RU

Oğlunu döyüş meydanında itirmişdi - Qızı ilə eyni gündə həlak oldu

İsrail Hərbi Hava Qüvvələrinin Beyruta hücumu nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullah həlak olub.   Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun ölümü ilə əlaqədar olaraq İranda beşgünlük matəm elan edilib. Bəs vəfatı Yaxın Şərqdə böyük səs-səda doğuran hərəkat lideri əslində kim idi? 31 avqust 1960-cı ildə Livanda doğulan Həsən Nəsrullah hələ uşaq yaşlarından ölkəsində baş verən siyasi proseslərdə iştirak edir. Belə ki, o, 1975-ci ildə Livanda Vətəndaş müharibəsi başlayanda “Əməl” hərəkatına qoşulur. Bundan sonra İraqda və İranda dini təhsil almağa başlayan Nəsrullah 1978-ci ildə “Əməl” hərəkatının lideri Abbas Musəvinin imam Müntəzər mədrəsəsində təhsil alır. Həmin illərdə o, hərəkatda siyasi fəaliyyətinə də davam etməkdə idi. Nəsrullah bu hərəkatın Bəqa bölgəsindəki məsul şəxsi idi. Onun Musəvi ilə şəxsi tanışlığı da həmin illərə təsadüf edir. Bir müddət sonra “Əməl” hərəkatı daxildə yaranan ziddiyyətlər səbəbilə parçalanır. Bunun ardınca Abbas Musəvi və tərəfdaşları “Hizbullah” hərəkatının əsasını qoyur. 1992-ci ildə “Hizbullah”ın Seyid Abbas Musəvinin öldürülməsindən sonra İdarə Heyəti Həsən Nəsrullahı hərəkatın baş katibi seçir. İsrail ordusunun əməliyyatları nəticəsində Abbas Musəvinin ailəsi ilə birlikdə öldürülməsi Livan xalqında, xüsusən də “Hizbullah”çılarda dərin iz buraxır. Bu mərhələdən sonra hərəkatının mübarizəsi yeni bir şəkil alır. “Hizbullah”ın 1997-ci il sentyabrında Cəbəlür-Rafi bölgəsində İsrail ordusunun mövqelərinə hücumları zamanı iki döyüşçüsü həlak olur. Sonradan onlardan birinin Seyid Həsən Nəsrullahın oğlu Seyid Hadi olduğu məlum olur. Bu xəbər Livana bomba kimi düşür və bütün ölkəni hərəkətə gətirir. Çünki buna kimi Livan tarixində istər vətəndaş müharibəsi zamanı, istərsə də İsrail ilə münaqişədə heç bir liderin övladı döyüş meydanında həlak olmamışdı. Bununla da Livanda ictimaiyyətin Nəsrullaha rəğbəti daha da artır. Hətta, o dövrdə Səudiyyə Ərəbistanının vəliəhdi olmuş Əmir Abdullah kimi dövlət adamları da ilk dəfə “Hizbullah” Baş Katibinə başsağlığı məktubu göndərir. Bunun ardınca nüfuzu artmağa davam edən Nəsrullahın hərəkat tarixindəki mühüm fəaliyyətləri onu Yaxın Şərqə və dünyaya tanıdır.

Qeyd edək ki, daha əvvəl oğlunu döyüş meydanında itirən “Hizbullah” liderinin qızı Zeynəb Nəsrullah da ötən gün Beyrutun cənubunda İsrailin hava hücumu nəticəsində həlak olub.

Избранный
2
5
manset.az

6Источники