RU

ABŞ-ın tərəfli “vasitəçiliyi” - Və ya seçkilər üçün “sülh müqaviləsi”

ABŞ Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutan görüşündən sonra ortaya ənənəvi sual çıxır: nəticə nə oldu? Hələ görüşdən öncə hansısa inqilabi yekuna dair xüsusi illüziya bəsləməyin əbəs olduğu aydın idi. Tərəflərdən gələn ilkin açıqlamalar da göstərir ki, indi “nəticə nə oldu” deyil, “bu görüş niyə təşkil olunmuşdu” sualı daha aktual səslənir.

Blinkenin ümidləri

Görüşün nəticələrini şərh edən vasitəçi tərəf - ABŞ-nin Dövlət katibi A.Blinkenin ofisindən gələn açıqlamanın səthiliyi və süniliyi də qənaətimizi təsdiq edir: “Dövlət katibi Blinken dayanıqlı və layiqli sülh yolunda tərəflərin əldə etdiyi irəliləyişi yüksək qiymətləndirir və hər iki ölkəni razılaşmanın yekun mətninin sonlandırılması üçün fəaliyyəti davam etdirməyə səsləyir. Dövlət katibi qeyd edir ki, sülh razılaşması bölgəyə sabitlik və çiçəklənmə gətirəcək”. Və...?

Böyük dövlətlərin, xüsusilə də ABŞ-nin əsas xarici siyasət problemlərindən biri odur ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə kimi proseslərin tarixi barədə yetərincə və hərtərəfli məlumatları olmadığı halda, zorla və israrla öz kabinetlərində hazırladıqları “yol xəritələri”nin reallığa çevrilməsini arzulayırlar. Özü də bunun üçün nəinki real addımlar atırlar, hətta pozitiv nəticənin əldə olunmasına əngəl yaradan gedişlərdən belə çəkinmirlər. Məsələn, Blinken gələcək sabitlik və çiçəklənmədən danışır, ancaq ölkəsinin hərbi kontingentinin 30 il işğalçı olmuş və revanş hissi ilə yaşayan kvazidövlətin hərbçilərinə təlimlər keçdiyini “unudur”. Vaşinqtonda sülh “ümidi”ndədirlər, ancaq Avropada əsas müttəfiqlərinə çevrilmiş Fransanın işğalçı dövləti intensiv silahlandırmasına göz yumurlar. Məğlub olmasına və kapitulyasiya aktına imza atmasına baxmayaraq, 4 il əvvəlki razılaşmaya məhəl qoymayan dövlətin sürətlə militaristləşməsi fonunda hansı dayanıqlı sülhdən danışmaq olar?

ABŞ dövlət katibi sülhün regional sabitlik və çiçəklənməyə yol açacağını indi bəyan edir, özü də boğazdan yuxarı, - biz isə bunu son 30 ildir deyirik. Vaşinqton administrasiyası bütün bu zaman kəsiyində Cənubi Qafqaz bölgəsinin bu potensialını görmürdümü? Görürdülərsə, ATƏT-in Minsk qrupu niyə vəziyyətin dondurulması və de-fakto rejimdə qalması uğrunda geosiyasi alətə çevrilmişdi? İndi hansı çiçəklənmədən danışaq ki, Azərbaycan tək özünün deyil, bütün regionun iqtisadi tərəqqisinə gedən yolu özü qurub-yaradıb və bölgədəki bütün pozitiv dəyişikliklərin önündə durub? Gec deyilmi?

ABŞ seçkiləri üçün “sülh müqaviləsi”

Vaşinqtonun Parislə birgə Ermənistanla Azərbaycan arasında yekun sülhə dair hansısa çərçivə sənədinin imzalanmasına çalışması problemin çözümündən daha çox ABŞ-də keçiriləcək seçkilərin yekununa hesablanıb. Demokratların son hakimiyyətləri dövründə dünyanın yüzminlərlə insanın ölümünə səbəb olmuş qan çanağına çevrilməsi faktdır. ABŞ Ukraynada axan qanın heç də sonuncu səbəbkarı deyil və respublikaçıların namizədi Donald Trampın seçki kampaniyasında bu faktı xüsusilə qabartması Baydeni əvəzləyən Harrisin əsas başağrılarından biridir. Demokratlara hansısa geosiyasi uğur lazımdır və belə görünür ki, Vaşinqtonda Azərbaycanla Ermənistan arasındakı mümkün razılaşmanı ən optimal variant hesab edirlər.

Избранный
1
publika.az

1Источники