RU

Tarixçi alim Akif Məmmədlinin yeni kitablarının təqdimatı olub

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin Azərbaycanın Şimal-Qərb bölgəsinin arxeologiyası və etnoqrafiyasına dair yeni nəşr olunmuş kitablarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakıda təşkil olunan tədbirdə çıxış edən tanınmış tarixçi alimlər, yazıçı və şairlər Balakəndə doğulub yaşayan alimin araşdırmalarının ölkəmizin şimal-qərb bölgəsinin tarixi keçmişinin öyrənilməsi və təbliğində misilsiz əhəmiyyət daşıdığını vurğulanıblar.

A.Məmmədlinin Şəki REM-in Elmi Şurasının qərarı ilə nəşr olunmuş bu kitablarında rus və ingilis dilində mətnlərin, çox sayda abidənin rəngli fotolarının yer almasının xüsusilə təqdirəlayiq təşəbbüs olduğu qeyd edilib. Akif müəllimin Balakən şəhərindəki evinin həyətində yaratdığı tarix muzeyini ölkəmizin bütün guşələrindən, xarici ölkələrdən hər il yüzlərlə seyrçinin ziyarət etdiyi razılıq hissi ilə xatırlanıb.

Çıxış edənlər Balakən-Zaqatala bölgəsində Alban tariximizin yadigarı olan bir çox tarixi abidənin, xüsusilə Katex qalası və Böyük səddin baxımsızlıq üzündən dağıntılara məruz qaldığı təəssüf hissi ilə qeyd edilib.

Kitabın təqdimat tədbirində marketinq üzrə mütəxəssis Namiq Bayramov, modelyer Mətanət Bayramova və rəssam Mehriban Əliyevanın rəhbərlik etdiyi dizaynerlərin qrupunun əl işlərinin sərgisi də nümayiş olunub, Balakənin tarixini, təbiətini əks etdirən kəlağayılar, geyim, məişət və bəzək əşyaları maraqla qarşılanıb.

 

Избранный
6
azertag.az

1Источники