“Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırır. Həmçinin, Ermənistan hakimiyyətini vasitə kimi istifadə edərək tək Azərbaycana deyil, bütün qonşu dövlətlərə qarşı istifadə etmək Qərbin əsas marağıdır”.

Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev deyib.

Komitə sədri bildirib ki, müxtəlif ölkələr özlərinin daxili və xarici siyasəti olmayan Ermənistanın guya arxasında dayanaraq onlardan vasitəçi kimi istifadə edir.

Onun sözlərinə görə, Ermənistan qələbəmizi həzm etməyən ölkələrlə əlbir olub Azərbaycana qarşı məkirli siyasət aparır. A.Nağıyev əlavə edib ki, ən ciddi məsələlərdən biri sərhədlərimizin qorunmasıdır:

“Ermənistanla sərhədlərin demarkasiya və delimitasiyası başlayıb. Məlum olduğu kimi, 13 kilometr delimitasiya və demarkasiya olunub. Beş yüz kilometrə qədər sərhəd ciddi relyefi olan ərazilərdən keçir. Burada bərkitmə işlərinin aparılması, müasir istehkam qurğularından istifadə olunması mühüm məsələdir. Belə ki, həmin ərazilər əsasən yüksəkliklərdir. Burada da qulluq keçmək üçün komandolar, eyni zamanda yeni hərbi birləşmələrin yetişdirilməsi vacibdir. Ona görə ki, Ermənistandan hər an müəyyən təxribat gözləmək olar.

Belə ki, Ermənistan və Azərbaycan arasındakı şərti sərhəddə vizual kəşfiyyatçılar dayanaraq Qərbə yalan məlumatlar ötürürlər. Fransa bu məsələdə daha çox fəallıq göstərir. Erənistanın silahlanması üçün yardımlar olunur. Bunlar Azərbaycanın müstəqil daxili və xarici siyasətini, eyni zamanda qələbəmizi həzm edə bilmirlər. Ona görə də Prezident İlham Əliyev bu istiqamətdə mühüm mesajlar verdi. Ermənistan və onun arxasında dayanan istənilən qüvvə və ölkə bilməlidir ki, Azərbaycanın dönməz daxili, xarici siyasəti var. Hər hansı təhdidin qarşısının alınması üçün bizim güclü ordumuz, xüsusi xidmət orqanlarımız və hərbi birləşmələrimiz var”.