RU

Prezidentin nitqi: Müstəqil dövlətçiliyin manifesti

III məqalə

Biz indi – İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Ermənistanla münasibətlər

Azərbaycan Prezidenti Ermənistanla münasibətlərə regional və qlobal təhlükəsizlik arxitekturasının yeniləşməsi prizmasında baxır. Bu, indiki geosiyasi şəraitdə ədalətli və səmərəli yanaşmadır. Rəsmi Bakı çox gözəl dərk edir ki, özlüyündə müstəqil Ermənistan yoxdur və onun xarici siyasəti də özünə tam aid deyildir. Xüsusilə II Qarabağ savaşı və antiterror tədbirlərindən sonra rəsmi İrəvanın müstəqil siyasət yeritmədiyi tam aydın oldu. Bunun bir neçə əlaməti vardır.

Hər şeydən öncə, Fransa aktiv şəkildə özünü Ermənistanın beynəlxalq aləmdə rəsmi təmsilçisi kimi aparır. Erməni rəhbərliyin əvəzinə söz deyir, vəd verir və hətta, Azərbaycana təzyiq etməyə çalışır. Bu davranış onu göstərir ki, rəsmi Parisin yaddaşı korlanıb (fransız tarixşünas Pyer Nora çox təəssüf edir). Çünki Ermənistanın hansı səbəblərdən zavallı vəziyyətinə düşməsini nəzərə almır. Ermənistan 30 il Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxladı, azərbaycanlılara olmazın zülümlər etdi, uşağa, qocaya, qadına baxmadan məhv elədi, milyonlarla insanımızı doğma yurdlarından didərgin saldı, hüquqi cəhətdən hər fürsətdə Azərbaycan mədəniyyətini, mənəviyyatını, dövlətçiliyini aşağılamağa çalışdı. Bütün bunlara Azərbaycan sonsuza qədər dözməli deyildi və işğalçını darmadağın etdi.

Böyük təcrübəsi olan Fransa bütün bunları nəzərə almadan “dünya Ermənistanı dəstəkləməlidir” deyirsə, ədalətsiz, haqsız və nəticəsi olmayan fikrə düşmüşdür. Ancaq real siyasi müstəvidə Parisin bu tərəfkeşliyi region üçün çox riskli vəziyyət yaradır. Hazırda Fransanın bu məsələdə yanında duranlardan biri də ABŞ-dir. Nə qədər maskalı, riyakar və dolayı siyasət yeritsə də, Vaşinqtonun nə istədiyi Bakıya gün kimi aydındır.

Bütün bunların fonunda Prezident İlham Əliyevin parlamentdə ifadə etdiyi aşağıdakı fikirlər çox əhəmiyyətlidir. “Ancaq nəyi görürük? Görürük ki, Ermənistan bu məsələni (sülh müqaviləsini – F.Q.) süni şəkildə uzadır. Çünki bu günə qədər - bizim birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərhlər mübadiləsi olmuşdur və hər dəfə müəyyən müddəalar razılaşdırılırdı, yəni, bu işdə tərəqqi var idi. Bunu biz necə var, elə də deməliyik. Amma bununla yanaşı, aylar keçdikcə, təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini bizə daha operativ və çevik verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq”.

Deməli, Ermənistan rəhbərliyi real olaraq sülh müqaviləsini imzalamağa hazırlaşmaqla yox, onun imitasiyası ilə məşğul olur. Bu cür vəziyyətin yaranmasında Ermənistanın Qərbdəki havadarlarının rolu çox olmuşdur. Bununla bağlı Azərbaycan Prezidenti parlamentdə belə demişdir: “Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar. Bizim sərhədimizdə qanunsuz olaraq dırnaqarası “Avropa sülh”, ya bilmirəm “müşahidəçi” missiyası yaradılıb, halbuki, bu, əldə edilmiş razılaşmanın pozulmasıdır”.

Prezident İlham Əliyev xatırlatmışdır ki, 2022-ci ilin Praqa görüşündə razılıq əldə edilmişdi ki, 2–3 ay müddətinə Ermənistan tərəfində şərti sərhəd istiqamətində kiçik sayda müşahidəçi missiya yerləşsin. Ancaq ondan sonra Azərbaycansız bunu uzatdılar, onların sayını artırdılar, hətta Kanadadan nümayəndələr daxil etdilər. Bunlardan sonra isə Azərbaycana qarşı “Binokl diplomatiyası” siyasəti aparılırdı (İlham Əliyev). “Gecə-gündüz xarici nümayəndələr gəlir, binoklla bizə baxırdılar. Nə göstərmək istəyirdilər bizə?! Bu, nə demonstrasiyadır, nə ucuz şoudur?! Bütün bu amillər bizi ciddi düşündürməlidir və təbii ki, düşündürür”.

Bunların fonunda bir sıra dairələrin davamlı olaraq Ermənistanı silahlandırması çox təhlükəli gedişatdır. Bu proses birbaşa Cənubi Qafqazı müharibəyə sürükləyə bilər.

Ermənistan və havadarlarının qeyri-konstruktiv və pozucu fəaliyyətləri fonunda rəsmi Bakının atdığı addımları da dövlət başçımız konkret vurğulamışdır. Prezident demişdir: “...bildirmək istəyirəm ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlamışdır. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar. Bizim təşəbbüsümüz idi. Bir müddət sonra görəndə ki, bu, cavabsız qalır, biz artıq əsas baza prinsiplərini ortaya qoyduq, onları ictimailəşdirdik və artıq proses başlamışdır”.

Belə alınır ki, Azərbaycan savaşdan sonra regional miqyasda səmərəsi olan sülh təklifi ilə çıxış etmişdir. Qalib dövlətin bu səmimi sülhpərvərliyinə Ermənistan və havadarları qeyri-konstruktiv cavab vermişlər və faktiki olaraq sülh təşəbbüsünü bloklamağa çalışırlar.

Sülhsevərliklə pozuculuğun toqquşması

Prezident İlham Əliyev Milli Məclisdəki nitqində Ermənistanla münasibətlər kontekstində fikirlərini ümumiləşdirərək bəyan etmişdir: “Bayaq dediyim amillərlə yanaşı, əgər biz bütün bu amilləri necə deyərlər, bir çərçivəyə salsaq, görərik ki, həm sürətli silahlanma, revanşizm meyilləri, həm də Ermənistanın himayədarlarının bizə qarşı yenidən Qarabağ mövzusunu ortaya atması, sülh müqaviləsinin gedişatında qeyri-adekvat və qeyri-səmimi münasibət, vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir”.

Beləliklə, qarşı tərəfin əsl siması və məqsədi aydınlaşır. Azərbaycanın real sülh təklifləri fonunda havadarlarının yardımı ilə ənənəvi pozucu və dağıdıcı mövqeyində qalan rəsmi İrəvan, bütövlükdə, regional miqyasda təhlükələr, risklər və təhdidlər yaradır. İndi faktiki olaraq, Azərbaycanın timsalında sülhsevərliklə Ermənistanın timsalında pozuculuğun ciddi mübarizəsi gedir. Azərbaycan Prezidentinin fikirlərinin məntiqindən alınan bu mühüm siyasi nəticə mahiyyət etibarı ilə dövlətimizin sülhsevər mövqeyindən zərrə qədər də kənara çəkilməyəcəyi anlamını verir. Prezidentin bu fikirləri bütün dünyaya, ilk növbədə Ermənistanın havadarlarına ciddi bir mesajdır. Həmin kontekstdə İlham Əliyevin iki məqamı xüsusi vurğulaması çox vacib xəbərdarlıqdır. Dövlət başçısı qeyd etmişdir ki, “...danışıqlarda...bizə heç bir vasitəçi lazım deyil. Ermənistan da buna bel bağlamasın. Ümumiyyətlə, heç kimə bel bağlamasın. Onlar əgər bu coğrafiyada yaşamaq istəyirlərsə və təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, öz qonşularına qarşı siyasətlərində ciddi düzəlişlər etməlidirlər. Bu birincisi. İkincisi, nə onlar, nə onların arxasında duranlar 30 illik işğalı heç vaxt unutmamalıdırlar”.

Bütün bunları ümumiləşdirərək İlham Əliyev belə bir tezis ifadə edir: “Biz hər halda öz mövqeyimizdən bir addım geri atmayacağıq. Kim nə istəyir desin, vasitəçilər də bizə lazım deyil”.

Deməli, Azərbaycanın sülhsevərlik kursu bütün hallarda davam edir və rəsmi Bakı ədalətli müqavilənin imzalanmasında qərarlıdır. Bunun fonunda qarşı tərəfin pozucu fəaliyyəti bütövlükdə regional geosiyasi mənzərəni gərginliyə sürükləyir və faktiki olaraq, iki xəttin toqquşması prosesi gedir. Buradan dövlət başçısının yeni mərhələdə Azərbaycanın xarici siyasətinin ümumi məğzi barədə parlamentdə ifadə etdiyi fikirlər çox əhəmiyyətlidir.

Müstəqil və prinsipial xarici siyasət

Prezident İlham Əliyevin bu yekun tezisi yeni tarixi mərhələ prizmasında çox vacib qənaəti əks etdirir. II Qarabağ savaşına qədər Azərbaycanın xarici siyasətində ərazi bütövlüyünün təmininə əsas diqqət ayrılırdısa və bu da müəyyən məhdudiyyətlər meydana gətirirdisə, indi vəziyyət xeyli fərqlidir. İlham Əliyev həmin məqamı aşağıdakı kimi lakonik ifadə etmişdir: “Bilirsiniz, işğal dövründə bizim təbii olaraq xarici siyasətimizin böyük hissəsi bu istiqamətə yönəlirdi. İndi isə – tarixi zəfərimizdən sonra biz xarici siyasətimizdə daha sərbəstik və bu münasibətlə bir neçə kəlmə demək istərdim: Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir”.

Müstəqil və prinsipial xarici siyasətin bir sıra əlamətlərini də ölkə rəhbəri nitqində aydın ifadə etmişdir. Burada ilk sırada “biz kimsənin daxili işinə qarışmırıq, kimsə də bizim daxili işimizə qarışmasın” tezisi dayanır. Digər məqam, yeni mərhələdə xarici siyasətdə bizim işimizə qarışanların dərsini verməklə bağlıdır. Dövlət başçısı bəyan edir ki, heç kəs buna cəsarət etməsin, çünki bütün hallarda dərsi veriləcək. Azərbaycan bu mövqeyindən də bir addım geri çəkilməyəcək.

Müstəqil və prinsipial xarici siyasətin başlıca mahiyyəti isə Azərbaycanın faydalı əməkdaşlığa daim açıq olması ilə əlaqəlidir. İlham Əliyev bununla bağlı söyləmişdir: “Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma, əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq!”

Azərbaycanın xarici siyasətdə vurğuladığımız prinsiplərə tam əməl etmək qüdrətinə malik olduğu da Prezident tərəfindən ifadə edilmişdir. Onu aşağıdakı kimi lakonik təqdim etmək olar: “Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir”.

Tarixi uğur

Son tezisdən iki mühüm geosiyasi qənaət əldə edə bilərik. Birincisi, Prezident İlham Əliyev Azərbaycanın yeni mərhələyə “ləyaqətli və qürurlu dövlət kimi” qədəm qoyduğunu bəyan edir. İkincisi, artıq dövlətin beynəlxalq mövqeyi möhkəmlənib və beynəlxalq ictimaiyyət Azərbaycanı dəstəkləyir.

Aydındır ki, yalnız real olaraq müstəqil olan dövlət öz ləyaqət və qürurunu qoruya bilir. Məntiqi olaraq belə nəticə alınır ki, İlham Əliyev Milli Məclisdən bütün dünyaya bəyan etmişdir ki, Azərbaycan Respublikası öz ləyaqətini və qürurunu təmin edə bilən tam müstəqil dövlətdir! Dövlətçilik baxımından tarixi bir uğurdur.

Eyni zamanda, indi Azərbaycanın beynəlxalq miqyasda mövqeyi çox möhkəmlənmişdir. Kimsə ağlına keçən əsrin 90-cı illərinin əvvəllərini gətirməsin. Azərbaycanla artıq qüruru və ləyaqəti olan dövlət kimi münasibət qurmaq mümkündür. Hüquqi aspektə gəldikdə isə ölkənin beynəlxalq nüfuzu artdığndan bu istiqamətdə də uğurlu olmağa potensialı vardır. Həm də Azərbaycanı beynəlxalq ictimaiyyət dəstəkləyir. Bunu sübut edən faktlardan biri yeni müstəmləkəçiliyə qarşı mübarizənin getdikcə vüsət almasıdır.

Beləliklə, Azərbaycan Prezidentinin Milli Məclisdəki nitqi zamanı verdiyi mesajlar regional və qlobal miqyasda əks-səda doğuran fikirlərlə zəngindir. Onların arxasında əldə edilən konkret nailiyyətlər dayanır.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Избранный
8
xalqqazeti.az

1Источники