RU

İsrail Livana kömək edir:İRAN CİDDİ SINAQ QARŞISINDA QALDI

“İsrailin ardıcıl raket zərbələriylə “Hizbullah” liderinin və təşkilatın əsas komandirlərinin bir çoxunu öldürməsinin əsas məqsədi sərhəddə təhlükəsizliyin təminatıdır”.

 

Senzor.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu son hadisələrlə bağlı Fasebook-dakı şərhində yazıb.

 

O bildirib ki, İsrailin “Hizbullah” təşkilatına öldürücü zərbələr endirməsinin başqa məqsədi də var: “İsrail “Hizbullah”ı zəiflətməklə Livan hökumətinin və ordusunun ölkəyə nəzarətini gücləndirməsini istəyir. “Hizbullah”  Livanın cənubunda fəaliyyət göstərməklə yanaşı, paytaxt Beyrutda da siyasi qərarlara təsir gücünə malikdir. 

2000-ci illərin əvvəllərində jurnalist kimi Beyrutda olanda bunu özüm də müşahidə etmişdim. Həmin il həm Livanın o zamankı prezidentinə, həm də ötən gün İsrailin raket zərbəsi nəticəsində ölümü təsdiqlənən “Hizbullah” lideri Həsən Nəsrullaha suallar vermək imkanına malik olmuşdum. Nəsrullahın iqamətgahı ölkə prezidentinin iqamətgahından daha çox qorunurdu, ətrafındakı silahlılarının sayı prezidentin cangüdənlərinin sayından daha çox idi. Livan hökumətinə maliyyə dəstəyi verən bir çox dövlətlər  “Hizbullah” təşkilatının tərk-silah olunmasını tələb etsələr də, bunu reallaşdırmaq mümkün deyildi, əks halda ölkədə vətəndaş müharibəsi başlayardı. “Hizbullah” Livan prezidentinin, baş nazir və müdafiə nazirinin qərarlarına tabe deyil. “Hizbullah”a silah və maliyyə davamlı olaraq İrandan göndərilir. “Hizbullah” bu dəstək sayəsində ayaqda dura bilir. Livanın iqtisadi və sosial vəziyyətinin ağırlaşmasının “Hizbullah”  komandirlərinə çox təsiri yox idi, çünki onların maaşı kənardan gəlirdi. İndi vəziyyət dəyişəcək. İsrail “Hizbullah”ı başsız qoymaqla Livan hökumətinə və ordusuna şans yaratmaq istəyir ki, ölkənin hər yerinə nəzarəti bərpa edə bilsinlər. Belə olarsa, Livan ərazisindən İsrailin şimal bölgəsi raket atəşinə məruz qalmayacaq. “Hizbullah”dan fərqli olaraq, Livan hakimiyyətinə qonşusu İsraillə sərhəddə gərginlik lazım deyil”. 

Politoloqun fikrincə, Tehran da ciddi sınaqla üzləşəcək: “İsrail həm HƏMAS, həm də “Hizbullah”ı başsız qoyub, bu iki qruplaşmanı zəiflədib. Tehran isə illərdir bu iki təşkilatı silahlandırıb. Buna milyardlarla dollar xərclənib, halbuki bu maliyyə İran vətəndaşlarının iqtisadi və sosial problemlərinin həllinə yönəldilə bilərdi. İranın yeni Prezidenti Məsud Pezeşkian HƏMAS və “Hizbullah”ın zəiflədiyini əsas gətirərək, bu iki təşkilata ünvanlanan maliyyənin ölkənin problemlərinə yönəldilməsinə mühafizəkarları inandırmağa çalışa bilər. Bu halda Pezeşkian ABŞ və Avropa ölkələri ilə əməkdaşlığa da ümid bəsləyə bilər. Çünki İrana qarşı tətbiq edilən sanksiyalar həm də Tehranın İrandan kənardakı silahlı qruplara verdiyi dəstəklə bağlıdır. Bütün hallarda son qərar İranın ali dini liderindən asılıdır”.

Избранный
6
6
senzor.az

7Источники