RU

“Zəfərin müqəddiməsi” - elmi sessiya

Bakı, 27 sentyabr, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Zəfərin müqəddiməsi” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan muzeyin direktoru akademik Rafael Hüseynov 44 günlük Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalq-ordu birliyi sayəsində tarixi Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur hissi doğurduğunu bildirib. O, 30 ildən çox işğal altında olan şəhər və kəndlərimizin azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa ediməsi və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğulayıb. Direktor qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Akademik Rafael Hüseynov XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımları törətdiklərini, deportasiyalar həyata keçirdiklərini deyib, 20 ildən artıq müddətdə müxtəlif beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı geniş müzakirələr aparıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsi zamanı qazanılan şanlı Zəfər tariximizin ən parlaq səhifəsinə çevrildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında misilsiz uğura imza ataraq tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi.

O, 44 gün davam edən müharibə dövründə Prezident İlham Əliyevin dünyanın müxtəlif ölkələrinin media nümayəndələrinə beynəlxalq hüququn prinsiplərinə, tarixi həqiqətlərə və siyasi reallıqlara əsaslanan müsahibələr verdiyini bildirib. Vurğulayıb ki, dövlətimizin başçısı müsahibələrində Azərbaycan tərəfinin illərdən bəri sülhpərvər mövqe nümayiş etdirdiyini, erməni tərəfinin isə destruktiv mövqedə qalaraq danışıqlar prosesini tükəndirdiyini inkarolunmaz dəlillərlə sübut edib. Həmçinin Azərbaycanın tarixi irsinə aid olan mədəni abidələrin məhv edildiyini, hüquqi baxımdan Azərbaycana məxsus olan işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırmanı, münaqişənin sülh yolu ilə həllinə məsul olan Qərb ölkələrinin ikili yanaşmasını, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin ədalətsiz və qeyri-adekvat mövqelərini kəskin tənqid edib.

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamı xatırladan akademik Rafael Hüseynov bildirib ki, Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda Dövlət Bayrağımızın dalğalanması və ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşıb.

“Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır”, - deyən alim ölkəmizdə güclü, iradəli, vətənpərvər, milli-mənəvi dəyərlərimizə bağlı olan və qələbələrə köklənmiş gənc nəslin yetişdirildiyini qeyd edib.

Çıxışının sonunda akademik Rafael Hüseynov bizə Qələbə bəxş edən şəhidlərin xatirəsinin qəlblərdə daim yaşayacağını, göstərdikləri fədakarlıq və qəhrəmanlıqların heç zaman unudulmayacağını, onların haqqında silsilə əsərlərin yazılacağını vurğulayıb.

Daha sonra çıxış edən muzeyin Komparativistika və bədii tərcümələr şöbəsinin müdiri professor Şəfəq Əlibəyli şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində son illər ardıcıl olaraq mühüm işlərin görüldüyünü bildirib. Professor Vətən uğrunda şəhid olan bütün Azərbaycan övladlarının tanıdılmasının, gələcək nəsillərə bu ideologiyanın ötürülməsinin ən vacib məsələlərdən olduğunu diqqətə çatdırıb.

Избранный
15
azertag.az

1Источники