RU

Müharibə iştirakçısı: Çox sevinirəm ki, tarixi anları yaşamaq, qələbəyə doğru addım-addım irəliləmək nəsibim oldu

Müharibə

Bakı, 28 sentyabr, AZƏRTAC

“2020-ci ilin iyulunda ermənilərin törətdiyi təxribat nəticəsində general-mayor Polad Həşimovun, eləcə də digər hərbçilərimizin şəhid olması illərdir içimizdə yığılıb qalan nifrətin vulkan kimi püskürməsinə səbəb oldu. Əli silah tutan hər kəs səngərdə şəhid olan generalının, müxtəlif vaxtlarda törədilən təxribatlar zamanı şəhadətə yüksələn qəhrəman döyüşçülərin, mülki şəxslərin, uşaqların, otuz ilə yaxın davam edən torpaq həsrətinin, erməni vəhşiliklərinin qisasını almaq üçün ön cəbhəyə axın etdi. Xalqımız dəmir yumruq kimi birləşərək həm düşmənin, həm də onun havadarlarının başını əzərək tarixi Zəfər qazandı, ən əsası isə qisası qiyamətə qoymadı. 44 gün ərzində Azərbaycan Ordusunun əsgərindən zabitinə hər bir mənsubu bütün dünyaya meydan oxudu”.

Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi iştirakçısı Elçin Qasımov deyib.

Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşə yollanaraq Füzuli, Qubadlı, Laçın və Şuşa istiqamətində aparılan hərbi əməliyyatlarda iştirak edən E.Qasımov döyüş meydanında əldə edilən qələbənin, ordumuzun digər bölmələrinin azad etdikləri ərazi xəbərlərinin, xalqımızın dəstəyinin onun üçün ən unudulmaz xatirələrə çevrildiyini deyib: “Çətin də olsa şərəfli yol idi. Çox sevinirəm ki, bizim nəsilə, mənə tarixi anları yaşamaq, qələbəyə doğru addım-addım irəliləmək, o torpaqların hər cığırında iz salmaq nəsib oldu. Vətənimizi bütöv şəkildə görmək, həmin torpaqların öz sakinlərini sevinclə qarşılamasına şahid olmaq sözlə ifadə ediləsi hisslər deyil. Bunu ancaq döyüş meydanında Zəfərə can atan, atdığı hər addımda doğma torpaqlardan güc alan biri daha dərindən hiss edə bilər. Bizim Zəfər yolumuzda qəhrəman qardaşlarımızın ayaq izləri həkk olunub. Allahdan şəhidlərimizə rəhmət diləyirəm”.

E.Qasımov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Избранный
12
azertag.az

1Источники