RU

Nyu-Yorkda COP29-un BICFIT təşəbbüsünə dair müzakirələr baş tutub

Nyu-Yorkda

Nyu-York, 27 sentyabr, AZƏRTAC

Senyabrın 27-də Nyu-York şəhərində COP29 Prezidentiliyinin Yüksək Səviyyəli Çempionunun, İqlim Fəaliyyəti üzrə Qlobal Təşəbbüslər Qrupunun və Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin birgə təşəbbüsü ilə İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsündə (BICFIT) özəl sektorun roluna həsr edilmiş yan tədbir təşkil edilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirin açılış hissəsində COP29 Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai və COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov COP29 Prezidentliyinin BICFIT təşəbbüsünə dair məlumat veriblər. Tədbir çərçivəsində iki panel təşkil edilib.

BMT-nin Ticarət və İnkişaf Təşkilatının (UNCTAD) Nyu-York Ofisinin rəhbəri Xuan Xose Martinez Badillonun moderatorluğu ilə “İqlim maliyyəsi, investisiya və ticarət neksuku: qlobal, regional və milli platformalar” mövzusunda təşkil edilmiş paneldə BMT-nin Baş Assambleyasının 73-cü Prezidenti, Ekvadorun keçmiş xarici işlər naziri Mariya Fernanda Espinoza, Dünya Bankının İqlim Dəyişikliyi Qrupunun meneceri Sudharşan Canaqarajah, Beynəlxalq Valyuta Fondunun keçmiş İcraçı Direktoru, Misirin keçmiş investisiya naziri, 2030 gündəliyinin maliyyələşdirilməsi üzrə BMT-nin xüsusi elçisi Mahmud Mohieldin və hazırda iqlim üzrə çoxtərəfli inkişaf banklarının əlaqələndirici olan Asiya İnkişaf Bankının Prezidentinin baş müşaviri Tomoyuki Kimura BICFIT-in vaxtında irəli sürülmüş qlobal səviyyədə böyük ehtiyac duyulan innovativ təşəbbüs olduğunu vurğulayıblar.

Daha sonra BMT-nin İnkişaf Proqramının Dayanıqlı Maliyyə Habının rəhbəri Tomas Beloenin moderatorluğu ilə “İnklüziv iqlim maliyyəsinin təmin edilməsi” mövzusu üzrə ikinci panel təşkil edilib və Avropa Yenidənqurma və İnkişaf Bankının iqlim strategiyası bölməsinin rəhbərin Cyanpyero Naççi, “Fortescue Metals and Fortescue Future Industries” şirkətinin direktorlar şurasının üzvü Jan Baderşnayder, “Veritas Qrup” şirkətinin dayanıqlılıq bölməsinin rəhbəri Lor Mandru, ABŞ da yerləşən strateji və beynəlxalq məsələlər üzrə beyin mərkəzinin direktoru Noam Unger və “Bil and Melinda Qeyts” Fondunun nümayəndəsi Mat Eldriq iqlim maliyyəsində innovativ yanaşmaların müəyyən edilməsində və qlobal dekarbonizasiya prosesində BICFIT-in mühüm rolundan danışıblar.

Qeyd olunub ki, bu təşəbbüs əsasında ilk dəfə iqlim maliyyəsi, investisiya və ticarət bir araya gətirilir və bu COP29 Prezidentliyi tərəfindən dünya üçün vacib qlobal irs yaradacaq.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Избранный
11
3
azertag.az

4Источники