiq İsmayılov məni Ekologiya İnstitutuna direktoru təyin etdi.

1991-ci il noyabrda Azərbaycanın digər görkəmli şəxsləri ilə birlikdə

Tofiq İsmayılov Qarakənd səmasında vertolyotda həlak oldu. Biz haradasa yetim qaldıq. Ekologiya İnstitutu yaranıb, 220 əməkdaşı var. Tofiq İsmayılov kimi rəhbərimiz artıq yoxdur, SSRİ dağılıb, ancaq bu institutunun fəaliyyətini və əməkdaşlarının dolanışığını təmin etmək lazım idi. Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Torpaq Komitəsi yaradılmışdı. Təcili Dövlət Torpaq Komitəsi ilə 5 illik müqavilə bağladıq, 220 əməkdaşımız işlə təmin olundu. Azərbaycanın torpaqlarının həm kosmik materiallarla, həm təyyarə çəkilişlərilə təmin etdik, yer quruluşu işləri apardıq.

Kosmik fəzanın öyrənilməsi sahəsində dövlət siyasətini həyata keçirmək, milli aerokosmik proqramları hazırlayıb yerinə yetirmək, başqa dövlətlərlə birlikdə həyata keçirilən beynəlxalq kosmik layihələrə dair işləri əlaqələndirmək və idarə etmək, bu sahələrdə olan elm və istehsal potensialından respublikanın iqtisadiyyatını və təhlükəsizliyinin xeyrinə səmərəli istifadə etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1992-ci il tarixli 580 saylı Fərmanı ilə KT EİB-nin bazasında Azərbaycan Respublikası Prezidenti yanında Azərbaycan Milli Aerokosmik Agentliyi yaradılıb.

Agentlik 1993-2003-cü illərdə yeni yaradılmış Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib və 2003-cü ildə yenidən AMEA-nın tabeliyinə verilib.

- Yeri gəlmişkən, 1991-1992-ci illərdə Azərbaycan Ermənistanın təcavüzü ilə üzləşmişdi. Aerokosmik sahədəki potensialımızdan hansısa formada bu dövrdə istifadə olundumu?

- Kosmik şəkillərin emalı, təyyarədən çəkilişlərin aparılması hüquqları Ekologiya İnstitutuna həvalə olunmuşdu. Bizə aeroçəkiliş üçün MKF-6 aparatı verilmişdi, həmin aparat indi də bir raritet kimi institutda durur. Həmin aparatdan o zaman SSRİ-də iki ədəd idi. O aparatlar Almaniya Demokatik Respublikasında istehsal olunmuşdu. Həmin aparatdan biri “Mir” kosmik stansiyasında, biri isə bizim institutda idi.

Xocalı faciəsindən 4 gün sonra bizə bildirdilər ki, şəkilləri çəkmək lazımdır. Hərbi vertolyotda fotoqrafı götürdük, Xocalıya uçduq, 2 dövrə etdik, şəkillər çəkdik. Əgər Çingiz Mustafayev qətlə yetirilən insanlarımızı çəkmişdisə, biz dağıdılan şəhəri, evləri, binaları çəkirdik.

Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri olduğum zaman 2003-cü ildə Binəqədi rayonunda Xocalı faciəsi ilə bağlı tədbir keçirirdik. Xocalının icra başçısı olmuş hazırkı deputat Elman Məmmədov tədbirə gəlmişdi. Elman Məmmədovu kabinetimə dəvət etdim, həmin şəkilləri göstərdim. Sual verdi ki, bunlar nə şəkillərdir? Dedim ki, Xocalıdan çəkilmiş şəkillərdir. Diqqətlə baxandan sonra dedi ki, bax ora öz evləridir, bu, Ramil Usubovun evləridir, ora məktəbdir.

Xocalıdan çəkilən şəkillərin böyüklərini Elman Məmmədova verdim ki, tədbirlərdə istifadə olunsun. Kiçik şəkilləri isə saxladım, elektron formaya da salmışıq.

1992-ci ildə məni Müdafiə Nazirliyinə dəvət etdilər. Müdafiə Nazirliyində dedilər ki, ermənilər dövlətin, hökumətin xəbəri olmadan Qarabağın dağlıq hissəsində müxtəlif kommunikasiyalar yaradıblar. Bunlar hərbi məqsədli yollar idi. Bildirildi ki, bu kommunikasiyaların kəşfiyyat şəkilləri lazımdır. Dedim ki, bunu edə bilərik. Ukraynadan xüsusi An-30 təyyarəsi dəvət edildi. Təyyarədə aerofotoçəkiliş üçün aparat var idi. İyun ayının üçüncü dekadasında biz öz aparatımızı da bu təyyarədə quraşdırdıq. 10 gün ərzində təyyarə ilə Qarabağın dağlıq hissəsində aerofotoçəkiliş işləri apardıq. Bu işlər ekoloji işlər adı altında aparılırdı. Əslində isə kəşfiyyat işləri həyata keçirilirdi. İnstitutumuzun əməkdaşları, təyyarə heyəti ilə hər gün səhər-səhər təyyarə ilə uçur, saat 14.00-15.00-a qayıdırdılar. Dərhal aerofotoçəkilişləri xüsusi laboratoriyamıza aparırdıq. O zaman fotoçəkiliş rəqəmsal deyildi. Xüsusi laboratoriyamızda fotoşəkilləri emal edirdik, axşam saat 17.00-18.00-da Müdafiə Nazirliyinə təqdim edirdik. Bu, məxfi olduğuna görə fotoşəkillər həmin gün verilirdi. 10 gün ərzində Qarabağın dağlıq hissəsində çəkilişləri yekunlaşdırdıq.

Qeyd edim ki, çəkiliş üçün 10 uçuş saatımız qalmışdı. O müddətdən də səmərəli istifadə etdik. Xəzəryanı ərazilərin, Kür çayı məcrasını və Abşeronun şəkillərini çəkdik və gələcək elmi-tədqiqat ekoloji işlərimizdə səmərəli və müvəffəqiyətlə istifadə etdik.

Digər fəaliyyətimiz: 1992-ci ildə MAKA Ekologiya institutu tərəfindən Geodeziya və Kartoqrafiya Komitəsinin sifarişilə Azərbaycan Respublikasının sərhədlərinin dəqiqləşdirilməsində zəruri olan aeromateriallar əldə etmək məqsədilə respublikamızın sərhəd ərazilərinin aerofotoçəkiliş işləri aparılmışdır.

Agentliyin AMEA-nın tabeliyində fəaliyyəti dövründə aşağıdakı elmi-tədqiqat istiqamətləri olub:

- Təbii və texnogen obyektlərin radiasiya xarakteristikalarına görə onların parametlərinin təyin edilməsinin elmi-metodiki əsasları;

-Aerokosmik elm və texnologiyalar əsasında Azərbaycan ətraf mühitinin kopleks monitorinq sisteminin yaradılması;

- Aerokosmik məlumatların emalı üsulları və coğrafi məlumat sistemləri (CMS) texnoogiyaları;

- Məsafədən zondlamanın texniki vasitələri və məlumat-ölçməkompleksləri.

Respublikamızın ətraf mühitin aerokosmik üsullarla tədqiqində imkanları nümayiş etmək məqsədilə və beynəlxalq kosmik tədqiqatlar məkanına inteqrasiya omaq üçün 1993-cü ildə Müstəqil Azərbaycanda ilk dəfə olaraq MAKA Ekologiya İnstitutu tərəfindən «Ekologiyanın müasir problemləri, onların həllində üsullar və vasitələr» adlı Beynəlxalq Elmi-praktiki Konfrans keçirilmişdir. Konfrasda altı xarici ölkədən alimlər iştirak edirdi.

Yeri gəlmişkən, Qarabağda 1992-ci ildə çəkilişlərlə bağlı AzərTac-a müsahibəmdən sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məni dəvət etdi. Bildirdilər ki, Qarabağla bağlı informasiyaları toplayırıq. Baxdım ki, işləyirlər, mənim də Xocalıda çəkdiyim şəkilləri götürüblər. Deyildi ki, Azərbaycan Respublikasının Prezidenti işğal nəticəsində dəymiş ziyanın hesablanması ilə əlaqədar tapşırıq verib. O vaxt çəkilən şəkillərlə indi çəkilən şəkilləri müqayisə edərək, dağıntının, dəyən ziyanın həcmini müəyyənləşdirməyə çalışırlar. Bildirdim ki, Geologiya və Geofizika İnstitutunda da təklif etmişəm ki, Müdafiə Nazirliyinə məktub yazın, şəkillər nazirlikdədir. Bir ay sonra cavab gəldi ki, həmin şəkillər yoxdur. Şəkillər orada olmalıdır! Yenədə axtaran lazımdır. Məs, MAKA Ekologiya institutu tərəfindən 1992-ci ildə aparılmış aeroçəkiliş işlərinin nəticələri bu tapşırığın həllində lazımlı və vacib material kimi istifadə oluna bilər.

- Hazırda Azərbaycanda bu sahənin inkişafı hansı səviyyədədir?

- Öncə onu qeyd etmək istəyirəm ki, MAKA Ekologiya institutu tərəfindən 1997-ci ildə Azərbaycan Beynəlxalq Əməlliyat Şirkətinin (ABƏŞ) sifarişi ilə Bakı-Supsa neft kəməri boyunca ekoloji tədqiqatlar aparılmışdır. Alınan nəticələr ABƏŞ-ın rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.

1998-ci ildə Dövlət Hidrometeorologiya Komitəsinin sifarişinə əsasən Xəzərin Azərbaycana aid sahillərinin dənizinin səviyyəsinin qalxması ilə bağlı subasma zonalarının xəritələr atlası tərtib olunmuşdur. Həmin atlas Dünya Meteorologiya Təşkilatına təqdim olunmuş və yüklü qiymətləndirilmişdir. Qeyd edim ki, bu məsələ hal-hazırda da olduqca aktual məsə kimi qalır.

1999-cu ildə NATO-nun "Sülh Naminə Elm" proqramı çərçivəsində Xəzəryanı ölkələrlə birgə "Gələcək fəaliyyətin planlaşdırılması üçün Xəzər dənizi" layihəsi yerinə yetirilmişdir. Layihənin əsas məqsədi Xəzər dənizinin vəziyyətinin monitorinqi üzrə fəaliyyət planının işlənməsi olmuşdur.

1998 və 1999-cu illərdə "Təbii fəlakətlərin idarə olunması məqsədilə kosmik texnikanın istifadə olunması üzrə Avropa proqramı" çərçivəsində fəal tektonik strukturların seysmik parametrlərinin və baş verə biləcək zəlzələlərin proqnozlaşdırılması üzrə iş aparılmışdır. İş Fransanın, Gürcüstanın, Yunanıstanın və Rusiyanın Elmi Mərkəzləri ilə birgə yerinə yetirilmişdir. Həmin proqram çərçivəsində "Riskə seysmik nəzarət və aktiv tektonik strukturlar üçün kosmik texnologiya və CMS" layihəsi yerinə yetirilmişdir.

Agentlikdə 1999-2001-ci illərdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycana texniki yardım proqramı çərçivəsində Kosmik elm və texnologiyanın tətbiqilə Respublikamızın bütün ərazisini əhatə edən "Bitki örtüyü və torpaqdan istifadə" layihəsi yerinə yetirilmiş və orada Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edən məlumat bazası yaradılmışdır. Bu fəaliyyət üzrə Agentlik müxtəlif treyninq proqramlarında iştirak etməklə bərabər Avropa Kosmik Agentliyi ilə də əməkdaşlığın yaranmasında ilkin addımlar ata bilmişdir.

16 dekabr 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2006-ci il tarixli, 463 saylı Fərmanı ilə Milli Aerokosmik Agentlik həmin Nazirliyin tabeliyinə verilib. Agentik Yerin kosmosdan tədqiqi sahəsində aparılan elmi, fundamental və tətbiqi işlərim koordinasiyası və əldə olunmuş nəticələrin ölkənin iqtisadiyyatında və təhlükəsizliyinin təmin olunmasında dövlət proqramlarını həyata keçirmək məqsədi daşıyır.

Agentliyin elmi və tətbiqi fəaliyyəti məsafədən zondlama (MZ) üzrə tədqiqatların yerinə yetirilməsi sahəsində müvafiq üsulların inkişaf etdirilməsi, Yerin təbii ehtiyatlarının tədqiqi üçün məlumatların toplanması, emalı, paylanması və tətbiqi sistemlərinin yaradılması, ətraf mühitin aerokosmik monitorinq sisteminin elmi və praktiki əsaslarının yaradılması, təbii fəlakətlərin proqnozlaşdırılması və xüsusi təyinatlı məsələlərin həlli ilə bağlıdır.

Azərbaycanda yüksək texnologiyaların tətbiqinin əsasının qoyulması və ölkədə kosmos sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə göndərilməsi haqqında” Sərəncamında 2009-2013-cü illərdə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının işlənib hazırlanması nəzərdə tutulmuşdu. Bu istiqamətdə işlərin ardıcıl və sistemli aparılmasını təmin etmək, qarşıya qoyulan strateji məqsədlərə nail olmaq üçün müvafiq idarəetmə strukturunun yaradılması, kosmik sənayenin təşəkkülü və inkişafı, telekommunikasiya peyklərinin hazırlanması və orbitə göndərilməsi yolu ilə telekommunikasiya peykləri şəbəkəsinin yaradılması, kosmik informasiyanın qəbulu və işlənilməsi üzrə çoxfunksiyalı superkompüter mərkəzinin formalaşdırılması, kadrların hazırlığı mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, nanotexnologiyaların geniş tətbiqi vasitəsilə kosmik sənayenin və informasiya texnologiyalarının inkişafı da nəzərdə tutulurdu və bu sahədə ən mühüm amil yeni normativ-hüquqi aktların qəbulu ilə hüquqi bazanın təkmilləşdirilməsi idi.

Artıq bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük işlər görülüb: “Azərkosmos” ASC-nin idarəetmə strukturu formalaşdırılıb, kosmik sənayenin əsasları yaradılıb, orbitə iki telekommunikasiya və bir aşağı orbitli peyk göndərilib, Bakıda və Naxçıvan Muxtar Respublikasında peyklərin istismarı və idarə edilməsi məqsədilə yerüstü infrastruktur yaradılıb və yenilənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-2022-ci illərdə yerli peyklərin xidmətlərinin inkişafı üzrə Dövlət Proqramını təsdiq edib. Proqramda alınan informasiya imkanlarının genişləndirilməsi yolu ilə Yerin səthinin məsafədən müşahidəsi, təbii ehtiyatlardan istifadə və digər tətbiqi vəzifələrin yerinə yetirilməsi üzrə elmi-tədqiqat işlərinin aparılmasına da xüsusi yer ayrılıb.

Bizim ilk peykimiz -“Azerspace-1” 2013-cü il fevralın 8-də orbitə buraxılıb. Mən bu ilk milli telekommunikasiya peykinin buraxılması üzrə ilk İşçi qrupunun üzvü olmuşam və bununla fəxr edirəm. Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılıb. Bu peyk əlverişli 46° şərq uzunluğu orbital mövqeyində yerləşdirilib. “Azerspace-1” rəqəmsal televiziya xidmətlərinin göstərilməsi, “VSAT” multixidmət şəbəkələrinin yaradılması və hökumət rabitəsinin təmini üçün nəzərdə tutulub. Peykin xidmət dairəsinə Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir.

“Azərkosmos” ASC 2016-cı ildə “DCS Telecom” və “Don Telecom” kimi aparıcı beynəlxalq peyk operatorları ilə telekommunikasiya xidmətlərinin göstərilməsi üzrə kontrakt imzalayıb. Bu sənədə əsasən, həmin şirkətlər Yaxın Şərq və Afrika regionlarında səs və məlumatların ötürülməsi, video, mobil rabitə, şəbəkə və digər xidmətlər üzrə “Azerspace-1”in resurslarından istifadə edəcək. “Azərkosmos” ASC Türkiyənin bir sıra radiokanalları ilə də kontraktlar imzalayıb.

Azərbaycanın ikinci peyki aşağı orbitli (640 kilometr hündürlüyü olan orbit) “Azersky” (“Spot 7”) peykidir. Azərkosmosun 2014-cü ildə “Airbus Defence and Space” şirkəti ilə imzaladığı əməkdaşlıq sazişinə əsasən, Azersky peyki “Airbus Defence and Space” şirkətinin “SPOT 6” peyki ilə eyni orbitdə, vahid peyk qruplaşması formasında fəaliyyət göstərirdi. “Azersky” peykinin buraxılması Hindistanın kosmik mərkəzində həyata keçirilmişdi. Bu peyk Yerin səthinin məsafədən müşahidəsi üçün nəzərdə tutulmuşdu. “Azərkosmos” ASC bu peykin 1,5 metr ağ-qara və 6 metr optik diapazonda yüksək keyfiyyətli təsvirlərinin idarə edilməsi və kommersiya hüquqlarını qəbul edib. “Azersky” peykindən və Fransanın “Spot-6” peykindən təsvirlərin quraşdırılmış potensialının qəbulu gündəlik 6 milyon kvadrat kilometr təşkil edib. Bu o deməkdir ki, Yer kürəsindəki hər bir məntəqəni yüksək keyfiyyətli təsvirlərlə gündəlik izləmək mümkün idi.

“Azersky” müdafiə və təhlükəsizlik, fövqəladə halların çevik aşkar olunması, təbii ehtiyatların tədqiqi, dənizin müşahidəsi, dəniz naviqasiyası, ətraf mühitin qorunması, şəhərsalmanın planlaşdırılması, xəritəçəkmə, kənd təsərrüfatı və turizm sahələri üzrə geniş əlavələr spektrinə malik idi.

2023-cü ilin aprelində bildirilib ki, Azersky – Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb. Belə ki, Azersky peyki ilə məlumat mübadiləsi dayanmışdır. Azərkosmos və peykin istehsalçısı tərəfindən Azersky peyki ilə əlaqənin bərpa olunması istiqamətində tədbirlər görülsə də, peyk ilə əlaqə yaratmaq mümkün olmayıb.

2018-ci il sentyabrın 26-da Azərbaycanın sayca üçüncü və telekommunikasiya sahəsində xidmətlər göstərən ikinci peyki olan “Azerspace-2” Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb. Peykin kosmik fəzaya göndərilməsi Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane 5” daşıyıcı raketi İqtisadi aspekti ilə yanaşı, “Azerspace-2”nin orbitdə fəaliyyəti ölkənin informasiya təhlükəsizliyini və müstəqilliyini də təmin edəcək.

Yeni peyk “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. “Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “Intelsat” şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.

Beləliklə, Azərbaycan 2018-ci il sentyabrın 26-da üçüncü peykini kosmosa buraxmaqla dünya kosmik klubunda öz imicini xeyli möhkəmləndirib.

- Bu sahədə kadr hazırlığı hansı səviyyədədir?

- Qürurla qeyd etməliyəm ki, son 20 ildə ölkəmizdə bu sahə üzrə savadlı, bilikli, səriştəli mütəxəssislər yetişmiş və müxtəlif qurumlarda faydalı fəaliyyət göstərirlər. Hazırda Azərbaycanda bu sahədə kadrlar əsasən Aviasiya Akademiyasında, Azərbaycan İnşaat və Memarlıq Universitetində, Bakı Dövlət Universitetində,Texniki Universitetində və bir sıra digər ali təhsil müəssisələrində hazırlanır. Müasir dövrün tələblərinə uyğun olaraq kadr hazırlığı istiqamətində daha geniş addımların atılması davam etdirilməli, yeni ixtisasların tədrisi, fakültələri yaradılması diqqət mərkəzində olmalıdır.

- COP29-un Azərbaycanda keçiriləcəyi bir dönəmdə istismar müddəti başa çatmış və nəzarətdən çıxmış, atmosferdə parçalanmış kosmik aparatlarla əlaqədar kosmil zibillər məsələsi də aktualdır. Kosmik zibillər isə kosmik aparatlar üçün ciddi təhlükə mənbəyidir. Bu problem hansı yolla aradan qaldırıla bilər?

- Kosmik zibil insanlar tərəfindən kosmik fəzada yaradılan, lakin artıq heç bir faydalı məqsədə xidmət etməyən Yer ətrafındakı orbitdəki cisimlərin yığımıdır. Bunun ilk nümunəsi, kosmosa ilk insan addımı olan Sputnik I süni peykidir. 4 oktyabr 1957-ci ildə Sputnik I orbitə buraxıldı və 3 aydan çox qalmasına baxmayaraq Sputnik yalnız 3 həftə işləmiş və 2 aydan çox dünya ətrafında dövrə vurmuşdur. Buda onu ilk kosmik tullantı etmişdir. Bu obyektlər keçmiş raket mərhələlərini və işləmək qabiliyyətini itirmiş peyklərin partlaması və toqquşması nəticəsində yaranan bütün hissəcikləri ehtiva edir. Məsələn, 10 fevral 2009-cu ildə artıq işlək vəziyyətdə olmayan bir Rusiya peyki ABŞ-nin aktiv “İridium” ticarət məqsədli peyki ilə toqquşub onu məhv etmiş və bu qəza nəticəsində kosmik tullantıların üstünə daha 2000 ədəd əlavə edilmişdir.Hal-hazırda kosmik zibilin həcmi və kütləsi elə həddə çatmışdır ki, artıq kosmosda orbitlərdə həmin zibil ilə toqquşma təhlükəsindən bəzi uçuşlar çətinləşmişdir.Bu zibilin yığılması (toplanması) və məhv edilməsi məsələləri aktuallaşıb.

Ay Yerə ən yaxın kosmik obyekt olduğu məlumdur. O, həm də planetimizin təbii peykidir. Mən əminəm ki, artıq Yerin orbitini bürümüş kosmik zibil gələcəkdə Ayda emal üçün yararlı ola bilər. Son məlumatlar yer ətrafında müxtəlif orbitlərdə bir santimetrdən çox olan bir milyondan çox süni qəlpələrin olduğunu və onların sayının artdığını göstərir.

Qeyd edim ki, təxminən 15 il öncə mən elmi jurnalda çap olunmuş məqaləmdə həmin bu kosmik zibilin əmələ gəlməsi, həcmi, miqdarı və yığılması haqqında araşdırmalar aparmışam və Bakıda 2022-ci ildə keçirilmiş TEKNOFEST sərgisində həmin zibilin toplanmasını və konteynerlərlə Aya göndərilməsini təklif etidm.

Избранный
2
1
apa.az

2Источники