RU

Mövcud elektrik stansiyaları illik emissiyaları 3 milyon tona qədər azaltmağa imkan verir

Azərbaycanın enerji keçidinin regional xarakterli növbəti mərhələsi Xəzər dənizinin nəhəng enerji potensialının işlənməsinə və yeni enerji dəhlizlərinin qurulmasına əsaslanır. Bu, həm də ölkəmizin “yaşıl” enerji tədarükçüsünə transformasiyası deməkdir.

Bunu energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ilkin mərhələdə 5 giqavat “yaşıl” enerjinin Avropa və Türkiyəyə ixracını təmin edəcək Xəzər-Qara dəniz-Avropa, Naxçıvan üzərindən Azərbaycan-Türkiyə-Avropa, həmçinin Mərkəzi Asiya-Azərbaycan-Avropa “yaşıl” enerji dəhlizləri regional əhəmiyyətli strateji layihələrdir.

“Xəzər-Qara dəniz-Avropa “yaşıl” enerji dəhlizinin texniki iqtisadi əsaslandırmasının ilkin nəticələri COP29 çərçivəsində elan ediləcək. Həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Sazişin tezliklə imzalanması nəzərdə tutulur. Həmin dəhlizlər regional və qitələrarası bağlantılar qurmaqla təchizatın təhlükəsizliyinə və təmiz enerjiyə keçidə müsbət təsirlərini göstərəcək”, - deyə nazir qeyd edib.

Bildirilib ki, 230 meqavat gücündə xarici sərmayə əsaslı ilk Günəş elektrik stansiyasının istifadəyə verilməsi ilə Günəş elektrik enerjisi istehsalı bu ilin 8 ayında 9 dəfədən çox artıb.

“İlin sonunadək imzalanmış sənədlərə uyğun olaraq ümumi gücü 340 meqavat olan iki Günəş elektrik stansiyasının tikintisi layihəsi üzrə tədbirlərin davam etdirilməsi, 100 meqavat gücündə olan stansiya üzrə isə üç hərracın nəticələrinin elan edilməsi nəzərdə tutulub. 2 giqavata yaxın 8 günəş və külək, həmçinin azad edilmiş ərazilərdə 270 meqavat gücündə 32 kiçik su elektrik stansiyaları emissiyaları illik 2,9 milyon tona qədər azaltmağa imkan verir”, - deyə nazir qeyd edib.

AZƏRTAC

Избранный
5
vergiler.az

1Источники