RU

Lerikli miniatür xalça ustası əl işlərini COP29-a həsr edib VİDEO

Lerik, 28 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Ölkəmizin noyabr ayında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünyanın diqqət mərkəzində olacaq. Belə nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi yaradıcı insanların da diqqətindən kənarda qalmır. Lerikli miniatür xalça ustası İlqamət Hadiyev də onlardan biridir. 15 ilə yaxındır bu sənətlə məşğul olan xalça ustası bu dəfə COP-29-la bağlı müxtəlif ölçülü xalçalar toxumaq qərarına gəlib.

O, AZƏRTAC-a açıqlamasında COP29-a həsr etdiyi əl işlərinin turistlərdə ölkəmiz haqqında xoş təəssürat yaradacağını bildirib. İlqamət Hadiyev Azərbaycanın COP29-a ev sahibliyi etməsinin dövlətimizin beynəlxalq arenada qazandığı böyük uğurlardan biri olduğunu vurğulayıb.

“Bu tədbirin ölkəmizdə təşkil olunması böyük əlamətdar hadisədir, Azərbaycanın iqtisadi qüdrətinə və siyasi arenada söz sahibi olmasına dəlalət edir. Bu da Prezident İlham Əliyevin səyi nəticəsində başa gəlib. Məlumdur ki, COP29 tədbirinə bütün ölkədə hazırlıq gedir, mən də sənət adamı, miniatür-xalça ustası kimi COP-29 xalçasını toxumağa qərar verdim. Xalçaçılıq 2010-cu ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə UNESCO-nun Qeyri-Maddi Mənəvi İrs siyahısına daxil edilib. Bu sahəyə böyük diqqət və qayğı göstərilir. Mən də istəyirəm ki, miniatür xalçaçılıq sənətini bir vətəndaş kimi COP-29 çərçivəsində ölkəmizə gələn turistlərə tanıdım. Dünya dövlətlərinin bayraqlarını və vətəndaşların öz ölkələrinə sevgilərini nümayiş etdirən xalçalar hazırlamağı qarşıma məqsəd qoydum. Burada gördükləriniz kolleksiyamın cüzi bir hissəsidir”, - deyə o bildirib.

Miniatür xalça ustası onu əlavə edib ki, Azərbaycanda keçiriləcək COP-29 tədbirinin loqosu indiyədək keçirilmiş COP tədbirlərinin loqolarının ən möhtəşəmidir. Bu loqo beynəlxalq tədbirin mahiyyəti və məqsədlərini özündə tam ifadə edir: “COP-29 loqosunun təqdimatına baxdım və onu xalça formasında toxumağı qərara aldım. Əvvəlcə BƏƏ-də, Misirdə, İtaliyada keçirilən COP tədbirlərinin loqolarına baxıb, müqayisə etmişdim. Deyə bilərəm ki, bizim COP-29 loqomuz indiyə qədər keçirilən COP tədbirlərinin loqolarından ən mükəmməlidir”.

Qeyd edək ki, hazırda dünyada ən kiçik miniatür xalça Azərbaycandadır. Bu, eni 1,8, uzunluğu 2,2 santimetr olan “Dəmir yumruq” xalçasıdır. Onun müəllifi də İlqamət Hadiyevdir.

Избранный
4
1
azertag.az

2Источники